Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlim keçirilmişdir

18/10/2023

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəstək məqsədilə icra etdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 17 oktyabr 2023-cü il tarixində “Ümumi təhsil müəssisələrinin pilot akkreditasiyası” mövzusunda onlayn formatda təlim keçirilib.

Layihə tərəfindən beynəlxalq təcrübəyə uyğun olaraq ümumi təhsil müəssisələrinin akkreditasiyası üçün istiqamət və meyarlar hazırlanmışdır və bu meyarların pilot sınağının keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə beynəlxalq ekspert Qrem Pollok ümumilikdə 9  ekspertə onlayn təlim keçib. Təlim ümumi təhsil müəssisələrinin akkreditasiyası, akkreditasiya meyar və prosedurları, akkreditasiya hesabatlarının hazırlanması və sual-cavab sessiyasını əhatə edib.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.