Skip to main content

Avropa İttifaqının nümayəndəliyi Beynəlxalq Qadınlar Gününü qeyd edir

09/03/2023

Bu gün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi Azərbaycan qadınlarının nailiyyətlərini etiraf etməklə və “Qadın böyük qüvvədir” kampaniyasına qatılmış qadınlara minnətdarlığını bildirməklə Bakının “The Rotunda” məkanında təşkil edilmiş ziyafətdə Beynəlxalq Qadınlar Gününü qeyd edir.

“Qadını nə güvvətli edir? Qadınlar bu gücdən necə istifadə edirlər? Hər yerdə cəmiyyətlərə böyük təsir edən qadınlarla rastlaşırıq və Azəybaycan bu baxımdan istisna ölkə deyil”, – deyə Avropa İttifaqının Azərbaycan Respublikasında səfiri Petr Mixalko bildirmişdir. “Avropa İttifaqı, kampaniyamızın simasına çevrilmiş, müxtəlif sahələri təmsil edən, qüvvəti ilə digərlərini ruhlandıran 27 Azərbaycan qadını ilə tərəfdaşlıq ruhunda Beynəlxalq Qadınlar Gününü qeyd etməkdən qürur hissi keçirir. Avropa İttifaqı Azərbaycanda qadınlara fayda verən və nəticələrindən böyük qürur hissi keçirdiyimiz bir neçə layihəyə dəstək verir. Bu qadınlardan bəzilərini bu gün özünüz eşidəcəksiniz”, – deyə səfir Mixalko əlavə etmişdir.

Tədbir zamanı səfir Mixalko kampaniyada iştirak edən, mədəniyyət, təhsil, idman, vətəndaş cəmiyyəti, işgüzar dünya, səhiyyə sahələrində fəaliyyət göstərən, həmçinin kişilərin hökmranlıq etdiyi pilot və mühafizəçi peşələrinə yiyələnmiş qadınları təbrik etmişdir. “Bəxtimiz gətirib ki, bu kampaniyanın siması olan 27 qadından bəziləri bu gün bizimlədir. Bu qadınlar təkcə gördükləri iş və kampaniya zamanı verdikləri ismarışlarla bizi ruhlandırmamışdır. Onların gələcək nəsilləri də şövqə gətirəcəklərindən, qarşıdan gələn illər ərzində gənc Azərbaycan xanımları və qızları üçün bir örnək olacaqlarından əminik”, – deyə səfir Mixalko vurğulamışdır.

Kampaniyanın ayrı-ayrı hissələrinin təqdimatı, Avropa İttifaqının maliyyələşdirdiyi layihələrin qadın benefisiarlarının çıxış və nitqləri, həmçinin kampaniyaya qatılmış qadınların təmsil olunduğu ziyafətdə Avropa İttifaqına üzv ölkələrin səfirləri də iştirak etmişdirlər. Ziyafət, kampaniyaya həsr edilmiş videoçarxlar nümayiş etdirildikdən və sertifikatlar verildikdən sonra “Ahmedovski” caz qrupunun ifası ilə başa çatdırılmışdır. Tədbir şəbəkə yaratmaq üçün əla bir imkan olmaqla nəinki kampaniyanın simaları, ümumiyyətlə, Azərbaycanda bütün qadınların nailiyyətləri qeyd etmək şəraitini təmin etmişdir.

Avropa İttifaqı Azərbaycanda gender bərabərliyi səpkisində bir sıra layihələrə dəstək verir. Əlavə məlumat üçün https://eu4azerbaijan.eu/projects/ internet saytına buyurub müraciət edə bilərsiniz.

Ümumi məlumat: Avropa İttifaqının 2020-2025-ci illər üçün yeni Gender Bərabərliyi Strategiyasında gender əsaslı zorakılığa son qoymaq, gender stereotiplərinin gerçəkliyini şübhəyə almaq, əmək bazarında gender əsaslı fərqləri daraltmaq, iqtisadiyyatın müxtəlif sahələrində bərabər iştirakçılığa nail olmaq, əmək və pensiya haqqında gender əsaslı fərqləri aradan qaldırmaq, qərarvermə proseslərində və siyasətdə gender tarazlığını əldə etmək kimi bir sıra məqsədlər vardır.