“Aypara mənə yağan yağışdan sonra çıxan günəş oldu”
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində IFRC Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) “Psixi Sağlamlıq və Psixososial dəstək (PSPSD)” potensialını gücləndirməyə davam edir.
Bu Güneldir, və o Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllüsüdür.
“Mən Günel Abbasova, artıq 14 ildir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam rayon bölməsinin könüllüsüyəm. Mən Ağdamdan məcburi köçkün düşəndə münaqişə mənim də həyatımda bir çox iz buraxmışdı. Yarım qalan arzularım, itirdiyim uşaqlığım və ali təhsil ala bilməməyim məni çox sarsdı psixoloji olaraq. Çətinliklərə baxmayaraq, balaca Günel artıq böyümüşdü, lakin arzuları hələ də həyata keçməmişdi. Həmişə düşünürdüm ki, böyüyəndə hüquqşünas olacam və ehtiyacı olan insanlara yardım edəcəm.”
Milli Cəmiyyət Günelin həyatında böyük rol oynayıb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ona bu çətin zamanlarda ümid verib və potensialını reallaşdırmağa kömək edib.
“Zaman keçirdi, yaş üstə yaş gəlirdi, və mən artıq ümüdimi itirirdim. Lakin, ümüdlərimin tükəndiyi anda təsadüfən yolda bir nəfərlə qarşılaşdım. O insan mənə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam bölməsi haqqında məlumat verdi və orada könüllülərə ehtiyac olduğunu bildirdi. Maddi maraq güdmədən könüllü kimi bu cəmiyyətin missiyasının bir parçası ola biləcəyimi dedi. Normalda hər birimiz ən azından xırda da olsa görəcəyimiz işin qarşılığında maddi dəstək gözləyirik. Amma nədənsə heç bu barədə bir saniyə belə düşünmədim. Artıq seçimimi etmişdim. Özümü orada tapacağıma inandım və həqiqətən də yanılmadım. Seçimim mənim qırıq qanadlarımı sağaltdı, Aypara mənə yağan yağışdan sonra çıxan günəş oldu.”
Milli Cəmiyyət onun bilik və bacarıqlarını inkişaf etdirə biləcəyi bir yerə çevrildi. Amma Günel nəyinsə çatışmadığını hiss edirdi.
“İllər sonra artıq təhsil almaq fikrindən vaz keçmişdim, lakin Ayparada özümü inkişaf etdirməyə başladım. Bir çox rayon və şəhərlərə səfər edərək, peşəkar və savadlı təlimçilərdən təlimlər alırdım, bilik və bacarıqlarımı artırırdım.
Özümü daha xoşbəxt hiss etməyə başlamışdım. Humanitar yardımların paylanışında iştirak edirdim, ilk yardım göstərirdim, bir çox insanlarla tanış olub dostlar qazanmışdım. Amma hələ də çatışmayan nələrsə var idi. Bəzən çox gücsüz olurdum. Bəzən isə baş verən hadisələrdən qaçırdım, sankı itirmək qorxusu məni irəli addım atmağa imkan vermirdi.
İnkişaf etdikcə özümü axtarışa başladım. Mən kiməm, hardayam və harda olmalıyam. Bu sualları özümə daima verirdim. Bir gün yeni təlimin elanını etdilər. Təlimin adını eşidərkən içimdə xoş bir qığılcım yarandı. Əlbəttə ki, həyatımın o məqamında mənim məhz bu mövzuda təlimə ehtiyacım var idi – psixi sağlamlıq və psixososial dəstək.”
Psixi sağlamlıq və psixososial dəstək sahəsi onun həyatında çatışmayan boşluğu doldurdu – özünü daha yaxşı anlamağa, daha xoşbəxt olmağa və insanlarla münasibətlərini yaxşılaşdırmağa kömək etdi.
“Bu mövzuda təlimlərə qatılıb fəaliyyətlərdə iştirak edərkən, özümü və öz istəklərimi daha yaxşı başa düşməyə başladım. İllər keçdikcə artıq bu sahədə digər insanları da maarifləndirə biləcəyim səviyyəyə çatmışdım. Artıq mən AzQAC könüllüsü olaraq məktəblərdə 5-12 yaş uşaqlarla işləməyə başlamışdım, onlara psixososial məşğələlər keçirirdim.”
“İndi özümü tapmışam və bilirəm ki, psixi sağlam olmadan sağlam olmaq mümkün deyil. Streslə mübarizə etməyi bacarıram və özümə qayğı göstərirəm. Bu mövzuda icma üzvlərinə maarifləndirmə sessiyaları keçirirəm. İnsanlar psixi sağlamlıq mövzusunda maarifli olsalar bu onları psixoloji problem və travmalardan qoruya bilər. Həyatlarında ümid və işıq olduğunun fərqinə vararlar.”
“İndi daha güclüyəm. İstəyirəm ki, insanlar bir olub çətin vəziyyətlərdə bir birilərinə dəstək olsun. Necə ki biz bunu Aypara Cəmiyyətində edirik. Məni mənə qazandıran Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və Psixi Sağlamlıq və Psixososial dəstək komandasına çox təşəkkür edirəm.”