Skip to main content

“Azərbaycanda peşə təhsili və təlimində keyfiyyət təminatı və kredit transferi üçün potensialın gücləndirilməsi” layihəsi çərçivəsində seminar keçirilib

05/04/2023

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in icra etdiyi və benefisiarı Peşə Təhsili üzrə Dövlət Agentliyi olan “Azərbaycanda peşə təhsili və təlimində keyfiyyət təminatı və kredit transferi üçün potensialın gücləndirilməsi“ layihəsi çərçivəsində 04 aprel 2023-cü il tarixində “Peşə təhsilində keyfiyyət təminatı və qabaqcıl təcrübələr” mövzusunda seminar keçirilib.

Seminarın əsas məqsədi Azərbaycanda peşə təhsilində keyfiyyət təminatı sisteminin təhlili üzrə aparılmış araşdırmanı təqdim etmək, keyfiyyət təminatı konsepsiyası, metodologiya və peşə təhsilində keyfiyyət təminatı üzrə qabaqcıl beynəlxalq təcrübələri, institusional və peşə təhsili müəssisələri səviyyəsində keyfiyyət təminatının təkmilləşdirilməsi üçün mümkün gələcək addımları müzakirə etmək olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən və direktor müavini cənab Ceyhun Kərəmov açılış nitqi edərək peşə təhsilində daxili keyfiyyət təminatı haqqında məlumat verdi. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən Layihə meneceri cənab Rza Zülfüqarzadə öz nitqində Avropa İttifaqının Azərbaycanda peşə təhsilinə və keyfiyyət təminatına dəstəyi haqqında məlumat təqdim etdi.

Layihənin komanda rəhbəri cənab İlkin Nəzərov layihənin məqsədləri və fəaliyyət planı haqqında məlumatları iştirakçılarının nəzərinə çatdırdı. Daxili keyfiyyət təminatı üzrə beynəlxalq ekspert cənab Serban İosifescu Azərbaycanda peşə təhsilində keyfiyyət təminatının mövcud vəziyyəti, bu sahədə qabaqcıl təcrübələr, təklif edilən yeniliklər və inkişaf perspektivləri haqqında təqdimatla çıxış etdi. Daha sonra tədbir sual-cavab və müzakirə formatında davam etdi.

Seminarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin struktur bölmələrinin əməkdaşları, peşə təhsili müəssisələrinin və Aİ tərəfindən maliyyələşdirilən digər layihələrin nümayəndələri iştirak edib.

Bu Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Peşə Təhsili üzrə Dövlət Agentliyinin keyfiyyət təminatı çərçivəsini və peşə təhsilində kredit transferi sistemini inkişaf etdirməklə peşə təhsili və təliminin keyfiyyətini artıraraq Azərbaycanda insan kapitalının gücləndirilməsinə kömək etməkdir.