Skip to main content

BMT-nin Baş Assambleyası Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyən qətnamə qəbul edib

Martın 2-də BMT-nin Baş Assambleyası Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyən və Rusiyanın dərhal bu ölkədən qoşunlarını çıxarmağı və beynəlxalq hüquqa əməl etməyi tələb edən qətnamə qəbul edib. Sənəd 141 ölkənin lehinə və 5 əleyhinə səs verməklə qəbul edilib. 

Sözügedən qətnamə fevralın 25-də BMT-nin Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı qətnaməsinə Rusiya tərəfindən veto qoyulduqdan dərhal sonra Avropa İttifaqı tərəfindən Ukrayna və dünyanın bütün bölgələrində yerləşən ölkələr ilə birgə hazırlanıb. 

Qətnamədə Rusiyanın Ukraynaya qarşı təcavüzü ən kəskin şəkildə pislənir və beynəlxalq ictimaiyyətin Ukraynanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə sadiqliyini təsdiq edir. Sənəddə həmçinin humanitar yardımların göstərilməsinə imkan yaradılması tələb olunur.

Qətnamə təşkilata üzv olan 141 ölkə tərəfindən məqbul hesab edilib. BMT-yə üzv ölkələrdən cəmi beşi – Rusiya, Belarus, Şimali Koreya, Eritreya və Suriya sənədin əleyhinə səs verib. Rusiyanın yaxın tərəfdaşlarının çoxu bu ölkənin mövqeyini dəstəkləməyib.

Qətnamə qəbul olunduqdan sonra Aİ-nin BMT-dəki səfiri Olof Skuq bu səsvermənin tarixi əhəmiyyətindən danışıb: “Dünya ictimaiyyəti səsini ucaltdı. Rusiya hökuməti dərhal təcavüzü dayandırmalı, qoşunlarını çıxarmalı və BMT Nizamnaməsinin hamıya şamil olunan qaydalarına eyni dərəcədə riayət etməlidir”.

 “Qətnamənin lehinə səs çoxluğu onu göstərir ki, Rusiyanın qəddar təcavüzü seçdiyi halda biz sülhü müdafiə etməyi seçmişik. Biz Rusiyanın hər iki təşkilatın əsaslarını pozduğu bu təşkilatı və onun Nizamnaməsini müdafiə etməyi seçdik. Rusiya getdikcə tək qalır”, – deyə Skuq əlavə edib. 

Baş Assambleyanın qətnamələri hüquqi cəhətdən məcburi olmasa da, onların siyasi çəkisi, xüsusilə də BMT Təhlükəsizlik Şurasının hərəkətə keçə bilmədiyi hallarda vacibdir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Original source: EU Neighbours east