
Ümumdünya Humanitar Yardım Günü: Yardım işçilərinin cəsarəti çox vaxt ağır nəticələr hesabına başa gəlir

Avqustun 19-da qeyd olunan Ümumdünya Humanitar Yardım Günü ərəfəsində Avropa İttifaqı (Aİ) adından birgə bəyanat yayılıb. Bəyanatla çıxış edən Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Hazırlıq, Böhran İdarəçiliyi və Bərabərlik üzrə Avropa komissarı Hadja Lahbib qurumun dünyanın ən böyük humanitar yardım donoru olmaq öhdəliyinə sadiqliyini bir daha təsdiqləyiblər.
Aİ-nin adından açıqlanan sənəddə Kaya Kallas və Hadja Lahbib ehtiyacı olan insanlara ərzaq, su, sığınacaq və tibbi yardım çatdırmaq naminə hər gün həyatlarını təhlükəyə atan humanitar yardım işçilərinin cəsarətini yüksək qiymətləndiriblər.
“Onların fədakarlığı çox vaxt ağır nəticələr hesabına baş verir. Yardım işçilərinin həyəcan təbili çalacaq həddə hədəfə alınması, qaçırılması və qətlə yetirilməsi halları səngimək bilmir. 2026-cı ilin keçən dövrü ərzində 82 humanitar yardım işçisi öldürülüb, 39-u qaçırılıb, 97-si isə yaralanıb”, – sənəddə bildirilir.
“Humanitar yardım heyətinə, xəstəxanalara və mülki obyektlərə hücumlar təsadüfi xarakter daşımır. Bunlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Hüquqi normativlər isə qətidir: mülki şəxslərin, o cümlədən humanitar yardım işçilərinin mühafizəsi seçim deyil, mütləq öhdəlikdir. Cəzasızlıq mühiti yalnız yeni cinayətlərə rəvac verir”.
Sənəddə Rusiyanın Ukraynadakı hərbi təcavüzünün bu ölkənin sərhədlərindən çox-çox kənarda ciddi humanitar ehtiyaclar yaratdığı, ərzaq təchizatı zəncirini pozduğu, Afrika və Yaxın Şərqdəki həssas icmaları daha dərin böhrana sürüklədiyi də diqqətə çatdırılır.
Kaya Kallas və Hadja Lahbib bildiriblər ki, yalnız maliyyə dəstəyi kifayət etmir və yardım işçilərinin ehtiyac sahiblərinə maneəsiz çatmasını təmin etmək üçün Aİ sürətli, təhlükəsiz və maneəsiz humanitar keçidi müdafiə edən diplomatiyasını davam etdirməlidir.
Bəyanatda Aİ-nin hücuma məruz qalan yerli humanitar yardım işçilərinə təcili dəstək göstərən Humanitar yardım işçilərini qoruyun adlı çevik reaksiya mexanizmi xüsusilə qeyd olunur. Sözügedən proqram 2025-ci ildə 25 ölkə üzrə 782 yardım işçisinə müvafiq kömək göstərib.
Daha çox öyrənin
The post Ümumdünya Humanitar Yardım Günü: Yardım işçilərinin cəsarəti çox vaxt ağır nəticələr hesabına başa gəlir appeared first on EU NEIGHBOURS east.