Ali Attestasiya Komissiyası elmi müəssisələrin akkreditasiyası və keyfiyyət təminatı sahəsində Xorvatiya təcrübəsini öyrənir
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasının Zaqreb şəhərinə işgüzar səfəri 05-06 may tarixində baş tutub.
Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.
Səfərin məqsədi elmi müəssisələrin akkreditasiyası və keyfiyyət təminatı sahəsində Xorvatiya təcrübəsi ilə tanış olmaq və analoji sistemin Azərbaycanda yaradılmasını dəstəkləməkdir. Səfər çərçivəsində Xorvatiya Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Agentliyin, Ruder Boskovic İnstitutunun, habelə onun təcrübə mərkəzlərinin və laboratoriayalarının məsul şəxsləri ilə görüşlər keçirilib və iş prosesi ilə yaxından tanış olunub.
Görüşlərdə elm və tədqiqatda keyfiyyət təminatı və akkreditasiya üzrə siyasət və hüquqi çərçivə haqqında məlumat əldə edilib, elmdə qiymətləndirmələrin aparılması üçün maliyyə və institusional məsələlər müzakirə edilib, elmi fəaliyyət üçün ilkin akkreditasiyada ekspertiza, elmi təşkilatların yenidən akkreditasiyası, elmdə tematik qiymətləndirmə, doktorantura proqramlarının yenidən akkreditasiyası, rəqəmsallaşdırma və qiymətləndirmələrin arxivləşdirlməsi təcrübəsi öyrənilib və əməkdaşlıq imkanları müzakirə edilib, elmi müəssisə və onun laborotoriyaları səviyyəsində keyfiyyət təminatı məsələləri və əldə edilən nailiyyətlər nəzərdən keçirilib.