Skip to main content

 ŞƏKİNİN YENİ BRENDİ – A.N.S.

14/04/2025

Aynur, Nigar, Səlimə Kərimovaların ümid dolu hekayəsi…

Aynur, Nigar, Səlimə Kərimovalar “Covid-19” pandemiyası başlayanda ağıllarına belə gətirməzdilər ki, onlar pandemiyadan A.N.S. brendi ilə çıxacaqlar. Hər şey bir günün içində dəyişdi. “Uluçay” təşkilatının İdarə Heyətinin sədri Mayis Səfərov onlara Avropa İttifaqının maliyyələşdirdiyi “Şəkidə həssas icmalar üçün təcili startap dəstəyi” layihəsinə qoşulmağı təklif etdi.

– Biz üç bacıyıq. Səkkiz il bundan əvvəl atamızı itirəndən sonra maddi vəziyyətimiz çox çətinləşdi. Evdə yeganə işləyən Səlimədir, oteldə çalışır. Uzun illər bundan əvvəl o, Şəki İpək Kombinatında işləyirdi, briqadir idi. Sonra kombinatda iş dayandı. Səlimə də işsiz qaldı. Çarəsizlikdən özünə başqa iş tapmalı oldu. Üçümüz, bir də Nigarın balaca balası ilə birlikdə başımızı güclə dolandırırdıq ki, pandemiya da bir yandan çıxdı… Bir ümid yerimiz də yox idi…

Günlərin birində qapımız döyüldü. Gələn şəxs əlimizdən nə gəldiyi ilə maraqlanan, Avropa İttifaqının “Şəkidə həssas icmalar üçün təcili startap dəstəyi” layihəsinin nümayəndəsi idi.

Dedik ki, turşular bağlaya bilərik. Amma işə başlamaq üçün heç nəyimiz yox idi – nə balon, nə tərəvəz. Bircə köhnədən qalma qırmızı rəngli banka bağlayanım vardı. Bizi xoş təəccübləndirən isə Avropa İttifaqı layihəsinin bizə lazım olanları almaq üçün vəsait ayıra bilməsi müjdəsi oldu. Çox sevindik və işə başladıq.

Düzü, pomidordan, xiyardan turşu hazırlamağı dədə-babadan bilirdik. Bilmədiyimiz bir şey olanda internetə baxırdıq. Elə şeylər var ki, onları ancaq təcrübə ilə öyrənirdik. Məsələn, indi bazarda ağzı standarta uyğun gələn bankalar tapmaq çətindir. Biz xüsusi balonlar alırıq, sizə də məsləhət görürəm. Öz aramızda bir iş bölgüsü etmişik. Səlimə tərəvəzləri yuyur, hazırlayır. Nigarın əli balaca olduğu üçün məhsulu bankalara o yığır. Mən isə işin ən məsuliyyətli hissəsini görürəm – bankaları sterilizə etmək, qaynar su ilə doldurmaq mənim üzərimə düşür. Gərək çox ehtiyatlı olasan ki, balon əlindən sürüşüb düşməsin. Bir də balonu bağlamaq özü də bir məharət tələb edir. Hər banka bağlayan bu işə yaramır. Mən köhnə, qırmızı banka bağlayanımı heç nəyə dəyişmərəm. Düzü, təzə çıxanlara heç etibar da etmirəm.

Avropa İttifaqının “Şəkidə həssas icmalar üçün təcili startap dəstəyi” layihəsinin dəstəyi sayəsində bu il 20 pomidor, 20 soğan, 150 xiyar turşusu bağladıq.

Amma turşu bağlamaq hələ işin yarısıdır, məhsulu bazara çıxarmaq üçün zirək olmalı, həll yolları tapmalısan. Bu işdə də layihə vaxtında köməyimə çatdı. Bankaların üzərinə vurulan etiketləri layihə hazırlayaraq çap etdi. O ki qaldı brendimizin adına, layihə heyəti bizə dedi ki, indi bizi Şəkidə hamı “A.N.S bacıları” kimi tanıyır. Onda qərara alındı ki, brendimizin adı “A.N.S”. olsun. Gələn il ümid edirik ki, bazarda daimi alıcılar tapacağıq. Bu işdə layihə bizə kömək edir. Avropa İttifaqının “Şəkidə həssas icmalar üçün təcili startap dəstəyi” layihəsi bizə təkcə maddi dəstək olmadı. Bu işin həm də mənəvi bir tərəfi var. Bizim həyatımıza rəng qatdı, cəmiyyət arasına çıxmağa, tədbirlərdə iştirak etməyə başladıq.

Biz gələcək haqqında düşünməyə başladıq. Fikirləşirəm ki, insanın rastına çıxan insanlardan çox şey asılıdır. Bəlkə də, haçansa məktəb illərində mənə dəstək olsa idi, mən rəssam olardım. Axı gözəl şəkillər çəkirdim, qabiliyyətim vardı. Amma imkansızlıq üzündən təhsil ala bilmədim. Elə ona görə də həyatımızın bütün dönəmlərində bizim əlimizdən tutan, dəstək olan layihələrə, bir də xeyirxah insanlara ehtiyac böyükdür.