Avropa İttifaqı “Startap haradan başlayır?” mövzusunda təlim keçirib
Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində biznes ideyasını formalaşdırmış, lakin buna haradan başlamalı olduğunu bilməyənlər üçün “Startap haradan başlayır?” mövzusunda praktiki seminar keçirib.
Tədbirin əsas məruzəçiləri – “Saatsrore” brendinin təsisçisi Hüseyn Hümbətov, videobloqqer, “Libraff” kitab mağazaları şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Sərxan Rüstəmov və kommunikasiya məsələləri üzrə ekspert Afət Yaqubova kiçik biznes qurmaq üçün lazım olan bacarıqlar, bu bacarıqları artırmaq üçün oxunmalı kitablar, nəhayət, sosial şəbəkələrdən istifadənin kiçik biznesin inkişafına verə biləcəyi dəstək barədə mülahizələrini auditoriya ilə bölüşüblər.
Avropa İttifaqı 2023-2024-cü illəri “Avropa bacarıqlar ili” bəyan etmişdir. Məqsəd innovasiyaları və rəqabəti dəstəkləməklə ömürboyu öyrənmə, insanların və şirkətlərin güclənməsi yolu ilə “yaşıl” və rəqəmsal texnologiyalara keçidə töhfə verməkdir. “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində baş tutan silsilə təlim və seminarların məqsədi gənc nəsli karyera planlanması, təhsil və tələbə təqaüdü imkanları barədə bilgiləndirmək, həmçinin “startap” qurmaq və sahibkarlıq fəaliyyətinə başlamağa şövq etməkdir.
“Doğru bacarıqlar qazan” kampaniyasının məqsədi gələcək işlər naminə yeni, yaxud doğru bacarıqlar qazanmaq üçün vaxtın heç zaman gec olmadığını bariz şəkildə göstərməkdir. Avropa İttifaqı ali təhsil, peşə təhsili, bölgələrin inkişafı, mədəniyyət, səhiyyə və digər mühüm sahələrdə Azərbaycan Respublikasının uzunmüddətli və strateji tərəfdaşıdır. Aİ-nin dəstəyi ilə çox sayda insan biznes qurmuş, kənd təsərrüfatı istehsalına başlamış, yeni bacarıqlar əldə etmiş və təlimlərdən keçmişdir.