Skip to main content

Avropa İttifaqının maliyyə dəstəyi ilə məişət zorakılığı sahəsində həyata keçirilən Tvinninq layihəsi uğurla başa çatıb

17/01/2022

17 ay davam edən layihənin bağlanış tədbiri 12 yanvar 2021-ci ildə keçirilib. Layihənin məqsədi qanunvericiliyin, istiqamətləndirmə mexanizmlərinin və məişət zorakılığı qurbanlarına göstərilən xidmətlərin təkmilləşdirilməsi olmuşdur.

Layihə çərçivəsində Litvadan və Avstriyadan olan ekspertlər qrupu tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində 6 təlim proqramı hazırlanıb və 680 mütəxəssis, o cümlədən hakimlər, polislər, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, psixoloqlar, müəllimlər, sosial işçilər, jurnalistlər və QHT nümayəndələri üçün təlimlər keçirilib.

Layihə rəhbəri, AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova tədbiri açıq elan edərək səmərəli əməkdaşlıq çərçivəsində birgə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

“Qadınlara qarşı zorakılıq hər yerdə baş verir. Təhlükəsiz yer yoxdur. Heç ev də təhlükəsiz deyil. Qadınlar zorakılığa təkcə evdə deyil, eləcə də iş yerində, məktəblərdə, universitetlərdə, küçədə məruz qalır. Son dövrlər isə onlayn zorakılıq kiber-zorakılıq və nifrət nitqi şəklində özünü göstərməkdədir. Avropa İttifaqı qadınlara və uşaqlara qarşı zorakılığın bütün növlərininin qarşısının alınması istiqamətində işləmək və məişət zorakılığından əziyyət çəkən şəxslərin təhlükəsizliyinin gücləndirilməsinə dəstək göstərmək əzmindədir,” deyə Avropa İttifaqının səfiri Peter Michalko bildirib.

Tvinninq layihəsinin Rezident Tvinninq Müşaviri Laurynas Totoraitis bildirib ki, layihənin  icrası “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icra müddəti ilə eyni dövrə təsadüf edib. Layihə nin icra dövrü ərzində bir sıra prioritet istiqamətlər üzrə iş aparılıb. Ilk növbədə, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qruplarının hüquqi statusunun gücləndirilməsi və məişət zorakılığının kriminallaşdırılması üzrə hüquqi bazanın yaradılması istiqamətində işlər görülüb. Bu istiqamətdə təkliflərin işlənib hazırlanmasında məqsəd məişət zorakılığına məruz qalmış şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin gücləndirilməsidir. Bundan başqa, layihə çərçivəsində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin imkanlarının artırılması, məişət zorakılığından zərərçəkmiş şəxslərə ibtidai istintaq və məhkəmə prosesi zamanı hüquqi və psixoloji yardımın göstərilməsi üzrə mexanizmlərin yaradılması və zorakılıq törədən şəxslərin reabilitasiyası üzrə proqramlarının işlənib hazırlanması ilə bağlı iş aparılıb. Sonuncu prioritet məişət zorakılığı hallarının kütləvi informasiya vasitələrində işıqlandırılması zamanı jurnalistlərin beynəlxalq səviyyədə tanınmış etik standartlara riayət etmələri üçün onların məlumatlılığının artırılması ilə bağlı olmuşdur.

Məişət zorakılığı hallarının qarşısının alınması üçün təkcə zorakılıqdan zərərçəkənlərə yardım göstərmək deyil, eləcədə zorakılıq törədən şəxslərə zorakı vərdişlərini dəyişdirməkdə kömək edilməsi tələb olunur. Bu məqsədlə beynəlxalq ekspertlər tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə “Məişət zorakılığı törədən şəxslərlə iş üzrə beynəlxalq müdaxilə proqramı” işlənib hazırlanmışdır. Bu proqram zorakılıq törədən şəxslərə zorakı davranışdan imtina etməkdə kömək etmək məqsədi daşıyır. Bu, zərəryetirənlərə öz zorakı davranışlarının səbəblərini təhlil etməyə, öz hisslərini tanımağa və onları konstruktiv şəkildə ifadə etməyə, öz partnyoruna, uşaqlara, eləcədə ailə büdcəsinin və ailənin idarə edilməsinə müsbət münasibət formalaşdırmağa, mübahisələrin həllində yeni bacarıqlar əldə etməyə kömək edir.