Skip to main content

GÜCLÜ QADIN, GÜCLÜ CƏMİYYƏT

13/03/2025

12 mart 2025-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Beynəlxalq Qadınlar Gününü qeyd etmək məqsədilə “GÜCLÜ QADIN GÜCLÜ CƏMİYYƏT” şüarı altında xüsusi tədbirlə yeni kampaniyaya start verib. Tədbirdə həmçinin azərbaycanlı qadın rəssamların “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub və Polşanın Bakıdakı səfirliyinin “Görkəmli polşa qadınları” adlı sərgisi nümayiş etdirilib.

Kampaniyanın məqsədi 2025-ci il Beynəlxalq Qadınlar Gününün “fəaliyyəti sürətləndirmək” adlı əsas mövzusu ilə yanaşı, gender bərabərliyi və gender paritetinə doğru beynəlxalq tərəqqi haqqında məlumatlılığı artırmaqdır. Bundan əlavə, gender bərabərsizliyi ilə mübarizə üzrə Aİ-nin təşəbbüsləri onlayn kanallar və tədbirlər vasitəsilə vurğulanacaq.

Salamlama nitqi ilə çıxış edən Aİ-nin Azərbaycandakı Səfiri cənab Peter Michalko bildirib: “Gender bərabərliyinin artırılması daha güclü cəmiyyətə töhfə verir. Buna görə də Avropa İttifaqının sonuncu Gender Bərabərliyi Strategiyası gender əsaslı zorakılığa son qoymaq üçün əsas məqsədləri ehtiva edir; gender stereotiplərinə meydan oxumaq; əmək bazarında gender boşluqlarını aradan qaldırmaq; iqtisadiyyatın müxtəlif sektorlarında bərabər iştiraka, qərarların qəbulunda və siyasətdə gender balansına nail olmaq.”

Gender bərabərliyini təmin etmək məqsədilə Aİ-nın maliyyələşdirdiyi çoxsaylı layihələr Aİ-Azərbaycan tərəfdaşlığı vasitəsilə həyata keçirilmişdir ki, qadın və qızlar onlardan faydalanmışdır. Tədbirdə bir neçə Aİ layihəsinin benefisiarları öz işlərindən bəhs ediblər, uğur qazanmaq üçün faydalı məsləhətlər verərək çətinliklərin öhdəsindən necə gəldikləri barədə danışıblar.

Tədbirin digər maraqlı hissəsi Bakı və regionlardan olan 25 qadın rəssamın əl işlərinin nümayiş olunduğu “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub.

Tədbir çərçivəsində cənab Peter Michalko qadın rəssamları təqdir edərək, qadınların səlahiyyətlərinin gücləndirilməsi və gender stereotiplərinin aradan qaldırılması istiqamətində yorulmadan çalışan benefisiar və tərəfdaşlara təşəkkürünü bildirib. Tədbirin sonunda cənab Səfir bütün qonaqları birgə iftar süfrəsinə dəvət edib.