Skip to main content

ŞƏKİNİN YENİ BRENDİ – A.N.S.

22/09/2023

Aynur, Nigar, Səlimə Kərimovaların ümid dolu hekayəsi…

Aynur, Nigar, Səlimə Kərimovalar “Covid-19” pandemiyası başlayanda ağıllarına belə gətiməzdilər ki, onlar pandemiydan A.N.S. brendi ilə çıxacaqlar. Hər şey bir günün içində dəyişdi. Uluçay təşkilatının İdarə Heyətinin sədri Mayis Səfərov onlara Avropa İttifaqının maliyyələşdirdiyi  “Şəkidə həssas icmalar üçün təcili startap dəstəyi” layihəsinə qoşulmağı təklif etdi. Həmin günləri Aynur belə xatırlayır:

Biz üç bacıyıq. Səkkiz il bundan əvvəl atamızı itirəndən sonra maddi vəziyyətimiz çox çətinləşdi. Evdə yeganə işləyən Səlimədir, hoteldə çalışır. Uzun illər bundan əvvəl o, Şəki İpək Kombinatında işləyirdi, briqadir idi. Sonra kombinatda iş dayandı. Səlimə də işsiz qaldı. Çarəsizlikdən özünə başqa iş tapmalı oldu. Üçümüz, bir də Nigarın balaca balası ilə birlikdə başımızı güclə dolandırırdıq ki, pandemiya da bir yandan çıxdı… Bir umid yerimiz də yox idi…

Günlərin birində qapımız döyüldü. Gələn Mayis doktor idi. Əlimizdən nə gəldiyi ilə maraqlandı. Dedik ki, turşular bağlaya bilərik. Amma işə başlamaq üçün heç nəyimiz yox idi – nə balon, nə tərəvəz. Bircə köhnədənqalma qırmızı rəngli banka bağlayanım vardı. Vəssəlam. Sağ olsun doktor, bizə lazım olan şeyləri almaq üçün vəsait verdi. Biz də işə başladıq.

Düzü, pomidor, xiyarı necə bağlamağı dədə-babadan bilirdik. Bilmədiyimiz bir şey olanda intertə baxırdıq. Elə şeylər var ki, onları ancaq təcrübə ilə öyrənirdik. Məsələn, indi bazarda ağzı standarta uyğun gələn bankalar tapmaq çətindir. Biz Əhməd balonlarını alırıq, sizə də məsləhət görürəm. Öz aramızda bir iş bölgüsü etmişik. Səlimə tərəvəzləri yuyur, hazırlayır. Nigarın əli balaca olduğu üçün məhsulu bankalara o yığır. Mən isə işin ən məsuliyyətli hissəsini görürəm – bankaları sterilizə etmək, qaynar su ilə doldurmaq mənim üzərimə düşür. Gərək çox ehtiyatlı olasan ki, balon əlindən sürüşüb düşməsin. Bir də balonu bağlamaq özü də bir məharət tələb edir. Hər bankabağlanayan bu işə yaramır. Mən köhnə qırmızı bankabağlayanımı heç nəyə dəyişmərəm. Düzü, təzə çıxanlara heç etibar da etmirəm.

Bu il 20 pomidor, 20 soğan, 150 xiyar turşusu bağladıq. Bir az da zoğal turşusu, kampot. 

Amma turşu bağlamaq hələ işin yarısıdır, məhsulu bazara çıxarmaq lazımdır. Bu işdə də layihə köməyimə çatdı. Bankaların üzərinə etiketləri layihə çap etdi. O ki qaldı bizim brendin adına, Mayis doktora dedik ki, indi bizi Şəkidə hamı ANS bacıları kimi tanıyır. Onda qərara alındı ki, brendimiz adı A.N.S. olsun. Gələn il ümid edirik ki, bazarda daimi alıcılar tapacağıq. Bu işdə layihə bizə kömək edir. Amma layihə bizə təkcə maddi dəsətək olmadı. Bu işin həm də mənəvi bir tərəfi var. Bizim həyatımıza rəng qatıldı, cəmiyyət içinə çıxmağa, tədbirlərdə iştirak etməyə başladıq. Biz gələcək haqqında düşünməyə başladıq. Fikirləşirəm ki, insanın rastına çıxan insanlardan çox şey asılıdır. Bəlkə də, haçansa məktəb illərində mənə dəstək olsa idi, mən rəssam olardım. Axı gözəl şəkillər çəkirdim, qabiliyyətim vardı. Amma imkansızlıq üzündən təhsil ala bilmədim… Elə ona görə də həyatımızın bütün dönəmlərində bizim əlimizdən tutan, dəstək olan layihələrə, bir də xeyirxah insanlara ehtiyac böyükdür.