Rüxsarə Məmmədova və onun Gədəbəydəki Şirniyyat Evi: Sadəcə özünə inan!
Rüxsarə Məmmədova Gədəbəy rayonunun Əmiraslanlı kəndindəndir. İxtisasca ibtidai sinif müəllimi olsa da o heç vaxt məktəbdə işləməyib. Rüxsarə xanım 20 yaşında ailə quraraq, özünü doğmalarına və isti ocağına həsr etmişdir.
10 il öncə Rüxsarə xanımın həyat yoldaşı dünyasını dəyişir və gənc qadın özünü və iki uşağını dolandırmaq məcburiyyəti qarşısında qalır. Tale onu vaxtı ikən ərinin idarə etdiyi kiçik bir ailə işini – çörək sexini canlandırmağa sövq edir.
“Sahibkarlıqla məşğul olacağımı heç vaxt düşünməmişdim. İlk günlər mənə yaman çətin gəlirdi, çünki bu işdən heç başım çıxmırdı”, – Rüxsarə xanım o illəri belə xatırlayır.
Qəhramanımızın qətiyyəti və zəhmətkeşliyi öz bəhrəsini verdi – illər keçdikcə hazırlanan məhsullara olan tələbatın artımı müəssisəyə əlavə işçi qüvvəsini cəlb etməyi labüd etdi. Kiçik biznesinin genişləndirilməsi və şaxələndirilməsi Rüxsarə xanımı tez-tez düşündürsə də, onun buna nə cürəti çatırdı, nə də işini düzgün irəlilətmək üçün bilik və bacarığı. O həm uğursuzluqdan, həm də sərmayə itkisindən qorxurdu.
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi Rüxsarə xanımı bir qədər cəsarətləndirdi. Onu bu layihəyə qoşulmağa həm də Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası ilə əməkdaşlıq təcrübəsi sövq etdi.
Layihə çərçivəsində müxtəlif tədbirlərdə iştirak edərək, Rüxsarə xanımın özünə və öz gücünə inamı artdı. Onun kiçik biznesinin genişləndirilməsi üzrə biznes-planı münsiflər tərəfindən qiymətləndirildi və o öz layihəsini həyata keçirmək üçün qrant aldı. Daha sonra o, layihə çərçivəsində keçirilən müsabiqədə “Sahibkar qadın” nominasiyasında ən yüksək bala layiq görüldü.
“Layihəyə qoşulmağıma çox sevinirəm. Təlimlərdə, tədbirlərdə iştirakım biliklərimi, bacarıqlarımı, ünsiyyət təcrübəmi artırdı. Çoxdan arzulayırdım ki, öz Şirniyyat Evim olsun, amma düzünü desəm, qorxurdum. AMFA-nın işçiləri sağ olsunlar, məni inandırdılar ki, bu işin öhdəsindən mütləq gələ biləcəyəm”, – Rüxsarə xanım vurğulayır.
Artıq bir ilə yaxındır ki, onun “Tasty Sweet House in Gadabay” adlı Şirniyyat Evi müştərilərin xidmətindədir. Bu gün Şirniyyat Evinin çeşidi çox genişdir – burada milli şirniyyatlarla (qoğal, şəkərbura, paxlava, badambura və s.) yanaşı universal desertlər – tortlar, pirojnalar, peçenyelər, bulkalar və digər xəmir məmulatları hazırlanır. Gündəlik tələbata gəldikdə, daha çox qoğal, müxtəlif bulka növləri alınır, ad günlərinə isə ənənəvi olaraq tortlar sifariş edilir.
Gərgin iş rejiminə baxmayaraq, Rüxsarə Məmmədova özünü sahibkar qadın rolunda olduqca rahat hiss edir. “Məncə, hər kəs üçün zəhmətinin bəhrəsini, insanlar tərəfindən bəyənilməsini bilmək çox xoşdur. Bişirdiyimiz şirniyyatlara tələbat isə mənim üçün ən böyük mükafatdır”, – deyərək, o həvəslə biznesindən danışmağa davam edir.
Kiçik biznesinin inkişafından əldə etdiyi gəlir sayəsində qəhrəmanımız həm də öz evini qış fəsli üçün olduqca zəruri olan istilik sistemi ilə təchiz etmişdir. Həmçinin, biznesini genişləndirərək, həmkəndlilərini işlə təmin edə bilmişdir. Belə ki, Şirniyyat Evinin açılmasından ötən bir ildə işçilərin sayı daha 2 nəfər artmışdır.
Rüxsarə Məmmədova patriarxal ənənələrin hələ də güclü olduğu Gədəbəy rayonunda azsaylı sahibkar qadınlardandır. Ancaq buna baxmayaraq, bu gün onun Şirniyyat Evi rayonda kişilərin qurduğu bizneslərlə layiqli rəqabət aparır. Onun çörəkbişirmə və şirniyyat evi bölgədəki üç ən məşhur analoji müəssisələrdən biridir. Rüxsarə xanımın böyük planları var – o hazırladığı məmulatları qonşu rayonlardakı yaşayış məntəqələrinə çıxarmaq arzusundadır.
“Bütün xanımlara özlərinə inanmaq, inkişaf etmək və heç bir şeydən qorxmamağı arzulayıram. Qadınlarımız çox bacarıqlı və istedadlıdırlar, onlara sadəcə dəstək lazımdır ki, imkanlarını aşkar edə bilsinlər”, – Rüxsarə Məmmədova buna əmindir.
“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 83 yeni iş yerinin yaradılmasına nail olmuşdur.