Skip to main content

“Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi“ layihəsinin açılış konfransı keçirilmişdir

07/07/2021

7 iyul 2021-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının əsas benefisiar olduğu “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi“ layihəsinin açılış konfransı keçirilmişdir. Layihə „IBF International Consulting“ şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Layihənin məqsədi Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq təhsilin doktorantura səviyyəsində daxili və xarici keyfiyyət təminatı prosesinin qurulması və elmi müəssisələrin akkreditasiyası üzrə yeni mexanizmlərin tətbiqini təşkil etməkdir. Bu məqsəd çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə bağlı qaydaların hazırlanması, kadrların bacarıqlarının artırılması və akkreditasiya prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı Komissiyası arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018” illik fəaliyyət proqramı (ENI/2018/041-537) Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir.

Açılış konfransında Ali Attestasiya Komissiyasının sədri cənab Famil Mustafayev Azərbaycanda elmin inkişafı və doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi istiqamətində islahatlar haqqında məlumat verdi.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Kəstutis Yankauskas öz nitqində Avropa İttifaqının Azərbaycanda elmin və təhsilin inkişafına göstərdiyi dəstək haqqında ətraflı məlumat təqdim etdi. Cənab Yankauskas: “Təhsil və elmi tədqiqat sahəsindəki əməkdaşlıq bilik və təcrübənin sərbəst hərəkəti üçün imkan yaradır və bu da özlüyündə inkişaf etmiş iqtisadiyyat və açıq cəmiyyətin yaranmasında, həmçinin, qarşılıqlı anlaşma güclənməsində əsas rol oynayır”.

Layihə rəhbəri cənab İlkin Nəzərov layihənin əsas məqsədləri, fəaliyyət planı və hədəfləri haqqında məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırdı. Layihənin baş eksperti cənab Akim Hopbax təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiyası sahəsində Avropa təcrübəsi haqqında ətraflı məlumat təqdimat etdi, bu sahədə Xorvatiya, Almaniya və Çexiya Respublikasının təcrübəsini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Qeyd edilib ki, hal-hazırda Azərbaycanda 104 elmi müəssisə fəaliyyət göstərir və layihə vasitəsiylə həmin elmi müəssisələrin akkreditasiya prosesinin və təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Layihə dövründə bəzi elmi müəssisələrin pilot akkreditasiyasının həyata keçirilməsi gözlənilir.