Skip to main content

İsrafın qarşısını almaq fikri ilə yaranan biznes ideyası

24/12/2021

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi layihəsinin iştirakçısı, Zaqatala sakini Surxayev Rəfael ailə üzvləri ilə birgə meyvə qurusu istehsalı ilə məşğul olan kooperasiya yaradıblar.

            Kiçik sahibkar olan 35 yaşlı Rəfael Surxayev mobil telefon satan mağaza sahibidir. Lakin o, bu işlə yanaşı fərqli sahədə – meyvə qurusu istehsalı və satışında da özünü sınamaq qərarına gəlib. Çünki benefisiarımız Zaqatalanın zəngin xurma bağlarında ağaclarda xarab olan xurmaların emalı, qurudularaq istifadəsinin mümkünlüyünü düşünürmüş.  

            “Bizdə xurma ağacları çoxdur, yetişmiş meyvələr ağacda qalıb xarab olurdu. Həmişə düşünürdüm ki, bundan nəsə etmək olar. Axı bizdə xurma bolluğu olsa da, hardasa ehtiyac var. Payızda yetişmiş bərk xurmalar yığılır, qalanları korlanırdı. Qurudulmuş məhsullar isə əzilmir, rahat daşınır və korlanmadan alıcıya çatır”.

            Müştərisi olduğu Turan Bankdan Aİ-nin maliyyələşdirdiyi “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” layihəsi barəsində məlumat alan Rəfael bəy layihədə iştirak etmək qərarına gəlib. Kooperasiya yaratmaq barədə düşünən Rəfael qardaşları ilə təlimlərə qatılaraq işin xırdalıqlarını öyrənib.

            “İdeyam var idi. Layihəyə qoşulmaq həm motivasiyamı artırdı, həm də ideyamı reallaşdırmağa kömək etdi”.

              Biznes ideyasını reallaşdırmaq üçün Aİ-nin maliyyələşdirdiyi layihə çərçivəsində sərmayə kapitalı əldə edərək kooperasiyanın fəaliyyəti üçün ərazi, həmçinin meyvələrin qurudulması üçün qurutma kamerası, doğrama aparatı, rəflər və digər lazımi avadanlıqlar alıb.

            Kooperasiyasının işçiləri ailə üzvləridir. Amma mövsümdə onlara əlavə işçi qüvvəsi lazım gəlir. Bu halda onlarla sakin burada işləyir və əməkhaqqı alırlar. Ötən il 30 nəfər bu şəkildə işə cəlb edilib. Gənc sahibkar bu il də əlavə işçi komandasının cəlb ediləcəyini deyir. Məhsulların qablaşdırılması prosesini kooperasiyada həyata keçirmirlər, amma bu işi də qurmaq üzrədirlər.

            Təcrübə üçün qarpız, yemiş, qızılgül və cökə yarpağı qurusu da hazırlayan sahibkar bu məhsulları da istehsal dövriyyəsinə qatacaq, çünki tələbat var. O, əmindir ki, bəzi məhsullar çay süfrələrinin vazkeçilməzinə çevriləcək, hətta konfet istehsalına da yararlı olacaq.

 “Bəzi adamlar şəkərə yox, meyvə qurularına üstünlük verirlər. Bizim məhsullar lap onların istədikləridir. Məsələn, xurma qurusunda şirinlik həm yüksək səviyyədədir, həm də o yerli və ekoloji baxımdan sağlam məhsuldur”, – deyir Rəfael.

            Yeni biznes ideyalarının da olduğunu bildirən Rəfael onların üzərində də çalışmaqdadır.  

LAYİHƏ HAQQINDA MƏLUMAT

Layihənin adıAzərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi 
Prioritet sektorMəşğulluq və sahibkarlıq
İcra edən tərəfAzərbaycan Mikromaliyyə Assosiasiyası
TərəfdaşKiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
İcra müddəti30 ay (01.09.2018 – 28.02.2021)
Avropa İttifaqının büdcəsi464805 Avro
Layihənin əsas məqsədiGəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) İqtisadi Zonalarında sahibkarlıq bacarıqlarını artırmaq, bazar imkanlarını genişləndirmək və maliyyə dəstəyini təmin etməklə öz bizneslərinə başlamaq və onu genişləndirmək üçün kəndli mikrosahibkarların bilik və bacarığını gücləndirmək.
Layihənin icra edildiyi regionlarGəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz və Aran iqtisadi rayonları