Skip to main content

Gəncəli rəssam Sona Məhərrəmova və onun kiçik biznesdə ilk təcrübəsi

16/03/2021

Dekorativ-tətbiqi sənət ustasıSona Məhərrəmova, Gəncədə rəssam ailəsində böyüyüb boya-başa çatıb. Gənc yaşına baxmayaraq o, incəsənətdə, əsasən, şüşə üzərində rəsm sənətində böyük yaradıcılıq və tədris təcrübəsinə malikdir.

Sona Məhərrəmova ölkəmizdə keçirilən 100-dən çox sərgidə, həmçinin çoxsaylı müsabiqələr və layihələrdə iştirak etmişdir. 2015-ci ildə o, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən “İlin Mədəniyyət işçisi” elan edilmiş, 2017-ci ildə isə Azərbaycan Rəssamlar İttifaqının “Dekorativ Tətbiqi Sənət” bölməsinin üzvlük vəsiqəsini almışdır.

Sona Məhərrəmova 8 ildir ki, Gəncə Gənclər Evində dərs deyir və tələbələri ilə birlikdə olduqca maraqlı sənət əsərləri yaradır. Buna baxmayaraq, qəhrəmanımız özəl biznesini yarada bilmirdi, halbuki bu fikir onu daim düşündürürdü.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi Sona xanıma bu yolda ilk addımını atmağa kömək etdi. Layihə haqqında öyrənən gənc sənətkar öz gücünü sınamaq fikrinə düşdü.

Layihə çərçivəsində müxtəlif tədbirlərdə iştirak edərək Sona Məhərrəmova kiçik biznesin yaradılması üzrə biznes-planını təqdim edir və münsiflərin rəğbətini qazanıb, biznesə başlamaq üçün qrant alır və həmin vəsaitə ilk növbədə xanım sənətkar şüşə üzərində rəsm əsərlərini yaratmaq üçün qab-qacaq (armudu stəkan, çayniklər) və xüsusi boyalar əldə edir. Daha sonra o, layihə çərçivəsində keçirilən müsabiqədə, “Gənc sahibkar” nominasiyasında da qalib olur.

Bu gün Sona xanım “Handmade Glass” onlayn-səhifəsini yaradaraq, işlərini təqdim edib, sifarişlər qəbul edir. O həmçinin, Layihənin yaratdığı e-sergi.az platformasında da öz əl işlərini nümayiş etdirir.

“Maliyyə savadı, biznes planın yazılması, özəl kiçik biznesin yaradılması – əvvəllər, bu anlayışlardan olduqca uzaq idim. Düşünürdüm, axı, bütün bunların incəsənətə heç bir aidiyyatı yoxdur. Zaman keçdikcə isə anladım ki, müstəqil gəlir mənbəyinə sahib olmaq istəyirəm. Amma yenə də necə və nədən başlayacağımı bilmirdim”, – Sona Məhərrəmova xatirələrini bizimlə bölüşür.

“AMFA-nın mütəxəssislərinin sayəsində biznes təşəbbüsümü irəli sürərək, sevib-seçdiyim sənəti geniş auditoriyaya təqdim edə bildim. Sifarişlərim, demək olar, iki dəfəyədək çoxaldı. Əlavə gəlir mənbəyim isə özümə güvənimi daha da artırdı. Mənim üçün bu, layihədəki iştirakımın çox mühüm nəticəsidir”, – deyərək xanım sənətkar davam edir.

Əvvəllər Sonanın əl işləri sərgidən sərgiyə öz alıcısını tapırdısa, onlayn satışlar onun bazara çıxış yollarını xeyli genişləndirib və daimiləşdirib. Sona deyir ki, hətta olduqca ağır keçən 2020-ci ildə koronavirus pandemiyasına görə incəsənət sahəsində tədbirlərin, demək olar ki, heç keçirilmədiyi bir vaxtda o, onlayn səhifəsi vasitəsi ilə çoxsaylı əsərlərini sata bilmişdir. Digər tərəfdən, Gəncədəki sənətsevərlər üçün sevimli sənətkarın maraqlı bir əl işini seçmək və qapılarına çatdırılmaqla əldə etmək daha asan və rahat olmuşdur.

Bu gün Sona Məhərrəmova, mövcud tendensiyaları izləyərək, onları öz sənət əsərlərində əks edir. Belə ki, Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsindən ruhlanaraq, Sona dahi şair və mütəfəkkirin əsərlərindəki süjetləri öz işlərində geniş istifadə edir.

“Ölkəmizdə zəngin çay süfrəsi ənənələrindən ilhamlanıb, üzərində işlədiyim armudu stəkanlar dəstini böyük Nizaminin və onun ölməz əsərlərindəki obrazlara həsr etmək fikrinə düşdüm”, – bu sözləri Sona Məhərrəmova sevinc və fərəh hissi ilə söyləyir.

Xanımın dediyinə görə, sözügedən layihədə iştirak edərkən o, daha bir vacib məqamı anladı – əgər sənətsevərləri maraqlandırmaq istəyirsənsə, əsərlərinin gözəl və düzgün təqdim edilməsinə, hətta qablaşdırma kimi kiçik xırdalıqlara fikir verməlisən. Hal-hazırda qəhrəmanımız bu əhəmiyyətli məsələ üzərində işini davam edir.

Gəlirin istənilən fəaliyyət növünün vacib bir hissəsi olmasına baxmayaraq, Sona həyatlarını yaradıcılığa həsr etmək istəyən tələbələrinə məsləhət görür ki, onlar ilk növbədə sənətə sevgi ilə yanaşıb, diqqətlərini bacarıqlarının inkişafına yönəltsinlər.

“Fikrimcə, incəsənəti sevmək, ona ürəklə yanaşmaq lazımdır, məhz bu təqdirdə zəhmətinin bəhrəsini görə bilərsən”, – Sona xanım buna əmindir.

“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 83 yeni iş yerinin yaradılmasına nail olmuşdur.