Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində yerində qiymətləndirmə keçirilib

27/10/2023

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 26-27 oktyabr tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, 31 oktyabr-1 noyabr tarixlərində isə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində pilot akkreditasiya prosesinin bir hissəsi olaraq yerində qiymətləndirmə həyata keçirilib.

Pilot akkreditasiyanın məqsədi layihənin ekspertləri tərəfindən beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmış, yerli şərait və qanunvericiliyə uyğunlaşdırılmış akkreditasiya istiqamətləri və meyarlarının sınaqdan keçirilməsi olub. Pilot akkreditasiyanın ilkin mərhələsində yuxarıda adı keçən peşə təhsili müəssisələri tərəfindən özünütəhlil hesabatı hazırlanıb və həmin hesabata uyğun olaraq yerində qiymətləndirmə həyata keçirilib. Yerində qiymətləndirmə zamanı müəssisənin əməkdaşları, tələbələr, valideynlər və işəgötürənlərlə görüşlər keçirilib və peşə təhsili müəssisələrinin infrastrukturuna baxış keçirilib.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.