“Azərbaycanda peşə təhsili və təlimində keyfiyyət təminatı və kredit transferi üçün potensialın gücləndirilməsi” layihəsi çərçivəsində öyrənmə səfəri təşkil edilib
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “IBF International Consulting“in icra etdiyi və benefisiarı Peşə Təhsili üzrə Dövlət Agentliyi olan “Azərbaycanda peşə təhsili və təlimində keyfiyyət təminatı və kredit transferi üçün potensialın gücləndirilməsi“ layihəsi çərçivəsində 26-30 iyun 2023-cü il tarixlərində öyrənmə səfəri təşkil edilib.
OeAD-GmbH (Avstriya Təhsil və Beynəlmiləlləşmə Agentliyi) ev sahibliyi etdiyi təlim səfərinin məqsədi müzakirə və məlumat mübadiləsi aparmaq, eləcə də Azərbaycan və Avstriya arasında peşə təhsili və təlimi sahəsində əməkdaşlığı inkişaf etdirmək olub.
Beş günlük təlim səfəri Avstriyanın peşə təhsili və təlimi sistemi, peşə təhsili və təlimi siyasəti, keyfiyyət təminatı strategiyası, peşə təhsili müəssisələri səviyyəsində keyfiyyət təminatı, peşə təhsili müəssisələrinə səfərlər, Avstriya Milli Kvalifikasiya Çərçivəsinin (MKÇ) təşkili və təbiqi, peşə təhsili üzrə Erasmus+ proqramı, yaşlıların təhsili və yaşlıların təhsilində keyfiyyət təminatını əhatə etmişdir. Təlim səfəri zamanı iştirakçılar Elm və Tədqiqat Nazirliyi və Avstriya Təhsil və Beynəlmiləlləşmə Agentliyi ilə görüşlər keçirib, turizm və avtomobil mühəndisliyi üzrə peşə təhsili müəssisələrinə və “Auto Stahl Reparatur und Vertriebsgesellschaft M.B.H” şirkətinə səfərlər ediblər.
Öyrənmə səfərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin müvafiq struktur bölmələrinin və peşə təhsili müəssisəsələrinin altı nümayəndəsi iştirak edib.
Bu Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Peşə Təhsili üzrə Dövlət Agentliyinin keyfiyyət təminatı çərçivəsini və peşə təhsilində kredit transferi sistemini inkişaf etdirməklə peşə təhsili və təliminin keyfiyyətini artıraraq Azərbaycanda insan kapitalının gücləndirilməsinə kömək etməkdir.