Skip to main content

Avropa Bilik Yarışması

23/05/2021

23 may tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Gənc Avropa Səfirlərinin birgə əməkdaşlığı ilə Avropa Bilik Yarışması təşkil edilmişdir. “Avropa İttifaqını nə dərəcədə yaxşı tanıyırsınız?” adlı yarışma Avropa Gününə həsr olunmuş festival çərçivəsində keçirilmişdir.

Tədbirin məqsədi Azərbaycanın bütün bölgələrindən olan 14-26 yaşlı savadlı gəncləri bir araya gətirmək olmuşdur. Bilik Yarışması Avropanın tarixinə, dəyərlərinə, qurum və mədəniyyətinə dair iştirakçıların bilikərini interaktiv yolla artırmaqla yanaşı, komanda ruhunu hiss etməyə və analitik bacarıqları inkişaf etdirməyə kömək edir.

Təxminən 350 müraciət daxil olmuş, hər komandada 4 nəfər olmaqla yalnız 11 komanda Aİ haqda biliklərini sınamaq üçün seçilmişdir.

Öz çıxışı zamanı Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, cənab Kəstutis Yankauskas qeyd etmişdir: “Dostluq bir-birini tanımaqdan, öyrənməkdən və anlamaqdan başlayır. Bu, ölkələr arasındakı tərəfdaşlığa da şamil edilir: tərəfdaşlıq qarşılıqlı hörmət prinsipi ilə insanlar arasında əlaqələrə, bilik və dostluğa əsaslanır. Mən Gənc Avropa Səfirlərinin Avropa İttifaqına dair bilikləri təbliğ etmək təşəbbüsünü alqışlayıram. Bu, Aİ ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirməyə kömək edəcək”.

Yekunda yarışmanı “Randomika” komandası qazanmışdır. Qalib iştirakçılar Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, Kəstutis Yankauskas tərəfindən mükafatlandırılmışlar. Yarışmanın bütün iştirakçılarına kiçik hədiyyələr verilmişdir.