Aİ-ÜST Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində Azərbaycanın səhiyyə mütəxəssisləri Ankarada İPN üzrə təkmilləşdirmə proqramında iştirak edib
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində ÜST Azərbaycan ölkədə İnfeksiyaların Profilaktikası və Nəzarət (İPN) mexanizminin gücləndirilməsinə dəstək olmağa davam edir. Bu Aİ-ÜST birgə layihəsinin, eyni zamanda USAID tərəfindən maliyyələşdirilən Azərbaycan Pandemiyaya Cavab Tədbirləri layihəsinin tərkib hissəsi kimi, TƏBİB-in təşəbbüsü ilə Türkiyə Respublikasının Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda xəstəxanaların İPN üzrə 19 məsul şəxsinin və səhiyyə mütəxəssisinin iştirak etdiyi təkmilləşdirmə proqramı təşkil edilib.
Türkiyənin seçilmiş xəstəxanalarında təşkil edilmiş bu proqram ən yaxşı təcrübələrin öyrənilməsi və Azərbaycanın İPN mexanizminin gücləndirilməsi məqsədi daşıyır. Proqramın əsas hədəflərindən biri də Azərbaycanda tətbiq edilə biləcək tədbirlərin mənimsənilməsi və həm ölkə səviyyəsində, həm də xəstəxanalar səviyyəsində qərar qəbul edən məsul şəxslərin bilik və bacarıqlarının artırılmasıdır. Tədbirin ilk günü iştirakçılar Səhiyyə Nazirliyində olaraq İctimai Səhiyyə Baş İdarəsinin mütəxəssislərinin təqdimat sessiyaları vasitəsilə Türkiyənin İPN təcrübəsini yaxından öyrənmək fürsəti əldə edib.
Daha sonra Gülhanə Təhsil və Tədqiqat Xəstəxanası, Ankara Onkologiya Təhsil və Tədqiqat Xəstəxanası və 29 May Xalq Xəstəxanasında təcrübə keçən Azərbaycan mütəxəssisləri xəstəxanaların İPN proqramı, İPN komitələrinin işi, təlim və təhsil məsələləri, İPN tibb bacılarının rolu, tibbi tullantıların idarəolunması və əl gigiyenası mövzularında məlumatlar əldə edib və xəstəxanaların müxtəlif şöbələrində İPN-nin təşkili ilə tanış olub. İştirakçılar mikrob əleyhinə preparatlara davamlılıq və xəstəxanadaxili infeksiyalarla mübarizə, habelə əl gigiyenası üzrə multimodal strategiya kimi müxtəlif mövzulara dair Türkiyə təcrübəsini öyrənib. Səfər başa çatdıqdan sonra İPN üzrə təkmilləşdirmə proqramının nəticələrinə dair görüş keçirilib, iştirakçılar sertifikatlarla təltif edilib.
TƏBİB və Türkiyə Respublikasının Səhiyyə Nazirliyi arasındakı bu texniki əməkdaşlıq Azərbaycanın İPN mexanizminin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən 2020-ci ilin aprel ayından etibarən həyata keçirilən COVID-19 pandemiyası ilə mübarizəyə dəstək layihəsidir. Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsi olan Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.