Skip to main content

Zaqataladan olan İsmayılovlar və Nurayevlər ailəsinin ortaq biznesi

28/04/2021

Zaqataladan olan İsmayılovlar və Nurayevlər ailəsinin ortaq biznes qurmaq istəyi heç də təsadüfi deyil. Bu ailə başçıları Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMTİP və ABAD tərəfindən həyata keçirilən layihədə iştirak üçün müraciət etdikləri ilk gündən güclərini və biliklərini birləşdirmək qərarına gəliblər. Söhrab İsmayılov və Harun Nurayev həm quda, həm də dostdurlar. Bu mehriban, zarafatcıl dostlardan Söhrab yorulmadan yeni ideyalar fikirləşir, təcrübələr həyata keçirir, istehsalatı isə daha təmkinli, sənəti aşpazlıq olan Harun icra edir. Artıq gənc yaşlarında olmayan bu dostlar bütün təlimlərdə təlimçiləri sınamaqla bütün layihə iştirakçıları arasında məşhur olublar.

“Müxtəlif məhsulların daşınma temperaturunu necə təyin ediblər?”, “Niyə görə əlcəklərdə əllərdən daha çox bakteriya ola bilər?”, “Bizim şəkillərimiz Google-da birinci gələ bilərmi?”, “Bu məhsullardan nə qədər satsaq gəlirə çıxmış olarıq?”, “Məhsulun qiymətini bir yerdə hesablaya bilərikmi?” və belə bir çox suallar verən bu yeni sahibkarlar, təlimlərin interaktiv keçməsinə səbəb olmaqdan başqa, enerji və həvəsləri ilə gənclərə də örnək olurdular.

Hazırladıqları məhsulları təlim zamanı təlimçilərə və iştirakçılara təkidlə daddıraraq onların fikrini almağa çalışan bu şən cütlük bəlkə də bütün təlim materiallarını əzbərləyib. Tam qüvvələri ilə işə başlayan Söhrab və Harun layihə tərəfindən müasir qablaşdırma avadanlığı, soyuducu, fındıq sındıran maşın, qurutma sobası və digər alətlərlə təmin ediliblər. Qısa zamanda ABAD etnobutiklərində qovrulmuş və paketlənmiş fındıq satışına başlayan qudalar, artıq ABAD texnoloqları ilə birlikdə doğranmış və dondurulmuş tərəvəzlər, Alana meyvə deserti və digər məhsullar üzərində çalışır.

Soyuq qış aylarında işə başlamazdan öncə, hər səhər Söhrab, Harunun Zaqatala bazarında olan kiçicik yeməkxanasında xaş ilə lazımi enerji aldıqdan sonra testlərə davam edir, nahardan sonra isə təmkinli Harun ona qoşularaq istehsalı nizama salmağa çalışır. Artıq ilkin gəlir əldə edən bu qudaların enerjisinin onlara uğur qazandıracağına heç kəs şübhə etmir.

[metaslider id=55082 cssclass=””]