“Azərbaycanda peşə təhsili və təlimində keyfiyyət təminatı və kredit transferi üçün potensialın gücləndirilməsi” layihəsi çərçivəsində seminar keçirilib
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in icra etdiyi və benefisiarı Peşə Təhsili üzrə Dövlət Agentliyi olan “Azərbaycanda peşə təhsili və təlimində keyfiyyət təminatı və kredit transferi üçün potensialın gücləndirilməsi“ layihəsi çərçivəsində 12 may 2023-cü il tarixində “Peşə təhsilində kreditlərin toplanması və transferi sistemi” mövzusunda seminar keçirilib.
Seminarın əsas məqsədi Azərbaycanda təhsil sistemində tətbiq olunan kredit sisteminin mövcud vəziyyətinin təhlili üzrə aparılmış araşdırmanı təqdim etmək, kredit sistemi üzrə Avropa ölkələrinin qabaqcıl təcrübələri və peşə təhsilində kredit sisteminin təkmilləşdirilməsi üçün mümkün gələcək addımları müzakirə etmək olub.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən və direktor müavini Ceyhun Kərəmov açılış nitqi edərək peşə təhsilində kredit transfer sisteminə keçid haqqında məlumat verdi. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən Layihə meneceri Rza Zülfüqarzadə Avropa İttifaqının Azərbaycanda peşə təhsilinə və kredit sisteminin inkişafına göstərdiyi dəstək barədə çıxış etdi.
Layihənin komanda rəhbəri İlkin Nəzərov layihənin məqsədləri və fəaliyyət planı haqqında məlumatları iştirakçılarının nəzərinə çatdırdı. Kredit sistemi üzrə beynəlxalq ekspert Stefan Con Azərbaycanın təhsil sistemində tətbiq edilən kredit sisteminin mövcud vəziyyəti, kreditlərin toplanması və transferi, kredit sistemində Avropa ölkələrinin qabaqcıl təcrübələri və təklif edilən tövsiyələr haqqında təqdimatla çıxış etdi. Daha sonra tədbir sual-cavab və müzakirə formatında davam etdi.
Seminarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrinin əməkdaşları, peşə təhsili müəssisələrinin, universitetlərin, Təhsil İnstitutunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin və işəgötürənlərin nümayəndələri iştirak edib.
Bu Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Peşə Təhsili üzrə Dövlət Agentliyinin keyfiyyət təminatı çərçivəsini və peşə təhsilində kredit transferi sistemini inkişaf etdirməklə peşə təhsili və təliminin keyfiyyətini artıraraq Azərbaycanda insan kapitalının gücləndirilməsinə kömək etməkdir.