Skip to main content

“Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi“ layihəsi çərçivəsində təlim keçirilmişdir

15/04/2022

31 mart-7 aprel 2022-ci il tarixlərində Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının əsas benefisiar olduğu “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi“ layihəsi çərçivəsində elmi müəssisə və təşkilatınların akkreditasiyası qaydalarına dair təlimlər keçirilib. Layihə “IBF International Consulting“ şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Layihənin məqsədi Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq təhsilin doktorantura səviyyəsində daxili və xarici keyfiyyət təminatı prosesinin qurulması və elmi müəssisələrin akkreditasiyası üzrə yeni mexanizmlərin tətbiqini təşkil etməkdir. Bu məqsəd çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə bağlı qaydaların hazırlanması, kadrların bacarıqlarının artırılması və akkreditasiya prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.

31 mart-1 aprel tarixlərində keçirilən ilk təlimin iştirakçıları Ali Attestasiya Komissiyasının əməkdaşları olmuşdur. Bu təlimdə pilot akkreditasiyadan əldə olunan məlumatlar, akkreditasiya prosesində Komissiyanın əməkdaşlarının rolu, prosedurlar və akkreditasiya tələbləri əhatə olunmuşdur.

4-5 aprel tarixlərində təşkil edilmiş ikinci təlimin iştirakçıları ölkənin müxtəlif elmi müəssisə və təşkilatlarının əməkdaşları olmuşdur. Təlimdə akkreditasiya prosesində elmi müəssisələrin əməkdaşlarının rolu, hüquq və vəzifələr, akkreditasiya prosedurları və tələbləri ilə əlaqəli mövzular əhatə olunmuşdur.

6-7 aprel tarixlərində təşkil edilmiş üçüncü təlimin iştirakçıları müxtəlif sahələr üzrə tanınmış ekspertlər olmuşdur. Təlimdə akkreditasiyada ekspertlərdən gözlənilən nəticələr, akkreditasiya prosedurları və tələbləri mövzuları əhatə olunmuşdur.

Təlim iştirakçılarına həmçinin layihə tərəfindən hazırlanmış onlayn akkreditasiya platforması təqdim olunmuş, platformada hesabatların təqdim edilməsi, nəzərdən keçirilməsi və müxtəlif istifadəçilərin rolları haqqında ətraflı məlumat təqdim edilmişdir.