Skip to main content

Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində “Azərbaycanda İcmanın Gücləndirilməsi və Vətəndaş Cəmiyyəti Təşkilatlarının İnkişafı” adlı tədbir keçirilib

01/08/2023

26 İyul 2023-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində “Azərbaycanda İcmanın Gücləndirilməsi və Vətəndaş Cəmiyyəti Təşkilatlarının İnkişafı” adlı tədbir keçirilib.

Tədbirin əsas məqsədi IFRC ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) arasında inkişafa dayalı əməkdaşlıq təcrübəsini gözdən keçirmək və eyni zamanda Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində İcmanın Gücləndirilməsi və IFRC yanaşmasını önə çıxarmaq olub.

Tədbirin birinci mərhələsi AzQAC-ın prezidenti Novruz Aslanovun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun və IFRC-nin Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muxamadiyevin salamlama nitqləri ilə başlayıb. Hər bir qurum insanlıq naminə fəaliyyətlərini və gördükləri işləri qeyd etməklə yanaşı, gələcəkdə humanitar fəaliyyətlə bağlı təşkilatlar arasında əməkdaşlığın vacibliyini vurğulayıb və layihə çərçivəsində birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.

Tədbirin ikinci mərhələsində IFRC-nin Azərbaycandakı Proqram və Əməliyyatlar üzrə meneceri Serdar Günel illər ərzində IFRC ilə AzQAC arasında institusional inkişafda əldə olunan nailiyyətlər, öyrənilmiş və yaxşı təcrübələrlə bağlı inkişafa dayanan əməkdaşlıq haqqında ətraflı məlumat verib.

Daha sonra Serdar Günel çıxışına Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində İcmanın Gücləndirilməsi və IFRC yanaşması mövzusunda təqdimatla davam edib. Təqdimat zamanı o, məqsədlər və gözlənilən nəticələr, Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) ilə əlaqə və metodologiya, təkliflər üçün çağırış, VCT-lərin seçimi, eləcə də gələcək addımlar barədə çıxış edib.

Tədbirin sonunda qonaqlar tərəfindən verilən suallar cavablandırılıb.