Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təcrübə səfəri təşkil edilib

02/11/2023

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 23-27 oktyabr 2023-cü il tarixlərində İrlandiyaya təcrübə səfəri təşkil edilib.

Təcrübə səfərinin məqsədi İrlandiyanın kvalifikasiyalar, keyfiyyət təminatı sistemi üzrə təcrübəsi ilə tanış olmaq və Keyfiyyət Təminatı üzrə Assosiasiyayanın (ENQA) Baş Assambleyasında iştirak etmək olub.

23-24 oktyabr tarixlərində iştirakçılar İrlandiyanın Keyfiyyət və Kvalifikasiyalar Agentliyi, Dublin Şəhər Təhsil və Təlim Şurası ilə görüşlər keçirib və Dublin Texnologiya Universitetinə səfər ediblər. Təcrübə səfəri İrlandiyada ali təhsil, peşə təhsili və təlim üçün xarici keyfiyyət təminatının icmalı, təcrübədə xarici keyfiyyət təminatı və potensialın yaradılması, keyfiyyət təminatı hesabatlarının tematik təhlili, əvvəlki təhsilin tanınması, əlavə təhsil və təlimdə keyfiyyət təminatı prosesinin hüquqi, institusional və maliyyə aspektləri, keyfiyyət təminatı prosesinin rəqəmsallaşdırılması, toplanmış məlumatların təhlili və digər müəssisələrlə (dövlət və özəl) keyfiyyət təminatı üzrə əməkdaşlığı əhatə edib.

25-27 oktyabr tarixlərində isə nümayəndə heyəti tərəfindən Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin ENQA-ya tam üzvlüyünə nail olmaq məqsədilə Baş Assambleya gedişində görüşlər və Ukraynanın keyfiyyət təminatı agentliyi NAQA ilə imzalanmış əməkdaşlıq üzrə anlaşma memurandumunun mübadiləsini həyata keçiriblər. Təcrübə səfərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üç, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bir nümayəndəsindən ibarət heyət iştirak edib.

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.