Bərpaolunan enerji ən həssas təbəqənin həyat çırağıdır
Azərbaycan bərpaolunan enerji potensialı yüksək olan ölkədir. Bununla belə, təmiz mənbələrdən əldə edilən elektrik enerjisinin payı 2023-cü ildə ölkənin ümumi istehsalının cəmi 7%-ni təşkil edib, halbuki dünya üzrə orta göstərici 30%-dir. Qlobal yaşıl keçidə nail olmaq üçün iqlim dəyişikliyinin təsirləri ilə bağlı məlumatlılığın artırılması və əhali arasında təmiz enerjinin təşviqi danılmaz şərtlərdəndir. Bu qlobal missiyanı qarşısına məqsəd qoyaraq, Azərbaycanın qərbində Gəncə şəhərində fəaliyyət göstərən Gəncə Avro-Atlantik İnformasiya Mərkəzi (GAAMM) icitimai birliyi Gəncə-Qazax bölgəsində yerli icmalara yaşıl enerji mənbələrindən istifadə etməkdə dəstək olur. Təşkilat Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncədə yerləşən və əhalinin ən həssas təbəqələrinə xidmət göstərən iki sosial obyektdə günəş enerjisi avadanlıqlarını quraşdıraraq bərpaolunan enerji mənbələrini ailədaxili və məişət zorakılığının qurbanı olan qadınların və sağlamlıq imkanları məhdud olan uşaqların istifadəsinə verib.
Gəncədə fəaliyyət göstərən sığınacaq ailələrində şiddət və zorakılıqla üzləşmiş 20-dən çox qadın və uşağın müvəqqəti evidir. Bura onların qorxu və təşvişdən qorunduğu və güvəndə ola biləcəkləri təhlükəsiz limandır. Üç yataq otağı, bir qonaq otağı, iki mətbəx və bir vanna otağından ibarət sığınacaq böyük olmasa belə sakinlərinin təhlükəsizliyinə, həmçinin onların ailə üzvlərinin təcavüzündən və hədə-qorxularından qorunmasına zəmanət verir. Solmaz (əsl adı dəyişdirilib) son 7 aydır ki, sığınacaqda yaşayır. Uzun illər ərinin zorakılığına məruz qalıb. Həyat yoldaşı vəfat etdikdən sonra onun qohumları Solmaza əzab verib, şiddətlə döyüb və sonda evdən çıxarıblar. Bir ildən artıq küçədə yaşayan Solmaz bir gün sığınacağın qapısını döyüb. Sığınacaqda çalışan və Solmazın təhkim edildiyi sosial işçi Tamaşa o günləri belə xatırlayır: “O, çox stres keçirirdi, əsəbləri pozulmuşdu, bu vəziyyətdə həyəcandan ağzı söz tutmurdu, danışa bilmirdi, özünü ifadə edə bilmirdi”. “Burada yaşayan digər 20 qadının hər biri oxşar travma yaşayıb”.
Sığınacaq Gəncədə fəaliyyət göstərən “Təmas” ictimai birliyinin nəzdində yaranıb. Birlik, məişət və gender əsaslı zorakılığın qurbanı olan qadınlara çoxşaxəli yardım göstərir: yaşayış yeri ilə təminat və maliyyə dəstəyindən tutmuş hüquqi məsləhət və məşğulluq imkanlarının yaradılmasına qədər. Sığınacağın gündəlik ehtiyacları, o cümlədən elektrik enerjisi, qaz və kommunal ödənişlərinin öhdəsindən gəlmək üçün “Təmas” davamlı olaraq yeni resurslar axtarışındadır. Bu baxımdan, bərpaolunan enerjinin hər kəs üçün əlçatımlılığını təşviq edən GAAMM təşkilatı ilə “Təmas” arasında təməli qoyulan yeni əməkdaşlıq son dərəcə faydalı oldu. “GAAMM rəhbəri Mehman Xəlilovla ilk tanışlıq və əməkdaşlığımız 2018-ci ildən başladı, deyə “Təmas” təşkilatının rəhbəri Kübra Ələkbərova xatırlayır. “O, həmişə sığınacağımızın işinə sadiq olub. Bir gün çətin vəziyyətdə olan bir qadının kömək üçün qapımızı döyməsini görərək çox təsirlənmişdi və bu səhnənin şahidi olduğu andan bəri sığınacağa kömək etmək istəyirdi.” Məişət zorakılığı qurbanları üçün sığınacaqda günəş panelləri quraşdırmaq fikri də məhz GAAMM-nin həssas təbəqədən olan insanlara xidmət edən sosial obyektləri dəstəkləmək istəyindən doğdu. Bunu da GAAMM yaşıl enerjiyə keçid və hamı üçün bərabər imkanlar konsepsiyasına əsaslanaraq tətbiq etdi.
Gəncə qadın sığınacağında quraşdırılan 1,1 kVt gücündə günəş enerjisi avadanlıqları sığınacağın işıqlandırılması üçün enerji tələbatını tam ödəyərək il ərzində 840 kVt elektrik enerji sərfiyyatına qənaət etmiş olur. Avadanlıqlar quraşdırıldıqdan doqquz ay sonra nəticə göz qabağındadır: enerji xərcləri xeyli azalıb, karbon ayaq izi azalıb, il ərzində ümumilikdə 870 kq karbon dioksid emissiyasının atmosferə atılmasının qarşısı alınır, həmçinin elektrik enerjisi kəsildiyi zaman belə işıq kəsilmir. Mehman Xəlilov söyləyir: “Bir dəfə güclü külək və leysan yağışları səbəbindən sığınacağın yerləşdiyi küçədə elektrik enerjisinin verilişi dayanmışdır. Bu zaman sığınacaqda isə fasiləsiz işıq var idi – məhəllədəki tək ev idi ki oradan işıq gəlirdi! Buna təəccüblənən qonşular sığınacağın qapısını döyərək orada olan elektrik enerjisinin haradan və necə alındığını soruşmağa başladılar. Günəş panelləri haqqında eşidəndən sonra çox təəccübləndilər və maraqla bu panellərin necə quraşdırılması və işləməsi və ilə bağlı çoxlu sual verdilər. Günəş enerjisinin bir evi necə işıqlandıra bilməsi hər kəsi heyran etmişdi. Bu, “yaşıl” enerjinin icmada təşviq edilməsi təşəbbüsümüzün praktik nümunələrindən biri hesab edilə bilər.”
Sığınacağın uğurlu təcrübəsindən sonra Gəncə Avro-Atlantik İnformasiya Mərkəzi Gəncədə daha bir sosial müəssisə – Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi ilə əməkdaşlıq qurdu. 2015-ci ildən etibarən Reabilitasiya Mərkəzi əlilliyi olan uşaqların cəmiyyətə tam və bərabər inteqrasiyası üçün dəstək göstərir. Hazırda Gəncə və ətraf rayonlardan – Samux, Göygöl, Goranboy, Daşkəsən və Şəmkirdən olan 40-dan çox uşağa çoxsaylı terapiya xidmətləri göstərir və məşğələlər təklif edir. Quraşdırılmış günəş enerjisi sistemi binanın 100% yaşıl enerji əsasında işıqlandırılmasını təmin edib. Reabilitasiya Mərkəzinin rəhbəri Rövşən Novruzov deyir: “Yaşıl enerji hesabına bir il ərzində biz 900 kVt elektrik enerjisinə qənaət etməklə 90 manat maliyyə vəsaitinə qənaət edə bilirik. “İşıqlandırılmanın fasiləsiz olması mərkəzin xidmətlərindən istifadə edən il ərzində180 nəfərdən çox sağlamlıq imkanları məhdud uşağın reabilitasiya prosesinin daha keyfiyyətli aparılmasına şərait yaradır.”
GAAMM-nin fəaliyyəti yerli əhali arasında maraq doğurdu. Belə ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı vasitəsilə Avropa İttifaqının maliyyə vəsaiti hesabına təşkilat Gəncə şəhəri, eləcə də Göygöl və Samux rayonlarından olan gənclər üçün iqlim dəyişikliyinin təsirləri və alternativ enerji mənbələrinin əhəmiyyətini izah edən bir neçə məlumat sessiyası təşkil edib. “Gənclərin həvəsini görmək çox gözəl idi!” GAAMM rəhbəri söyləyir. “Onlar iqlim dəyişikliyinin azaldılmasına töhfə vermək üçün nə edə biləcəkləri ilə bağlı çoxlu sual verdilər. Mənim üçün bu dəyişikliyi gənclərdə görmək vacib idi, çünki onlar bizim missiyamızı davam etdirəcəklər”.
Layihəyə həmçinin vətəndaşlar arasında yaşıl enerji mənbələrinin geniş və fəal şəkildə təbliğ və təşviq edilməsinə maraq göstərən Gəncə-Qazax regionundan olan bir çox vətəndaş cəmiyyəti təşkilatları (VCT) da cəlb edilib. Ekoloji təşəbbüslərdə VCT iştirakını artırmaq məqsədi ilə GAAMM Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyi və yerli hökumət strukturları ilə sıx əməkdaşlıq qurmağı planlaşdıran səkkiz yerli təşkilatla “Yaşıl Enerji” koalisiyasını yaradıb.
“Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyasını 40% azaltmaq və 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq öhdəliyi götürüb. Və mən əminəm ki, vətəndaş cəmiyyəti təşkilatları ictimaiyyətin iqlim dəyişikliyi ilə bağlı məlumatlılığını artırmaqla və yaşıl enerjini təşviq etməklə mühüm töhfə verə bilər”, – deyə Mehman qeyd edir. “Noyabr ayında Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin Konfransı (COP29) ölkənin öhdəliklərini yerinə yetirməsində səylərimizi birləşdirmək üçün yaxşı fürsətdir”.
Müəlliflər: Volha Proxarava, Arzu Cəfərli
Foto: Mələk Mirzəyeva