Skip to main content

ÜST və BMT-nin Uşaq Fondu Azərbaycan səhiyyəsinin rəqəmsallaşdırılmasına dəstək olur

17/02/2023

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəsi çərçivəsində ÜST-nin Avropa üzrə Regional Ofisinin ekspertləri İmmunizasiya üzrə İnformasiya Sisteminin qiymətləndirilməsi missiyası məqsədilə Azərbaycanda beşgünlük səfərdədir.

Missiya müddətində İmmunizasiya üzrə İnformasiya Sistemi, qeydiyyat  və hesabatlılıq, rəqəmsal alətlər və tibbi personalın mövcud alətlər üzrə hazırlığı, xidmətlərin çatdırılması prosedurları, peyvənd təchizatı sistemi və monitorinq metodologiyaları üzrə qiymətləndirmə aparılır. Səfər zamanı ekspertlər mövcud sistemlə əyani tanış olmaq üçün yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşlarla görüşüb, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində qiymətləndirmə aparıb. Sabah ekspertlər qrupunun Quba rayonunun Gigiyena və Epidemiologiya Mərkəzi və tibb müəssisələrinə ziyarəti nəzərdə tutulub.  

Missiya çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirinin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov, habelə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in digər rəsmiləri ilə keçirilən görüşlərdə ölkədə  səhiyyənin gücləndirilməsi üçün immunlaşdırma üzrə məlumat sisteminin əhəmiyyəti, vaksinasiyanın əhatə dairəsi və elektron səhiyyə strategiyası kimi müxtəlif mövzular müzakirə olunub. Dövlət rəsmiləri səhiyyə sisteminin rəqəmsallaşdırılmasının Azərbaycan hökumətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib.  

Azərbaycan da daxil olmaqla, 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və rutin immunlaşdırma proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən, Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üç il müddətində COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəsini həyata keçirməyə başlayıb. Layihə Avropa İttifaqı və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.