“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlim keçirilmişdir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in Təhsildə Keyfiyyət Təminatı Agentliyinə dəstək məqsədilə icra etdiyi “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 6 oktyabr 2023-cü il tarixində “Ümumi təhsil müəssisələrinin pilot akkrediyasiyası” mövzusunda onlayn formatda təlim keçirilib.
Layihə tərəfindən beynəlxalq təcrübəyə uyğun olaraq ümumi təhsil müəssisələrinin akkreditasiyası üçün istiqamət və meyarlar hazırlanmışdır və bu meyarların pilot sınağının keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə 201 nömrəli tam orta məktəbinin ümumilikdə 20 nəfər olmaqla aidiyyatı əməkdaşları üçün onlayn formatda təlim təşkil olunub. Təlim beynəlxalq ekspert Qreem Pollok tərəfindən keçirilib və ümumi təhsil müəssisələrinin akkreditasiyası, akkreditasiyanın meyar və prosedurları, özünütəhlil hesabatının hazırlanması mövzularını əhatə edib və sual-cavab sessiyası ilə yekunlanıb.
Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.