Skip to main content

İtaliya saatı

Gənc modelyer, “RozSev” brendinin yaradıcısı Aytən Xəlilzadə “Aİ Mədəniyyət üçün” layihəsinin mobillik qrantını udub, bu yay Milanda bir ay İnsituto di moda Burgoda Dəb dizaynı kursunda təhsil alıb…

– İtaliyadan nə gətirdin özünlə?

– Saat.

– Niyə?

– Endirimdə idi, – deyir və sol biləyindəki saatını ehmalca düzəldir.

Aytənin sol əlini bəzəyən saata ötəri baxıb sualımı bir də verirəm.

– İtaliyadan nə aldın yox, nə gətirdin? – soruşdum.

O, bir anlıq dayanır, suala sevinirmiş kimi fərqli bir səslə:

– Emosiyalar gətirdim, təkrarsız emosiyalar,- deyir.

Bu cavabdan sonra Aytənin yeni qol saatına bir də baxıram. Hiss edirəm ki, Aytən indi İtaliya, daha doğrusu, Milan saatı ilə işləyir…

Buludlarda

Nəhayət, təyyarədə idi. Saatına baxdı. Səhər saat 07:30, 2 iyul, 2022-ci il. Bu gün onun ad günüdür, 30 yaşı olur. Gözlərini yumdu. O qədər mutlu idi ki… İnana bilmirdi ki, buludların üstündədir…

Sragün bu vaxt İtaliyaya nə vizası vardı, nə də bileti. Amma riskə getmişdi. Vizasız, biletsiz olsa da, düz bir həftə əvvəl kursun pulunu köçürmüşdü. Təyyarə biletini isə dünən almışdı.

Ailəsindən başqa, bir kimsə bilmirdi ki, Aytən Milana gedir. Hə, bir də turizm agentliyində işləyən tanışından savayı. O, Aytənə: “Ayın ikisinə ikicə bilet qalıb, indi aldınsa aldın, sonra olmaya da bilər”- demişdi. Üç gündən sonra ayın 4-də kurs başlayırdı. Beləcə Aytən dünən bilet alıb, bu bün təyyarəyə əyləşmişdi…

İndi buludların üstündə ad gününü yol yoldaşları – təyyarəyə minənə qədər varlıqlarından xəbəri belə olmadığı bir italyan ailəsi ilə qeyd edirdi. Onlar ingilis dilini bilmirdilər, Aytən italyan. Amma bir-birlərini elə gözəl anlayırdılar ki… Aytən bu ad günü üçün görəsən, neçə il idi ki, yol gəlirdi? Bəlkə də, elə modelyer olmaq istədiyi gündən… Kim bilir…

Xəyallarda

Bir qız vardı. 8 yaşında yay tətilində hamı həyətdə oynayanda gəlinciyinə gəlinlik tikirdi..

Bir qız vardı. Dayısının nişanlısının gəlinlik paltarına şəkil çəkmişdi…

Bir qız vardı, tikiş tikməyi atsa da, paltar şəkillləri çəkməkdən əl şəkə bilmirdi. Qeyri-adi, bəlkə də, ekstravaqant geyimlər çəkirdi… Tikilib-tikilməyəcəyinin fərqində deyildi…

Bir qız vardı, dünyanın fiziki sərhədləri onun üçün yaşadığı Mingəçevirdən kənara çıxmasa da, xəyalları sərhəd tanımırdı. Böyüyəndə ozünü modelyer kimi görürdü. Rəssamlıq Akademiyasına sənədlərini verəndə elə bilirdi ki, arzusunun gerçəkləşməsinə bircə addım qalıb. Amma sən saydığını say. Həmin il keçid balı qalxdı. Və o, Rəssamlıq Akademiyasına “əlvida” deyəndə anasını mütəəssir etməmək üçün balı çatan fakültəni seçməli oldu – Sumqayıt Dövlət Universitetinin tarix fakültəsini. Beləcə gerçəyi yaşamaq zorunda qaldı.

Gerçəkdə

Qiyabi təhsil ala-ala müxtəlif işlərdə çalışdı. Menecer də oldu, könüllü də. Bir sözlə, işdən qorxmadı. Bu illər ərzində dəyişməyən bir şey vardısa, o da Aytənin geyim modelləri çəkməsi idi. Və günlərin birində Aytən modellərinin kağız üzərində qalmasından, bəlkə də, bezdi, bəlkə də, yoruldu. Gerçəyi dəyişmək qərarına gəldi. Bax onda ilk dəfə İstanbul Moda Akademiyasında “Bir moda markası yaratmaq” təlimində oldu. Bu kurs Aytənin gözünü açdı. Burada marka yaratmaq üçün tələb olunan çox şeyi öyrəndi. Başlıcası isə anladı ki, gerçək modelyer olmaq üçün özü tikməyi öyrənməlidir. Düz iki il dərzilik dərsləri aldı. Öyrənə-öyrənə özü tikməyə başladı. Təkcə özü, ailəsi üçün deyil, həm də anasının iş yoldaşları üçün.

Həmin günlərdən bir qızıl qaydanı da öyrəndi – özünə, öz əməyinə qiymət qoymağı bacarmağı. Nəyisə boynuna götürürsənsə, qiymətini də bilməlisən. Yox, əgər tikməyəcəksənsə, bəri başdan boyun olma. 

Hərçənd ki qiymət və haqq-hesab məsələsində hər dəfə ölçü-qayçılı olmaq mümkün deyil. Biznes ona riskləri hesablamağı öyrətdi. İlk biznes dərsini “Rozsevi” yaradanda aldı.

“RozSev”-də

2019-cu ildə USAİD-nin Qadın sahibkarlara dəstək investisiya proqramını qazananda Aytən bu dünyada ən çox sevdiyi iki adamın adını bir brenddə birləşdirmək qərarına gəlidi. Ata nənəsi Rozanın və anası Sevincin. Bəlkə, onlara olan məhəbbətindən idi, bəlkə də, təcrübəsizilikdən idi, Aytən kirayəyə götürdüyü yeri – “Rozsev”in ofisini ürəyi istədiyi kimi təmir etdi, qurdu. İşə təzə başlamışdılar ki, Covid-19 pandemiyası başladı. Maya qoyduğu, əmək verdiyi ofisin qapısı həftələrlə bağlı qalırdı. Bu riski heç ağlına gətirməmişdi. Amma Aytən ruhdan düşmədi. Hər açılan günü cizgi filmlərinə baxmaqla başlayan Aytən bu dəfə də özünü sevimli qəhrəmanlarına bənzətdi. Beyni yenə də problemi çözməyə səfərbər oldu. O, sosial layihəyə baş vurmağa qərar verdi. Əslində, fiziki qusurlu insanlara yardım etmək Aytənin çoxdankı arzusu idi. Elə buna görə də Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin elan etdiyi Özünüməşğulluq proqramına tərəddüdsüz baş vurdu. Proqramı qazandı: indi tikiş sexindəki iki tikiş maşınına ikisi də əlavə olunurdu. Amma işin ən çətini irəlidə idi – pandemiyadan daha çox əziyyət çəkən fiziki qusurlu insanları tapmaq, onlara tikiş tikməyi öyrətmək, əllərini çörəyə çatdırmaq.

– Bəzən yüz adama müraciət edirsən, bir nəfər tapırsan. Xüsusilə də pandemiya dövründə. Sosial layihəmin ən böyük tapıntısı Əfsanə oldu. Uzaqdan, Sanqaçaldan gələn Əfsanənin  eşitmə məhdudiyyəti olsa da, məni yarım kəlmədən anlayır… İşində məsuliyyətlidir. Düzgün insanları tapmaq bisnesin üçün həlledici amillərdəndir. Çünki mən bütün günü işdə olmuram, biznesimi inkişaf etdirmək, gücləndirmək üçün müxtəlif təlimlərə, müsabiqələrə qatılıram. Bu, yeni insanlar, yeni tanışlar, yeni imkanlar deməkdir.  Mənim ikinci qızıl qaydam şəbəkəmi qurmaq və onu daim genişləndirməkdir. Qıraqdan elə görünə bilər ki, mən modelyerlikdən əlavə, nələrləsə məşğul oluram. Amma, əslində, belə deyil, bütün qatıldlğım işlər mənim biznesimə dəstək vermək üçündür…

Mobillik uğrunda

– Bu yay Avropa İttifaqının Aİ Mədəniyyət üçün layihəsinə baş vuranda Access bankın təşkil etdiyi“Access to Success” (Uğuru çıxış) layihəsində işritakçı idim. Başım o qədər qarışıq idi ki, müsabiqə üçün portofoliomu son gündə cəmi 30 dəqiqəyə yığdım. Bu, müsabiqənin sonuncu mərhələsi idi. Düzü, qalib gələcəyimə o qədər də inanmırdım. Bu işdə mentorlarım Kristina Məmmədova və Ceyhun Fərzəliyevin çox böyük zəhmətləri oldu. Amma sən demə, qalib gəlmək işin yarısı imiş, ondan çətini, administrativ baryerləri dəf etmək imiş – Ədliyyə Nazirliyindən qrantı qeydiyyatdan keçirmək, İtaliya səfirliyindən viza almaq o qədər də asan məsələ deyildi. Viza almağıma ümidim tam itirəndə səfirliyə məktub yazdım. Elə həmin günün sonu telefonuma zəng gəldi. Mənə səhəri günə görüş təyin etdilər… Sonra hər şey idırım sürətilə baş verdi.  Təyyarəyə minəndə bir sutka idi ki, yatmamışdım. Bilirsiniz, problemlər təyyarə limanından hotelə gedib çıxana kimi davam etdi. İki saatdan sonra, nəhayət, otelin qapısına çatanda özümdən soruşdüm ki, Aytən, sənə bu lazım idi?

– Lazım idi, Aytən?  

– Lazım idi.

Milanda

– Milan üçün əziyyətlərə dözməyə dəyərmiş. Milan bir modelyer kimi arzularımın şəhəri idi, burada bir aylq təhsil almaq isə ən böyük xəyalım. Mobillik qrantı buna imkan verirdi. Bu şəhərdə ömründə ilk dəfə komfort zonadan çıxdım. Yeni yaşımda yenidən ayağa durmağı öyrəndim. İnsituto de moda Burgonun Dəb dizaynıkursunda keçirdiyim hər anın qədrini bildim. Həftədə 4 dəfə, hər gün saat 9-dan 12-ə kimi institutun iki müzxtəlif filialında həm tikiş, həm də dizayn kursları keçirdik. Hərdən dizayn müəliminin tapşırıqları o qədər çox olurdu ki, eskizləri dərsdən sonra hoteldə çəkib qurtarırdım. Hərdənsə mənə elə gəlirdi ki, müəllim bizi çox yükləyir, amma yenə də onu qınamırdım. Çünki kurslar intensiv idi. Proqramı çatdırmaq lazım idi. İtaliyanın ölçü sistemi və biçim tərzi bizimkindən fərqlidir. Kursun bir həftəsini yaralı yerim olan korset tikməyə həsr elədim. Ən böyük qazancım bu, bir də lekalları düstur əsasında çıxarmaq oldu. İndi mən düsturları bilirəm…

Aytən bu yerdə susur. Ona daha sual verməyi artıq bilirəm. Axı o artıq düstur çıxarmağı öyrənib. Bəlkə, İtaliya saatı da elə bu düsturla işləyir…