Skip to main content

Peşə təhsil müəssisələrinin innovativ təşəbbüslərinin dəstəklənməsi üçün müsabiqə elan edilir

24/10/2023

Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) peşə təhsil müəssisələrinin (PTM) innovativ təşəbbüslərinin dəstəklənməsi məqsədilə müsabiqə elan edir.  

Müsabiqə “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində həyata keçirilir və rəqabətcil maliyyələşmə mexanizminin sınaqdan keçirilməsi istiqamətində peşə təhsil müəssisələrinə kömək məqsədi daşıyır.

Müsabiqədə iştirak etmək istəyən peşə təhsil müəssisələri aşağıda sadalanan prioritet istiqamətlər üzrə layihə təkliflərini təqdim edə bilərlər: 1) alternativ enerji, enerji resurslarından səmərəli istifadə və enerjidən istifadənin effektivliyinin artırılması; 2) ətraf mühitin mühafizəsi və ekoloji problemlərin aradan qaldırılması üzrə yenilikçi həllərin yaradılması; 3) qadınların və qızların, həmçinin sağlamlıq imkanları məhdud şəxslərin və digər həssas qrupların peşə təhsilinə cəlb edilməsi; 4) kənd təsərrüfatının inkişafına dəstək istiqaməti.

Layihə tərəfindən müsabiqədə qalib gəlmiş 10 (on) layihənin icrası üçün tələb olunan material və avadanlıqlarla dəstəklənməsi nəzərdə tutulur və hər bir layihə təklifinin maksimum büdcə məbləği 15 000 (on beş min) manat təşkil edir. Qeyd olunmalıdır ki, müsabiqədə yalnız Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsil müəssisələri iştirak edə bilər.

Belə ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan bütün peşə təhsil müəssisələri öncədən sahibkarlığın təşviqi və əlavə gəlir mənbələrinin yaradılmasına dəstək istiqamətində sözügedən layihə çərçivəsində təlimlərə cəlb edilib. 

Müsabiqəyə təqdim olunan layihə təklifləri üçün tələblər:

  1. Layihə təklifi aşağıdakı sənədlərdən ibarət olmalıdır:

•           Layihə təklifi forması;

•           Layihənin büdcəsi;

2. Layihəyə rəhbərlik edəcək şəxsin, əməkdaşların və layihənin icrasına cəlb ediləcək şəxslərin  tərcümeyi-halı (CV-ləri).

3. Müsabiqəyə təqdim ediləcək layihə təklifi üzrə fəaliyyət 6 aydan az və 9 aydan çox olmamalıdır.

4. Hər bir peşə təhsil müəssisəsi müsabiqəyə yalnız bir layihə təklifi təqdim edə bilər.

5. Təqdim edilən layihələr ya özəl sektor ilə əməkdaşlığı təşviq etməli, ya da özünü maliyyələşmə mexanizminə dəstək olmalıdır.

Müsabiqəyə təqdim olunan layihə təkliflərinin qiymətləndirilməsi üçün meyarlar:

  1. Yenilikçi yanaşma və innovativlilik (5 bal).
  2. Aktuallıq və potensial təsiri (5 bal).
  3. Reallaşdırma potensialı (cəlb ediləcək əməkdaşların profili və büdcə) (5 bal).

Müsabiqə fondunun büdcəsinə müvafiq olan və qeyd olunan meyarlar üzrə qiymətləndirmə nəticəsində ən yüksək bal toplamış layihələrə dəstək göstərilməsi nəzərdə tutulur. Özəl sektor ilə qarşılıqlı əməkdaşlığın təşviqinə yönələn layihələrə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak üçün əlaqədar sənədləri 20 noyabr 2023-cü il, saat 18:00 tarixinə qədər layihe.muraciet@vet.edu.az elektron poçt ünvanına göndərilməsi tələb olunur.

Layihə təklifinin təqdim edilməsi ilə bağlı sualların cavablandırılması məqsədilə 27 oktyabr tarixində görüşün təşkili nəzərdə tutulmuşdur. Görüşdə iştirak etmək istəyən peşə təhsil müəssisələri                       25 oktyabr tarixinə qədər layihe.muraciet@vet.edu.az ünvanına yazaraq qeydiyyatdan keçə bilərlər. Seçilmiş qalib layihələr müsabiqə bitdikdən sonra növbəti 30 gün müddətində məlumatlandırılacaqdır.

***

Peşə təhsilində alternativ və dayanıqlı maliyyə resurslarının tətbiqinə dəstək təşəbbüsü, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.