Nizami Musayev və onun “Karvan” brendi

05/05/2021

Nizami Musayev Balakən rayonundandır. O, 15 ildən çoxdur ki, xurma yetişdirmək və satmaqla məşğuldur. Nizami, Avropa İttifaqının maliyyələşdirdiyi bu layihəyə daha üç xurma yetişdirən ailə ilə birgə qoşulub. İlk gündən təşkilatçılıq qabiliyyəti ilə seçilən Nizami Musayev, ailələrin eyni məhsul istehsal edərək layihə çərçivəsində rəqabət aparmaması üçün maraqlı təkliflə çıxış edib. “Dörd fərqli brend altında yox, bir ortaq brend altında birləşək. Eyni keyfiyyətdə istehsal edək, daha çox istehal edib, daha çox sataq” deyən sahibkar, xurma qurusu istehsalçılarının faktiki mini-kooperativinin əsasını qoymuşdur.

Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək məqsədi daşıyan bu layihə BMT-nin İnkişaf Proqramı tərəfindən ABAD ilə birgə həyata keçirilir. Layihə bütün xurma qurudan ailələri soba və soyuducu ilə təmin edib. Əlavə olaraq, ailələr iş üzrə müvafiq təlimlərə qatılmış, texnoloqların məsləhətlərindən faydalanmış və ABAD ilə müqavilə imzalamışdır. Müxtəlif supermarketlərdə daddırılma zamanı potensial alıcılar tərəfindən bəyənilən xurma quruları, artıq “Karvan” brendi altında satışdadır. 

Daha əvvəllər gün altında quruyan xurmalar artıq daha gigiyenik, texnoloji üsullarla hazırlanır, təravətini daha uzun müddət qoruyur və alıcılar tərəfindən rəğbətlə qarşılanır. Nizami Musayevin ən yaxın köməkçisi onun oğludur. O, bir gün bu kiçik biznesin oğlu tərəfindən idarə olunacağına, daha da böyük bir kooperativin qurulacağına inanır.

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021