Qadın minatəmizləyənlər danışır…
Samirə Aslanova: Mən bir həkim olaraq minaaxtaran qızlarımla fəxr edirəm! Onlar mənim aslanlarımdır.
Aslanova Samirə Nuru qızı Tərtər rayonunda yaşayır, dörd uşaq anasıdır. Onunla mina təmizləmə işi haqda səfər zamanı tanış oluruq.
“Özüm tibb məktəbini qurtarmışam və 25 il Tərtər Rayon Mərkəzi Xəstəxanasında işləmişəm”, Samirə söhbətə başlayır.
Samirə hazırda Ağdam və Tərtərdə paramedik olaraq çalışır və niyə bu işə gəldiyini fəxarətlə izah edir: “İçimdə böyük bir vətənpərvərlik hissi var. Məcburi köçkünlərimizin evlərinə tez qayıtmağına dəstək ola bilmək ümidilə fikirləşdim ki, azacıq da olsa, nəsə edə bilirəmsə, bu işdə mənim də töhfəm olsun. Bu cür fürsətin bir parçası olmağı özümə borc bildim və iştirak üçün layihəyə müraciət etdim. Hazırda paramedik olaraq çalışıram və bu işin tərkib hissəsi olduğum üçün çox sevinirəm”.
İşə başlamazdan öncə Samirə minatəmizləmə sahəsi üzrə çalışan peşəkar paramediklər tərəfindən xüsusi hazırlıq təlimlərindən uğurla keçib. Habelə Mina Məsləhət Qrupunun (MAG) beynəlxalq ekspertləri tərəfindən keçirilmiş nəzəri və praktiki təlimlər sayəsində çətin şəraitlərdə ilk tibbi yardımın göstərilməsi bacarıqlarını təkmilləşdirib.
Samirə eyni qrupda çalışdığı minaxtaran qadınların cəsurluğunu və işə yanaşmalarını xüsusi vurğulayır: “Qızlar çox yaxşı işləyirlər. Sahədə çox qoçaq və cəsurdurlar. Mən həmişə hər yerdə deyirəm ki, onlar mənim aslanlarımdır, pələnglərimdir. Mən onları bu cür görürəm və qiymətləndirirəm. Həm həkim olaraq, həm də qadın olaraq həmişə onların yanındayam! Onlar bir ana kimi də mənə müraciət edə bilirlər”.
Sahədəki iş prosesi haqda da Samirə bizi məlumatlandırır: “Biz sahədə ratsiya vasitəsilə bir-birimizə və qrup rəhbərimizə məlumat veririk. Ərazi üzrə bizim müvafiq tibbi məntəqələrimiz var və ilkin müdaxilə tələb edən məqamlarla bağlı oraya gedirik. Günvurma, özünü narahat hiss etmə, təzyiq və sağlamlıqla bağlı digər hər hansı məsələ olanda özümü tez onlara çatdırır və kömək etməyə çalışıram. Burada çalışdıqca da fərəhlənirəm. Ümidvaram ki, bu cür davam edəcəyik”.
Samirənin böyük uşaqlarının 24 yaşı yaşı var və ödənişli əsaslarla universitetdə təhsil alır. Digər iki övladı isə yuxarı sinif şagirdləridir. Bütün övladlarının təhsili ilə bağlı müəyyən ehtiyacları var və bu iş sayəsində Samirə övladlarına dəstək ola bildiyini fəxrlə qeyd edir.
“Mən layihədə əməyi keçən hər kəsə təşəkkür etmək istəyirəm. Burada bir çox həssas qrupdan olan qadınlar var və işsiz idilər. Bu fürsətlə onlar məşğulluqla təmin olundular və hazırda ailələrinə dəstək ola bilirlər. Biz çox sevinirik ki, bu cür yüksək məqsədi və məramı olan bir layihədə çalışırıq, həm də evimizə çörək aparırıq”.
Layihə sayəsində Samirə qürur duyduğu bir işlə məşğuldur və vətən qarşısında borcunu layiqincə yerinə yetirdiyini deyir. Həmçinin ailəsinə və övladlarının təhsilinə dəstək ola bilir.
***
Qeyd olunmalıdır ki, minaların axtarılması və təmizlənməsi istiqamətində fəaliyyət göstərən işçi qrupu Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və Mina Məsləhət Qrupu (the MAG) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “ANAMA-nın potensialının artırılması ilə məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsi” layihəsi çərçivəsində təsis edilib.