Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlimlər keçirilmişdir

13/06/2023

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəstək məqsədilə icra etdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 7 iyun 2023-cü il tarixində “Ümumi təhsil müəssisələrinin monitorinqi üçün yenilənmiş çərçivə sənədi” mövzusunda təlim keçirilib.

Beynəlxalq ekspert Qreem Pollok tərəfindən keçirilən təlimin iştirakçıları məktəblərdə keyfiyyətin monitorinqi qrupunun 6 üzvü olub. Təlim ümumi təhsil müəssisələrində vizyon, missiya və məktəb mədəniyyəti, liderlik, sinif idarəçiliyi, dərsin planlaşdırılması, təhsildə innovasiya və inkişaflar kimi müxtəlif mövzuları əhatə etmişdir.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.