Skip to main content

Şərq Tərəfdaşlığı Avropa Məktəbində şagird qəbulu

30/01/2021

Avropa İttifaqı Tbilisidə fəaliyyət göstərən Şərq Tərəfdaşlığı Avropa Məktəbində xüsusi diplom proqramı üzrə şagird qəbuluna başlayır.

Avropa və Avropa İttifaqı haqqında biliklərini artırmaq istəyən Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan 16-17 yaşlı şagirdlər 2021-ci il fevralın 26-na qədər sözügedən proqram üzrə təhsil almaq üçün təqaüd almaq məqsədilə ərizə qəbulunda iştirak etməlidirlər.

Avropa İttifaqı, seçim prosesindən keçmiş bütün şagirdlərə təhsil haqqı, yaşayış və məktəbdə qidalanma, Tbilisidən evə qayıtma xərclərini, eləcə də bütün lazımi tədris materialları və resurslarla təminat və tibbi sığortanı əhatə edən tam təqaüd təklif edir.

Tbilisidəki Şərq Tərəfdaşlığı Avropa Məktəbinin məzunlarına 75 ölkədə 2000-dən artıq universitetdə qəbul olunan və dünyanın bir çox kollec və universitetləri tərəfindən geniş tanınan Beynəlxalq Bakalavriat (IB) diplomu verilir.

Aİ tərəfindən maliyyələşdirilən təqaüd proqramı, altı ŞT ölkəsindən 40-a yaxın şagirdin Avropaşünaslıq ixtisası üzrə IB diplomu almasına dəstək olacaq. Şərq Tərəfdaşlığı Avropa Məktəbi Proqramı, Gürcüstanın paytaxtı Tbilisidə “New school” beynəlxalq məktəbi tərəfindən 2021-2022-ci tədris ilindən başlayaraq iki illik universitet öncəsi tədris kursunu əhatə edir.

Bu əvəzsiz diplom proqramı Avropa məktəblərinin təhsil sistemindən ilhamlanan ixtisaslaşmış tədris ilə nəzəri bacarıqları birləşdirir. Təhsil, inşa və tədris fəaliyyətləri boyunca şagirdlərə Avropa dilləri, ədəbiyyatı və tarixi haqqında biliklərini dərinləşdirərək Avropanın multikulturalizm və çoxdillilik dəyərlərini təbliğ edən Avropa yönümlü təhsil proqramı tədris olunacaq.

Şərq Tərəfdaşlığı Avropa Məktəbi, altı ŞT ölkəsində gənclər üçün təhsil imkanları və regionlararası mübadiləni gücləndirmək istiqamətində Avropa İttifaqı və tərəfdaş ölkələrin səylərinin bir hissəsi olaraq yaradılmışdır. 2020-ci ilin sentyabrında 40-a qədər şagird qəbul edən məktəbdə hal-hazırda bu proqram üzrə 65 şagird təhsil alır. 23 iyun 2020-ci il tarixində 30 nəfərlik ilk qrup məktəbin məzunu olub. 20 nəfər qız daxil olmaqla bütün şagirdlər IB diplomu almış və ali təhsilini Avropa, ABŞ və öz ölkələrindəki universitetlərdə davam etdirirlər.

Maraqlanan şagirdlər göstərilən tarixə qədər internet səhifəsi vasitəsilə müraciət etməlidirlər: www.eapeuropeanschool.eu 26 fevral 2021, Tbilisi vaxtı ilə 12:00 (UTC +4:00). Seçim prosesində ilkin mərhələdə seçilmiş namizədlər üçün Zoom onlayn platforması vasitəsilə yazılı testlər və müsahibələr nəzərdə tutulub. 2021-2022-ci tədris ili üçün təqaüd alanların siyahısı 2021-ci il may ayının sonuna qədər açıqlanacaq. Seçilmiş şagirdlərin sözügedən təqaüd proqramının əhatə etdiyi təhsil müddətində tam iştirakı gözlənilir.

 

Ətraflı məlumat üçün:

Bu səhifəyə baş çəkin: www.eapeuropeanschool.eu

Hər hansı suallarınız olarsa, euscholarship@eapeuropeanschool.eu e-poçt ünvanına yazın və ya aşağıdakı nömrə ilə əlaqə saxlayın: + 995 32 225 70 06 (şəhər nömrəsi)

Şərq Tərəfdaşlığı Avropa Məktəbi haqqında sual-cavab