Skip to main content

“Azərbaycanda peşə təhsili və təlimində keyfiyyət təminatı və kredit transferi üçün potensialın gücləndirilməsi” layihəsi çərçivəsində seminar keçirilmişdir

13/02/2023

9 fevral 2023-cü il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi və  “IBF International Consulting“ şirkətinin rəhbərlik etdiyi konsorsiumun icra elədiyi “Azərbaycanda peşə təhsili və təlimində keyfiyyət təminatı və kredit transferi üçün potensialın gücləndirilməsi“ layihəsi çərçivəsində “Kvalifikasiyaların standartlaşdırılması” mövzusunda seminar beynəlxalq ekspert Stefan Con tərəfindən keçirilmişdir.

Layihənin məqsədi Peşə Təhsili üzrə Dövlət Agentliyinin keyfiyyət təminatı çərçivəsini və peşə təhsilində kredit transferi sistemini inkişaf etdirməklə peşə təhsili və təliminin keyfiyyətini artıraraq Azərbaycanda insan kapitalının gücləndirilməsinə kömək etməkdir.

Seminarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun müvafiq şöbəsinin əməkdaşları, eləcə də universitet və peşə təhsil mərkəzlərinin nümayəndələri iştirak edib. Seminar Azərbaycan təhsil sistemini, Avropa Kvalifikasiya Çərçivəsini, Peşə təhsili üçün Avropa Kredit Sistemini, kvalifikasiyaların növlərini, kvalifikasiyaların tərkib hissəsi olan modulların və onların kredit dəyərinin müəyyən edilməsi, təlim nəticələrinin və qiymətləndirmə meyarlarının yazılması üzrə beynəlxalq təcrübəni əhatə edib.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir.