Avropa İttifaqı və BMTİP Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları üçün iki qrant proqramı elan edir
“Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları (VCT) üçün kiçik qrant proqramlarına start verir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən həyata keçirilən bu layihə çərçivəsində VCT-lər üçün iki qrant proqramı elan edilir.
Birinci qrant proqramı VCT-lərin yerli inkişafda iştirakını dəstəkləmək məqsədi daşıyır. Bu Çağırışın ümumi məqsədi yerli inkişaf proseslərində bacarıqlı və nüfuzlu tərəflər kimi vətəndaş cəmiyyəti təşkilatlarının iştirakını artırmaq və onların dayanıqlı inkişafda inkişaf/transformasiya icraçıları kimi rolunu gücləndirməkdir.
Bu qrant proqramının ümumi məbləği 473,739 ABŞ dolları nəzərdə tutulur. Proqrama müraciətlərdən müvafiq büdcə ilə ən yaxşı təkliflər qiymətləndiriləcək və 22 -yə qədər təşkilat mükafatlandırılacaqdır. Sözügedən qrant proqramına müraciət üçün bütün layihələr inklüziv icma iştirakı komponentini özündə əks etdirməli və etibarlı sayılan icma qiymətləndirməsi və iştirak metodlarından isifadə etmiş olmalıdırlar.
İkinci qrant proqramı dəlilə əsaslanan siyasətin hazırlanmasında, siyasət dialoqunda və siyasət müzakirələrində vətəndaş cəmiyyəti təşkilatlarının iştirakını dəstəkləmək məqsədi daşıyır. Bu Çağırışın ümumi məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının siyasətlərin inkişafına təsirini artırmaq və vətəndaşların maraqlarını ifadə edə və müdafiə edə bilən inkişaf/transformasiya icraçıları kimi onların rolunu gücləndirməkdir.
Bu qrant proqramının ümumi məbləği isə 630,252 ABŞ dolları nəzərdə tutulur. Proqrama müraciətlərdən müvafiq büdcə ilə ən yaxşı təkliflər qiymətləndiriləcək və 15-ə qədər müxtəlif təşkilat mükafatlandırılacaqdır. Sözügedən qrant proqramına müraciət üçün bütün layihələr güclü şəkildə siyasətlərin təhlili komponentini özündə əks etdirməli və araşdırma, data toplanması və təhlili üzrə sınaqdan keçmiş metodlardan isifadə etmiş olmalıdırlar.
Layihələr Azərbaycanın regionlarda həyata keçirilməli və 6 ay – 10 ay müddəti ərzində icrası nəzərdə tutulmalıdır.
Təkliflər üçün çağırışlar aşağıdakı prioritet mövzular ətrafında layihə fəaliyyətlərini dəstəkləyəcək:
1) Gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi
2) İqlim dəyişikliyi
3) COVID-19 pandemiyasına qarşı cavab tədbirləri
Müraciətlər panel komitəsi tərəfindən nəzərdən keçiriləcək və müvafiq olaraq ərizəçilərə məlumat veriləcəkdir. Əlavə məlumat tələb olunarsa, BMTİP VCT ilə əlaqə saxlaya bilər.
Hər iki qrant proqramı üzrə məlumat sessiyası 25 may 2022-ci il tarixində saat 14:00-dan 17:00-dək onlayn (Zoom) keçiriləcək. Məlumat sessiyasında iştirak etmək istəyənlər info.az@undp.org elektron poçt ünvanına yazaraq qeydiyyatdan keçməlidirlər.
VCT-lər öz suallarını 17 iyun 2022-ci il saat 18:00-dan gec olmayaraq info.az@undp.org ünvanına göndərə bilərlər. Suallara cavablar BMT-nin İnkişaf Proqramının Azərbaycan saytında yerləşdiriləcək.
Sözügedən qrant proqramlarına müraciət etmək üçün tələb olunan bütün sənədlər
24 iyun 2021-ci il, yerli vaxtla saat 18:00-dan gec olmayaraq info.az@undp.org ünvanına göndərilməlidir. Ətraflı məlumat aşağıdakı keçidlərdən tanış ola bilərsiniz.
Birinci qrant proqramı üçün: BURADAN MÜRACİƏT EDİN!
İkinci qrant proqramı üçün: BURADAN MÜRACİƏT EDİN!
***
Kiçik qrant proqramları, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən təşkil edilir.
Layihə – siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, sosial sahibkarlıq və sosial innovasiyanın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsini hədəfləyir.