Skip to main content

COVİDİN AÇDIĞI QAPILAR

22/09/2023

Covid-19 pandemiyası çoxumuzu qapıları bağlayıb evdə oturmağa məcbir edəndə, onlar, əksinə, qapıları açırdılar. Özü də Bakıda yox, Şamaxının ucqar kəndlərində – Quşçuda, Birinci Çaylıda, Göylərdə, Çuxuryurdda, Məlikçobanlıda, Sabirdə.

Azərbaycan Tibb Universitetinin, 1 və 2 saylı Bakı Tibb Kolleclərinin 30-dan çox  tələbəsini bir araya gətirən Avropa İttifaqının maliyyələşdirdiyi, Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi yerli əhali arasında Covid-19 barədə məlumatlılığın artırılması, böyüklərin və uşaqların vaksinasiyası, eləcə də kardiovaskulyar və diabet risklərinin qiymətləndirməsi, uşaqların çəki və boylarının ölçülməsi kimi tədbirləri əhatə edirdi.

Ötən ilin aprelində Məkanə Abbaslı, Cəmilə İsmiyeva və Leylaxanım Kərimli layihə çərçivəsində Avropa İmmunlaşdırma Həftəsi qoşulanda bilmirdilər ki, onlar təkcə ixtisas təcrübəsi deyil, həm də böyük bir həyat təcrübəsi qazanacaqlar.

Onlar artıq tələbə deyillər. Tələbəlik illərinin son ilinin bu ilginc təcrübəsini isə sonsuz minnətdarlıq və xəfif nostalji hissilə xatırlayırlar.

Cəmilə İsmiyeva, 1 saylı Bakı Tibb Kollecinin məzunu

Düzü, təbitən o qədər ünsiyyətçil deyiləm, mənim üçün insanlarla kontakta girmək o qədər də asan deyil. Şamaxıda isə biz kəndi qapı-qapı gəzib ailələrlə söhbət etməli, uşaqları peyvənd etməli, eyni zamanda ürək xəstəlikləri risk amillərinin müəyyənləşdirilməsi məqsədilə insanları skrininq testindən keçməyə dəvət etməli idik. Əvvəl-əvvəl çətin idi. Amma hər saat, hər gün təcrübə qazandığımı hiss edirdim. İşim mənə hədsiz zövq verirdi.

Düşünürəm ki, ən böyük qazancım ünsiyyət kompleksini aradan qaldırmağım oldu.

Leylaxanım Kərimli,  1 saylı Bakı Tibb kollecinin məzunu

Eşidəndə ki, lahiyəyə seçilən tələbələr arasında mən də varam, çox sevinmişdim. Amma görəcəyim iş barədə heç bir təsəvvürüm yox idi. Məni nələr gözlədiyini təxmin belə edə bilmirdim…

İlk təlimatları Şamaxıda müəlimlərimizdən aldıq. Onlar bizə kənd sakinləri ilə ünsiyyət qurmağın sirlərini bölüşürdülər. Biz anlayırdıq ki, əhaliyə çatdıracağımız məlumat,  görəcəyimiz işin uğuru, ilk növbədə, insanlarla ünsiyyətdən asılıdır. Onlar bizə inanmalı idilər. Biz 3 komandaya ayrılmışdıq. Təlim başa çatdıqdan sonra komandaların hansı kəndə gedəcəyini müəyyən etmək üçün püşkatma oldu. Bizim komandanın gedəcəyi ilk kənd Quşçu kəndi oldu. Quşçu ucqar dağ kəndidir. Burada işləmək o qədər asan deyildi. Bizə verilən tibbi ləvazimatları götürüb kəndi tanıyan icra nümayəndəsi ilə evlərə doğru yola düşüb işə başladıq. Qapısını döydüyümüz ilk evdə insanlar tərəddüd içində idi. Bizi tanımırdılar deyə çəkinirdilər. Amma bu çox az çəkdi. Özümüzü təqdim edib ev sahibinə və uşaqlara xoş münasibət göstərdik. Bu, cavabsız qalmadı. Ailə də bizə səmimiiyyətlə cavab verdi.  Ana və atada Covid-19 əleyhinə peyvəndlənmə tam olmadığından biz onlara tam doza vaksinin sağlamlıqları üçün önəmli olduğunu anlatdıq. Onlar bizimlə razılaşdılar, tam doza aldılar.

Evdəki az yaşlı uşaqlarda da peyvəndlənmə tam olmamışdı. Uşaqlara dedik ki, məntəqəyə gələrlərsə, onlara tam ödənişsiz peyvənd vurulacaq. Amma işimiz bununla bitmirdi. Uşaqların

yaş dövrlərinə görə inkişaflarının nə dərəcədə normal getdiyini bilmək üçün müayinələr aparırdıq, onların boyunu, çəkisini ölçürdük.

İki-üç günün içində kənddə artıq bizi hamı tanıyırdı. Onlar artlıq özləri bizi evlərinə dəvət edirdilər. Kəndin tibb məntəqəsi uzaq olduğu üçün dağətəyi hissədə yaşayan yaşlı kəndlilər ora gəlməyə çətinlik çəkirdilər. Belədə biz özümüz onların evlərinə gedir, müayinələri elə evdə edirdik.

Hər ötən gün kənd camaatını bizə daha da yaxınlaşdırırdı. Biz Quşçuda 4 gün qaldıqdan sonra onlardan doğmalarımız kimi ayrıldıq və Birinci Çaylı kəndinə yola düşdük. Hamımız ilk baxışdan Birinci Çaylının təbiətinə, daha sonra isə səmimi və sevgi dolu insanlarına vurulduq.

Bİzə elə gəlirdi ki, onlar Quşçu kəndinin sakinlərindən fərqli olaraq, bizdən ehtiyat etmirlər. Bəlkə də, bu, doğrudan da, belə idi. Bəlkə də, biz artıq özümüzə daha çox inanırdıq, insanlarla daha rahat dil tapırdıq.

Mənim təhsil illərim pandemiya dövrünə təsadüf etdiyi üçün pasiyentlərlə iş təcrübəm az idi,

onlarla çox kontaktda ola bilməmişdim. Bu layihədə iştirak mənə pasiyentlər və müxtəlif sağlamlıq sorunları olan insanlarla zəngin ünsiyyət təcrübəsi verdi.

Məkanə Abbaslı, Azərbaycan Tibb Universitetinin məzunu

Ötən il Şamaxıya yollananda mən sonuncu kurs tələbəsi idim. İndi isə Mərkəzi Gömrük Xəstəxanasında anestezioloq-reanimatoloq həkim kimi rezidentəm. Hər gün anestezioloji baxışda xəstədən ətraflı anamnez toplaya biləndə Şamaxıda “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində iştirakçısı olduğum Avropa İmmunlaşdırma Həftəsini minnətdarlıq hissi ilə xatırlayıram.

Universitet illərində yaxşı tələbə olsam da, nəzəri biliklərimi heç zaman tətbiq etmək imkanım olmamışdı. Onu da deyim ki, təbiətən bir qədər utancağam. Şamaxıda biz xəstələrlə tək qalanda öyrəndiklərimi tətbiq etmək kimi gözəl bir fürsət qazandım.  Anamnez toplamaq üçün xəstələrlə necə söhbət etməyi də orada öyrəndim. Mən çəkingənliyimə üstün gəldim.

İstərdim ki, tələbələr qismətlərinə düşən imkanları hər zaman düzgün qiymətləndirsinlər, ondan peşəkar kimi yetişmək üçün yararlana bilsinlər.