Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində “Sosial sahibkarlıq forumu” həyata keçirilib
Forum oktyabrın 10-13-də keçirilən “Azərbaycan dəyər günləri” silsilə tədbiri çərçivəsində baş tutub. “Azərbaycan dəyər günləri” tədbiri Avropa Vençur Filantropik Assosiasiyasının (EVPA) “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.
Forumda dövlət, özəl, bank və digər sektorların nümayəndələri iştirak ediblər. Forumun əsas mövzuları sosial sahibkarlıq, sosial sahibkarlıq haqqında qanunvericilik, innovasiyalar və s. olub. Forumda panel müzakirələr, sessiyalar həyata keçirilib və 100-ə yaxın ekosistem oyunçusunu bir araya toplayıb.
Forum iki istiqamətdə aparılıb. Rəsmi hissədə forumun açılışı olub və dəvət olunmuş qonaqlar çıxış ediblər.
Açılış nitqi ilə Education HUB-ın Proqram Meneceri Gülnara İsmailova çıxış edib. O, çıxışı zamanı vurğulayıb: ““Azərbaycan dəyər günləri” çərçivəsində həyata keçirilən forum Azərbaycanda sosial sahibkarlıq ekosisteminin inkişafı üçün əvəzsiz rol oynayır. Ümid edirəm ki, forum öz işini uğurla tamamlayacaq və qarşıya qoyulmuş məqsədlərə nail olunacaq.”
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışı zamanı qeyd edib: “Müasir dövrdə uğurlu və davamlı iqtisadi inkişafa təsir göstərən amillərdən biri də sosial sahibkarlığa göstərilən dəstəkdir. Sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artması fonunda sosial sahibkarlıq da inkişaf edir.”
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Dövlət Məşğulluq Agentliyinin qarşısına qoyduğu əsas məqsədlərdən biri də ölkəmizdə sosial sahibkarlığın inkişafıdır. Məhz buna görə də Dövlət Məşğulluq Agentliyinin rəhbərliyi ilə dövlət, özəl, QHT və digər sektorların təmsil olunduğu sosial sahibkarlıq üçün işçi qrup yaradılıb və öz işini müvəffəqiyyətlə davam etdirir.” çıxışında qeyd edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətini sədri İnarə Vəliyeva çıxışı zamanı qeyd edib: “Sosial sahibkarlıq innovativ yanaşmanı tələb edir. Biz də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq hər zaman sosial sahibkarlıq nümunəsi olan startuplara dəstək oluruq. İstər yerli, istərsə də beynəlxalq proqramlarda iştirakını təmin edirik.”
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Proqram Meneceri Viktor Giner qeyd edib: ““Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində həyata keçirilən “Azərbaycan dəyər günləri” ölkəmizdə bir ilkdir. Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən bu tədbir Azərbaycanda sosial sahibkarlığın inkişafı üçün böyük təkandır. Biz Avropa İttifaqı olaraq bu mövzuda həmişə maraqlıyıq.”
Millət vəkili Vüqar Bayramov “Milli məclis olaraq sosial sahibkarlıq həmişə bizim üçün gündəmdə olan bir mövzudur. Ölkəmiz üçün yeni olan bu sahənin inkişafı üçün qanunvericilik bazasının yaradılması müstəsnadır.” çıxışında qeyd edib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva çıxışı zamanı qeyd edib: “Ölkəmizdə qadın sahibkarların sayı gündən-günə artır. Bu da davamlı sosial iqtisadiyyatın gücləndirilməsində qadınların kifayət qədər böyük rol oynadığını göstərir.”
Sonra forum qeyri-rəsmi hissə ilə davam edib. Bu hissədə sosial sahibkarlıq, sosial sahibkarlara maliyyə dəstəyi, sosial sahibkarlıq haqqında qanunvericilik, sosial sahibkarlığın dövlət proqramına inteqrasiyası və s. mövzularda panel müzakirələri aparılıb.
Forumun sonunda sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.