Skip to main content

Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iştirakı ilə “Nağd Pul və Vauçer Yardımı Üzrə Özünü Dəyərləndirmə” (NPVY) seminarı keçirilib

19/05/2023

18-19 May 2023-cü ildə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti üçün “Nağd Pul və Vauçer Yardımı Üzrə Özünü Dəyərləndirmə” (NPVY) seminarı keçirilmişdir.

Seminarın məqsədi Fəaliyyət Planının (FP) birinci ilində hazırlığın gedişatını nəzərdən keçirmək, bu günə qədər əldə edilmiş bütün nailiyyətləri sənədləşdirmək, AzQAC çərçivəsində NPVY-nın tətbiqi, əsas NPVY hazırlığı sahələrində güclü və zəif tərəfləri müəyyənləşdirmək və yenilənmiş FP çərçivəsində ikinci ilin fəaliyyətlərini prioritetləşdirmək olmuşdur.

AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə seminar iştirakçılarını AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun, rəhbərliyin, könüllülərin və Cəmiyyətin çoxsaylı üzvləri adından salamladı. O, açılış çıxışında IFRC-nin NPVY üzrə fəaliyyətlərin Milli Cəmiyyət üçün diqqətə dəyər bir uğur olduğunu xüsusi vurğuladı.

“Bütün bu illər ərzində geriyə dönüb baxdığımız zaman hansı çətin mərhələlərdən keçdiyimizi görürük. Statistikalara baxdığımız zaman uğurlu sayıla biləcək rəqəmlər görürük. Bu rəqəmlər davamlı gedən prossesin nəticəsidir. Düşünürəm ki, bu proqramın indiyə qədərki uğuru gələcəkdə də davam etdirilməsinə zəmin yaradır”.

IFRC-nin Proqram və Əməliyyatlar üzrə meneceri Sərdar Günel də öz növbəsində layihənin önəmindən və uğurundan söz açıb:

“Bu layihənin önəmini həyata keçirdiyimiz bazar araşdırmasından görürük. Həm ehtiyac sahiblərinin, həm də Milli Cəmiyyətin bu layihədə xeyli dərəcədə məmnunluğunu hiss edirik. Nağd yardımlar digər yardım vasitələrinə nisbətən daha az riskli, daha şəffaf və sürətli həyata keçir. Bu layihə çərçivəsində hədəf qrupumuzda olan ehtiyaclı insanlarla çox rahat şəkildə əlaqə qurduq və xeyli sayda insana yardımlar göstərdik. Layihənin uğurlu olmasını nəzərə alaraq, bu bilikləri daha da genişləndirib Milli Cəmiyyətdə güclü dayanaq yarada bilərik”.

Daha sonra, IFRC-nin NPVY Nümayəndəsi Hanifi Kınacı NPVY haqqında ümumi məlumat verib və Nuranə Qasımzadə ilə birlikdə hazırlıq və nailiyyətlər üzrə birinci ilin icmalı müzakirə edilib.

Seminarda humanitar sahədə fövqəladə hallara, təbii fəlakətlərə və böhranlara cavab üsulu kimi nağd pul və vauçer yardımı (NPVY) təcrübəsinin Milli Cəmiyyətdə yenilənməsinin və qurulmasının vacibliyi, eləcə də  2021-ci ildə Milli Cəmiyyətin maliyyələşdirilməsini təmin etmək üçün regionda səylərin və resursların birləşdirilməsi ilə bağlı müzakirələr aparıldı.

Daha sonra tədbir iştirakçıları Rəhbərliyin öhdəliyi; Proseslər, Sistemlər və Alətlər; Maliyyə, İnsan Resursları və Bacarıqlar; Təsirlənmiş Əhali qarşısında Məsuliyyət, Koordinasiya və Tərəfdaşlıq Sahə; Test etmə, öyrənmə və təkmilləşdirmə sahələri üzrə müvafiq olaraq 5 qrupa bölünərək müzakirələr aparıblar. Yekun olaraq, qrupların təqdimatları dinlənilib və düşüncələri müzakirə edilib.