Skip to main content

Səadət Dibirovanın çay ətirli hekayəsi

Adını “Çinar” qoyduq ki…

“Zaqatalanın mərkəzində 850 illik şahanə bir çinar ağacı var. 2021-ci ilin yazında qrupumuzu yaradanda o çinarın şərəfinə adımızı biz də “Çinar” qoyduq. İstədik ki, bizim məşhur çinarımız kimi uzunömürlü, qollu-budaqlı olaq, çətirimiz altına bütün Azərbaycanı toplaya bilək. Orta yaşı 50 olan 12 qadınla bir il doqquz ayda çox intensiv və maraqlı bir yol keçdik. Bu yolun məntiqi davamı kimi bu yaxınlarda Azərbaycanın ilk qadın kooperativini yaratmağa qərar verdik.

Siz mənə zəng vuranda biz hamımız vergi idarəsində kooperativimizi qeydiyyatdan keçirirdik. Mən onlara baxıb qürur duyurdum. Onlar elə bil o qadınlar deyildilər. Bizdən qeydiyyat üçün rüsüm – 35 azn istəyəndə hamısının əllərini ciblərinə atdıqlarını gördüm. Mən onları toplayanda belə deyildilər”…

Başlanğıc

“Ətrafımda xeyli qadın vardı – hamısı işsiz, huzursuz, ümidsiz. Kimi kasıbçılıqdan əziyyət çəkirdi, kimi həyat yoldaşını itirmişdi, kiminin də ailəsi dağılmışdı. 2021-çi ildə Azərbaycan Kənd Qadınları Assosiasiyasının təşəbbüsünə qoşulub qrup yaradanda onları belə gördüm. Amma mənim həmin vaxta qədər müəllim və təlimçi kimi böyük bir tərcübəm vardı, təkcə öz bölgəmizdə deyil, Azərbaycanın bir çox rayonlarında təlimlər keçmişdim. İnsanların hansı qayğılarla yaşadıqlarını da, gələcəkləri üçün ən çox nədən qorxduqlarını da yaxşı bilirdim. Bilirsinizmi ki, gənc insanları ən çox qorxudan nədir? İşsiz qalmaq. Təsəvvür edin ki, yaşı qırxı keçmiş işsiz kənd qadınlarında bu qorxu hansı həddə ola bilər. Mən onlara yardım etmək qərarına gəldim. İnanırdım ki, ən yaxşıları seçə, birləşdirə biləcəyəm. Çünki bizim kəndin insanları da məni tanıyırdılar. Bilirdilər ki, mən yalan danışmıram, ədalətliyəm. Beləcə Yuxarı Tala və Aşağı Tala kəndində müxtəlif sahələri bilən 12 qadın seçdim. Məqsədim sonra hər qadının ətrafında yeni qruplar toplamaq idi. Kəlimət Dibirova və Kəmalə Həmzəyeva xurma qurusu hazırlayırlar. Gülbahar Şabanovanın əlindən gəlməyən iş yoxdur, 23 növ sirkə hazırlaya bilir. Ədalət Kələşova gözəl çörək bişirir, Nəzakət Dibirovanın şirniyyatlarının dadından doymaq olmur. Həqiqət Dibirova kimi turşu qoyan az olar. Sevinc Müslimova və Sevil Şeyxəliyeva bacıdırlar, onlar mürəbbə ustalarıdır. Şəhla Yusifova bəhməz, Rahmey Musayeva hazırlayır. İlhamə Musayeva turizm, kənd qonaqlaması ilə məşğuldur. İlahə Mahmudova isə ən gəncimizdir, İKT mütəxəssisidir, sosial mediaya çıxışımızı o təmin edir.  Düzü, onları seçmək çətin olmadı. Ayağımız çox yüngül oldu. Artıq arpel ayında Avropa İttifaqının maliyyələşdirdiyi BMT ƏKT-nin icra etdiyi “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinə qoşulduq. Beləcə, təlimlərə başladıq”.

Öyrənmək heç zaman deyil…

“Bu, bizim qrupumuz üçün əsl sınaq mərhələsi idi. Çünki layihə, ilk növbədə, təlimlər demək idi. Təlim isə aydın məsələdir ki, asan bir iş deyil. Ən azından iştirakçıların təlimə qatılmasını tələb edir. Bizim ilk təlimimiz başlayanda zaman qrup üzvləri təlimə qoşula bilməyəcəklərini dedilər. Kimisə yoldası qoymurdu, kimsə bir tikə qazancını təlimə qurban vermək istəmirdi. İlk təlimə qatılana qədər xeyli müzakirə, mübahisələrdən keçdik. Bir-bir qadınların həyat yoldaşları ilə danışırdım, onları dilə tuturdum, yola gətirirdim. Amma inadımdan dönmədim. Nəticə ürəkaçan oldu. İlk təlimə hamı qoşuldu. İl yarımda onlarla təlimdə iştirak etdik – arıçılıq, fındıqçılıq, biznez, vergi sistemi,  davranış qaydaları, agroturizm və qida təhküləsizliyi təlimlərində bilmədiyimiz xeyli şey öyrəndik. Məsələn, qida təhlükəzisliyi nədir, buzluqdan çıxarılmış ətin donunu necə açmalı, sanitariya qaydaları nədir, zərərverici bakteriyalar hansılardır, qablaşdırmanı necə etmək lazımdır, cərimələr hansılardır. Bir sözlə, istehsal üçün lazım ola biləcək hər şey. Başlıcası isə, qadınlar anladılar ki, təlimsiz uğur qazana bilməyəcəklər. Mütləq öyrənməlidirlər, standartlarla işləməyi bacarmalıdır. Təlim bizi keyfiyyətcə yeni səviyyəyə çıxarır. Bir misal çəkim. Günlərin birində qrupumuz biznes planının yazılması təliminə getmədi. Tərslikdən mən də təlimə qatıla bilməmişdim. Həmin təlimin iştirakçıları biznes plan yazaraq fərdi avandanlıq alınması üçün müraciət edə bilmişdilər. Biz təlimdə iştirak etməmişdik, fürsəti əldən vermişdik. Bizim qrup sonradan biznes təlimlərində iştirak etsə də, qadınlar indinin özündə də fərdi avadanlıq ala bilmədiklərini təəssüflə xatırlayırlar…

Təlimlərin qadınların inkişafında rolu şəksizdir. Təsəvvür edin ki, kənddən çıxmayan qadınlar Bakının mərkəzindəki otellərdən birində 3 günlük təlimə qatılırlar. Onlar həm öyrənirlər, həm də sözün əsl mənasında, istirahət edirlər, özlərinə hörmət, xoş rəftar görürlər. İnandırıram sizi, belə bir münasibət heç zaman izsiz ötüşmür. İndi mən “ÇİNAR”ın qadınlarına baxanda qürur hissi keçirirəm. Onlar nəinki ayağa qalxıblar, onlar kiminsə əlindən tutub ayağa qaldılrmağa hazırdırlar”…

Yeni insan

“Bu bir il doqquz ayda nələr dəyişdi? Gözümün önündə onlar içsiz qadından iş qadınına çevrildilər. Öyrəndilər. Öyrənməyə açıq oldular. Təlimlər, sərgilər onların gizli potensialını üzə çıxartdı. Əvvəllər daşınmayan, çəkingən qadınlar indi öz fikirlərini irəli sürürlər, təklif verirlər, tənqid edirlər. Mikfrofon görəndə qaçan Gülbahar xanım indi sözünü demək üçün fürsəti qaçırmır. İlhamə Musayeva isə Kebelobanın ən məşhur qadını, əmək qəhrəmanı Minə Nəzirovaya oxşamaq istəyir.

Ailəmizdə belə bizə münasibət dəyişib. Əvvəllər təşəbbüsümü o qədər də dəstəkləməyən əmim bu yay bizi sərgidə görəndə özünü saxlaya bilmədi, məni qucaqlayıb üzümdən öpdü. Həyat yoldaşım, oğlum, qızım: “Nə yaxşı bu isə başladın”,- deyirlər. İndi təkcə özümüz deyil, yaxınlarımız da bizə inanırlar. Bizim təcrübəmizi təkrarlayanlar da var. Rayonumuzun Şixəli Qurbanov adına tam orta məktəbinin direktoru Elmira Hacıyeva təqaüdə çıxanda qadın qrupu yaratmağa qərar verdi. Bu, çox sevindiricidir. Demək, biz bir örnəyik. Amma biz də bir yerdə durmuruq. Artıq qrup deyil, kooperativ kimi fəaliyyət göstərməyə qərar vermişik. Bunun isə öz tarixçəsi var”… 

Qrupdan kooperativə – ilk olmaq olarmıış…

“Sahibkarlarla görüş zamanı öz məhsulumuzu təqdim edəndə anladıq ki, bazara çıxmaq və bazarda qalmaq üçün davamlı şəkildə məhsul istehsal etməliyik. 10-15, hətta 100-200 kilo məhsulla iş qurmaq olmaz. Məhsulumuzu brendə çevilməliyik. Bunun üçünsə səylərimizi birləşdirməliyik, davamlı istehsalla məşğul olmalıyıq. Kooperativ yaratmaq zərurəti məhz buradan doğdu.

“Çinar” Azərbaycanın ilk qadın kooperativi olacaq. İlk olmaq qürurverici bir hissdir.  Bizim kəndimiz – Yuxarı Tala Azərbaycanın ilk qadın mexanizatoru Sevil Qazıyevanı yetişdirib. Əvvəllər mənə elə gəlirdi ki, daha heç kim ilk ola bilməz. Amma sən demə, bu mümkünmüş. İndi bizim də ilk olub, uğura imza atmaq kimi gözəl bir şansımız var.

Ən böyük arzum ÇAY EVİ açmaqdır. Bu, çox unikal bir ev olacaq. Zaqatalanın məşhur çayı burada bizim hazırladığımız yerli şirniyyatlarla, məhsullaral veriləcək. Çay evi həm xidmət, həm də satış obyekti fəaliyyət göstərəcək. Başlıcası isə, bizim kooperativin bütün üzvlərinin hamısının əməyi bir yerdə cəmlənəcək…

Bir də inanıram ki, bizim örnəyimiz kənddə insanların düşüncəsini dəyişəcək. Hamı ali təhsil dalınca qaçmayacaq. Ailələr övladlarına ali təhsil vermək üçün xərclədikləri pulu onların kənddə qalıb peşələrə yiyələnmələrinə yönəltmək barədə fikirləşəcəklər. Ali təhsil diplomu alıb işsiz qalmaqdansa kənddə öz işini qurub bir tikə çörəyini qazanmaq daha yaxşıdır. Analarının  uğurunu görən övladlar onların yolunu davam etdirmək, ailə biznesi barədə fikirləşəcəklər. İnsanların torpağa böyük qayıdışı başlayacaq. Bundan gözəl nə ola bilər?”.