Skip to main content
Photo: European Union

Şərq Tərəfdaşlığı Avropa Məktəbində 2019-2021-ci tədris ilinin yekunlarına həsr olunmuş onlayn tədbir keçirilib

24/06/2021

  • Mobillik və insanlararası əlaqə
  • Gənclər
  • Təhsil və peşə təlimi

Şərq Tərəfdaşlığı Avropa Məktəbində ikinci tədris ilinin yekunlarına həsr olunmuş onlayn buraxılış tədbiri keçirilib.

Yeni Məktəb – Gürcüstan Beynəlxalq Məktəbi tərəfindən təşkil edilən onlayn tədbirdə məktəbin altı Şərq Tərəfdaşlığı ölkəsindən olan məzunları, onların valideynləri və müəllimləri, eləcə də Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkeli, Avropa Komissiyasının Şərq Qonşuluğu proqramının rəhbəri Lourens Meredit, BMT-nin Layihələrə Xidmət üzrə İdarəsinin icraçı direktoru Qrete Faremo və digər yüksək vəzifəli şəxslər iştirak edib. Onlar pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, məktəbi müvəffəqiyyətlə bitirən məzunları təbrik ediblər.     

Məktəbdə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna kimi altı Şərq Tərəfdaşlığı ölkəsindən olan şagirdlər təhsil alır. Bu il məktəbi bitirən 34 məzun (onlardan 24-ü qızdır) “Beynəlxalq Bakalavriat” (IB) Diplom Proqramı üzrə təhsil alıb. Onlar ali təhsillərini Avropa, ABŞ və öz doğma ölkələrindəki universitetlərdə davam etdirəcəklər. Məzunların 30 faizi artıq İspaniya, Niderland, Macarıstan, İtaliya, Belçika, Estoniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə, ABŞ və Kanadada yerləşən məşhur universitetlərdən qismən və tam təqaüdlə oxumağa dəvət olunublar. 

“Bu ilin məzunlarının uğuru bir dözüm və qətiyyət nümunəsidir. Onlayn təhsilə keçməyinizə baxmayaraq, üzləşdiyiniz çətinliklərin öhdəsindən gəlməyi bacardınız. Siz dözüm və ruh yüksəkliyi nümayiş etdirdiniz. Yeni məktəb sizə şəxsiyyət kimi formalaşmağa və daha da müstəqil olmağa kömək etdi”. Bunu diplomların təqdimatı zamanı Avropa Komissiyasının Şərq Qonşuluğu proqramının rəhbəri Lourens Meredit deyib. 

2018-ci ildən etibarən icra olunmağa başlayan bu layihə çərçivəsində altı Şərqi Avropa ölkəsinin müxtəlif şəhərlərindən ümumilikdə 105 tələbə Beynəlxalq Bakalavriat Diplom Proqramı üzrə təhsil almaq üçün Aİ tərəfindən maliyyələşdirilən iki illik təqaüdlə təmin olunub. 2021-ci ilə qədər Şərq Tərəfdaşlığı Avropa Məktəbini 64 şagird bitirib. Onlardan 44-ü qız, 20-si isə oğlandır. Beynəlxalq Bakalavriat dərəcəli diplom onlara iqtisadiyyat, biokimya mühəndisliyi, fizika, sosial elmlər, sənət və mədəniyyət, rabitə və media, beynəlxalq əlaqələr, tibb, hüquq, humanitar elmlər və kompüter texnologiyası kimi sahələrdə karyera qurmalarına imkan verəcək. Daha 40 məktəbli ərizə ilə müraciət, yazılı test və müsahibə vasitəsilə 2021-2023-cü tədris ili üzrə məktəbdə təhsil almaq imkanı qazanacaq.  

Şərq Tərəfdaşlığı Avropa Məktəbi Şərq Qonşuluğu regionunda həyata keçirilən əsas layihələrdən biri olaraq Şərq Tərəfdaşlığının 2020-ci il üzrə 20 praktiki nəticələrindən biridir. Aİ-nin bu təşəbbüsü sayəsində altı ŞT ölkəsindən olan orta məktəb şagirdləri “Beynəlxalq Bakalavriat” (IB) Diplom Proqramı və Avropaşünaslıq üzrə yüksək keyfiyyətli təhsil alırlar. Layihə həmçinin tələbələrin təhsil və məşğulluq imkanlarını genişləndirməsi, əməkdaşlığı, çoxmədəniyyətlilik anlayışını, tolerantlığı, fundamental dəyərləri və Aİ, eləcə də onun regiondakı fəaliyyəti haqqında təsəvvürü təşviq etməyə yönəlib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə Yeni Məktəb – Gürcüstanın Beynəlxalq Məktəbi, Gürcüstan Təhsil və Elm Nazirliyi və Beynəlxalq Bakalavriat Təşkilatı (İB) ilə tərəfdaşlıq çərçivəsində UNOPS tərəfindən həyata keçirilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama