Skip to main content

Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində IFRC “Psixi Sağlamlıq və Psixososial dəstək” mövzusunda təlim keçib

14/03/2024

5-6 Mart 2024-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) “Psixi Sağlamlıq və Psixososial dəstək (PSPSD)” mövzusunda təlim təşkil edib. Təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 11 bölməsindən 12 PSPSD üzrə əlaqələndirici şəxsi iştirak edib.

Təlimin əsas məqsədi humanitar böhranlara PSPSD üzrə cavabvermə tədbirləri barədə bilikləri yeniləmək və AzQAC bölmələrinin PSPSD potensialını gücləndirmək olub. Təlimin ilk günündə PSPSD üzrə əlaqələndirici şəxslər, PSPSD haqqında fundamental bilikləri və AzQAC-ın PSPSD siyasətini nəzərdən keçirdikdən sonra icma əsaslı müdaxilələr, xüsusən də maarifləndirmə sessiyaları haqqında ətraflı məlumat əldə ediblər. Onlar maarifləndirmə sessiyalarının keçirilməsi, həmçinin planlanması, strukturu və məzmunu haqqında təlimatlar alıblar. Daha sonra, əldə edilən məlumatları yadda saxlamaq və praktikada tətbiq etmək üçün, əlaqələndirici şəxslər müxtəlif qruplara bölünərək özünə qayğının önəmi, stresin idarə edilməsi və böhranla mübarizə haqqında maarifləndirmə sessiyalarının keçirilməsinə dair rol oyunu nümayiş etdiriblər.

Əlaqələndirici şəxslər müxtəlif bölgələrdə mövcud PSPSD xidmətləri haqqında məlumat toplamaq tapşırığı aldıqları üçün, təlimin növbəti hissəsində onlara xidmətlərin xəritələşdiriməsi haqqında məlumatlar təqdim edilib. Xidmət xəritələşdirilməsinin əsas məqsədi boşluqları müəyyən etmək və AzQAC daxilində gələcəkdə tərəfdaşlıq və yönləndirmə sisteminin qurulmasına əsas yaratmaq üçün bölgələrdə PSPSD xidmətlərinin vəziyyətinə dair daha aydın təsəvvür yaratmaqdır.

Təlimin ikinci günü planlaşdırma və hesabata həsr olunub. AzQAC-ın PSPSD üzrə əlaqələndirici şəxsləri PSPSD mütəxəssisi ilə birlikdə ilkin planlaşdırmanı həyata keçiriblər. Hər bir fəaliyyətdən sonra hazırlamalı olduqları bir hesabat şablonu da əlaqələndirici şəxslərə təqdim edilib.

Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.