Skip to main content

Aİ və ÜST Azərbaycana COVID-19-la mübarizəyə dəstək üçün tibbi ləvazimat və avadanlıqlar gətirib

13/10/2021

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxmuş ağır xəstələrin
müalicəsində istifadə olunması üçün 2 ədəd invaziv və 1 ədəd qeyri-invaziv süni tənəffüs aparatı, 4 xəstə
monitoru, yüksək axınlı oksigen verilməsi üçün 12 nazal kanyula və COVID-19-un aşkarlanması üçün 4000
PZR testi üçün reagent Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verib. Bundan əlavə COVID-19
hallarının müşahidəsində istifədə üçün 100 ədəd tablet, 5 ədəd noutbuk, 5 ədəd modem və onlar üçün
gərəkli proqram təminatı Səhiyyə Nazirliyinə təqdim edilib.


Bu ləvazimat və avadanlıqlar Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının
Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində
ölkəyə gətirilib. Qeyd edək ki, 27 mart 2020-ci ildə Avropa İttifaqı Azərbaycan daxil olmaqla Şərqi Avropa
və Qafqazda altı ölkədə COVID-19 pandemiyasının qarşısını almaq, virusu aşkar etmək və mübarizə
aparmaq məqsədilə böyük həcmli yardım paketi ayırdığını elan edib. Daha əvvəl təşəbbüs çərçivəsində
2020-ci ilin iyul, sentyabr və dekabr aylarında tibb işçiləri üçün fərdi qoyucu vasitələr və pasiyentlərin
müalicəsində istifadə edilən tibbi ləvazimatlardan ibarət 4 yük Azərbaycana təhvil verilib. Bundan əlavə,
Aİ və ÜST Azərbaycanda COVID-19-a qarşı peyvəndləməyə yardım göstərmək və ölkənin rutin
immunizasiya sistemini gücləndirmək məqsədi daşıyan 3 illik “COVID-19-a qarşı vaksinasiyaya dəstək”
layihəsi başlatmışdır.


“Şərq Tərəfdaşlığı ölkələrində Avropa Ittifaqının Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü, COVID-19 pandemiyasına
qarşı Avropanın ortaq cavabının tərkib hissəsidir. Həmrəylik prinsipinə əsaslanan təşəbbüs virusa qarşı
mübarizədə tərəfdaş ölkələrin səhiyyə sistemlərini dəstəkləyir və ən həssas insanların ehtiyaclarını daha yaxşı
həll etməyə kömək edir. Pandemiya başlayandan bəri Aİ və ittifaqın, üzv ölkələrin və beynəlxalq maliyyə
qurumlarının qaynaqlarını özündə birləşdirən “Team Europe” paketi Azərbaycan da daxil olmaqla, Şərq
Tərəfdaşlığının altı ölkəsinə geniş yardım göstərir. Bu yardımın məqsədi COVID-19-un təsirini azaltmaqla ölkənin
uzunmüddətli sosial və iqtisadi dayanıqlılığına töhvə verməkdir” deyə  Avropa İttifaqının Azərbaycandakı
Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko qeyd edib. 


“COVID-19 pandemiyası bütün dünya üçün bəlaya çevrilib. Artıq iki ilə yaxındır bu şəraitdə yaşayırıq. Heç
bir ölkənin səhiyyə sistemi buna tab gətirə bilməzdi. Buna görə pandemiyaya qarşı mübarizədə beynəlxalq
əməkdaşlıq böyük önəm daşıyır” deyə bildirən səhiyyə nazirinin müavini Dr Viktor Qasımov göstərilən
dəstəyə görə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatına təşəkkür edib.


“Artıq il yarımdan çoxdur ki davam edən layihə çərçivəsində Avropa İttifaqının davamlı dəstəyi ilə və
ölkənin səhiyyə qurumları ilə əməkdaşlıqla Azərbaycanın pandemiyaya qarşı mübarizəsində
dəstəkləməkdəyik. Bu müddət ərzində həm tibbi ləvazimatların gətirilməsi, həm də tibb işçilərinin
təlimləri, texniki biliklərin paylaşımı və məlumatlandırma kampaniyaları vasitəsilə istər COVID-19-a qarşı
mübarizə, istərsə də, ölkənin daha uzunmüddətli səhiyyə ehtiyaclarının dəstəklənməsinə çalışırıq” deyə
ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr Hande Harmancı bildirib. Həmçinin, o,

fürsətdən istifadə edərək Avropa İttifaqının ölkəmizdəki yeni səfiri Peter Mixalkonu təyinatı münasibəti
ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.