Skip to main content

Yeganə və Mətləb Nuriyevlərin nar kimi min bir dənəli hekayəsi

Avropa İttifaqının “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP) layihəsinin benefisiarı Yeganə Nuriyevanı hamı Göyçay rayonunun Qaraməryəm kəndindəki  “Nar vadisi” turizm məkanının sahibəsi kimi tanıyır. Yeganə xanımsa bu rəsmi təqdimata qulaq asanda bir qədər qımışır. Ona nar bağı barədə sual verəndə: “Məndən yox,  Mətləbdən soruşun, o yaxşı bilir. O bağ Mətləbin 18 illik gecəsi-gündüzdür,- deyir.

Üzümü Mətləb bəyə tuturam. O isə: “Bİr neçə il bundan əvvəl bağı atmaq istəyirdim. Təmiz ruhdan düşmüşdüm. Yeganə olmasa idi, yəqin, hər şeyi atacaqdım. Yeganə gəldi, torpağa can verdi,”- deyir…

Onlara qulaq asdıqca gözümün önündə saf, şux, yumruq kimi möhkəm, adama gəl-gəl deyən bir nar canlanırdı. Söhbət etdikcə, mənə elə gəlirdi ki, narı kəsirəm, onun sirlərini öyrənmək istəyirəm. Dənələr mərcan kimi dənələnirdi – ya Almaniyaya qaçırdı, ya Fransaya, ya da Azərbaycana. Onları yığıb-yığışdırmaq olmurdu…

Mətləb: 2020-ci ilin payızı idi. Bağ məni yaman yormuşdu. Onda istədim ki, ağacları kəsəm. Amma əlim qalxmadı… Valideyn öz uşaqlarını tanıyan kimi mən də 2500 ağacın hamısını bir-bir tanıyaram. Hamısında zəhmətim var. Onda Yeganə mənə qoşuldu.

Yeganə: Həmin vaxt sonbeşiyimiz Fransaya oxumağa getdi. Oğlumun getməsi ilə ev tam boşaldı. Qızlarımız neçə il idi ki, Almaniyada oxuyurlar. Birdənbirə təkliyimi hiss etdim. Vicdanım yol vermədi, Mətləbə qoşulub Bakıdan kəndə gəldim. O zaman sahədə balaca bir otağımız vardı, şəraitsiz. Gündüz bağda işləyib axşam İsmayıllıdakı evimizə qayıdırdıq. Fevral idi. Əllərimiz dona-dona ağacları budayırdıq. İşçi tutmağa pulumuz yox idi. Heç kim bizə kömək etmirdi. Çoxları Mətləbi qınayırdılar. Deyirdilər, biz fikirləşirdik ki, sən Bakıya gedib bizi də arxanca aparacaqsan. Sənsə kəndə qayıtdın. Vicdandan deyildi. Mən Mətləbi tək qoya bilməzdim. Axı bu bağ üçün o, illərlə İsmayıılı, Göyçay, Bakı arasında yollarda qalıb.  

Mətləb Göyçayın Şahsoltanlı, Yeganə isə İsmayıllının Mican kəndindəndir. Qaraməryəmdəki 20 hektarlıq torpaq sahəsini Mətləb Nuriyev 2000-ci illərin əvvəlində pay torpaqları bölünərkən alıb. O zaman Nuriyevlər artıq on il idi ki, Bakıya köçmüşdülər. Mətləb ixtasasca texnoloq olsa da, ösünüməşğulluqla pul qazanırdı. Yeganə tibb bacısı kursunu bitirsə də, işləmirdi. Uşaqlara baxırdı.

Yeganə: Mətləbin əlindən gəlməyən iş yoxdur. Ailəni dolandırmaq üçün həmişə çox zəhmət çəkib, müxtəlif sənətlərə yiyələnib. Texnoloq olsa da, Mətləbdə birdənbirə torpağa məhəbbət baş qaldırdı. Nə əkəcəyinə özü qərar verdi. Dedi ki, Göyçayınkı nardır. 4 hektarda nar əkdi. Bir necə ildən sonra narları şaxta vuranda bağı təzədən saldı. Bu illər ərzində bizim uğur qazanacağımıza inanan insanlar çox az olub. Mətləbsə özünə həmişə inanırdı.

Mətləb: Bu yerlərin ən böyük problemi sudur. Ağaclar nə qədər ki balaca idilər su çatdıra bilirdim. İnid vəizyyət çətinləşib. Narı həftədə iki dəfə sulamaq lazımdır. Bu işdə zülüm çəkirik. Qazancımızın 20 faizi suya gedir…

Ərazinin 4 hektarında göl var. Əvvəl qurğu düzəltmişdim, ağacları gölün suyu ilə sulayırdım. Sonra bu az oldu. Yaxınlıqda arx var, amma oradan bura su çəkmək üçün 25-30 min azn. maliyyə lazımdır. Hələ ki buna imkanımız yoxdur. Susuzluqdan evin ətrafını yaşıllaşdıra bilməmişəm. Deyəsən, bir az gecikmişik..  Nar mövsümü bitəndən sonra buralar çılpaq görünür. Bizsə turizmlə məşğul oluruq, gərək insanlar, turistlər üçün bu yerlər cəlbedici olsun.

2021-ci ildə elə fevral ayında Nuriyevlər burada – Nar bağında ev tikməyə qərar verdilər. Həmin günlərdə Yeganənin qardaşı Şahinin dəstəyi yerinə düşdü.

Yeganə: Şahin 30 ildir ki, Moskavada yaşayır. Amma vətəninə, torpağa çox bağlıdır. Düzü, aqronom Zaur müəllimlə də bizi o tanış etdi. Zaur müəllim bizə ağaclara aqrotexniki qulluğu öyrətdi. Günlərin birində isə o, bizə STEP layihəsinin meneceri Səbuhi Həsənovla qonaq gəldi. Biz onda STEP layihəsi ilə tanış olduq. Layihə bizə evimizi turizm məkanına çevirməyi təklif etdi. Evi artıq layihənin tələblərinə uyğun olaraq qurmağa başladıq. Avropa İttifaqının maliyyə dəstəyi ilə xeyli avadanlıq aldıq – mebel, kondisioner, soyuducu, paltaryuyan maşın. Biz özümüz birinci mərtəbə geniş hamam otağı tikmişik. Layihənin təklifi ilə ikinci mərtəbədə də hamam tikdik.

Mətləb: Hamamı öz büdcəmin hesabına tikdim. İndi ikinci mərtəbədə yataq otağı, qonaq otağı, mətbəx və hamam var. Mən gələcək haqqında düşünürəm.  Açığını deyim, hələ ki qonaqlar bizdə maksimum iki gün qalırlar. Bura, əsasən, balıq tutmaq istəyənlər gəlir. Amma bir göllə kifayətlənmək olmaz. Gölün ətrafında bir-iki ev tikmək istəyirəm. Bir də görürsən ki, eyni gündə iki müştəri müraciət edir. Belədə yox demək istəmirsən. İnsanlar üçün maraqlı ola biləcək yerlər kəşf edirəm. Buradan 5-6 km. uzaqda Qafqaz sıra dağlarının bitdiyi yerdə bir dağ var, oradan Aran zonası ovuc içi kimi görünür. İnsanlara bu yerləri tanıtmaq lazımdır. Bir-iki dəfə qonaqları ora aparmışam, hamı heyrətlənir… 

Bakıda işlərimi yekunlaşdırım, kənddə köcəyəm. Yaş keçdikcə, torpaq adamı özünə çəkir…

Nuriyevlər təkcə Azərbaycanı kəşf etmirlər. Biz söhbətləşəndə onlar bir neçə gün idi ki, Avropadan qayıtmışdılar. Əvvəl Almaniyada qızlarının qonağı olmuşdular. Sonra Fransaya getmişdilər.

Yeganə: Uşaqlar nə qazanıblarsa öz zəhmətlərinin hesabına qazanıblar. Əvvəl böyük qızım getdi. Sonra kiçik qızım alman dilini öyrəndi, rezidentura təhsili üçün yollandı. O, çox əziyyət çəksə də, axır ki, qəbul olundu. Oğlum Xəzər Universitetində oxuyanda Erazmus+ proqramı ilə Polşaya getmişdi. İndi Parisdə doktoranturada həm oxuyur, həm də işləyir. Maliyyəçi olacaq. Almaniyada qalandan sonra oğlum bizi Parisə apardı. Onun otaq yoldaşı fransızdır, çox yaxşı uşaqdır. Bizi Parisdə o gəzdirdi. Hüqonun ev-muzeyində olduq. Luvra gedə bilməsək də, Monenin şəkillərinə baxa bildim. Mənim xalam oğlu rəssamdır. Mənə tapşırmışdı ki, Monenin şəkilərinə mütləq bax…. İnşalllah, qismət olsun, siz də gedib baxarsınız…

Söhbətin bu yerində Yeganə xanım məni Nar vadisinə də qonaq çağırdı. Dedi ki, turist kimi yox, qonaq kimi gələ bilərəm, göz üstə yerim var. Mənsə fikrə getdim – Parisə getsəm yaxşıdır, yoxsa Qaraməryəmə?