Skip to main content

Pambıqçılıqdan kooperativ biznesə

24/12/2021

Avropa İttifaqı (Aİ) Azərbaycanda regionların və kənd yerlərinin inkişafına dəstək olmaq məqsədilə layihələr həyata keçirməkdədir. Bəzi ailə təsərrüfatları həmin layihələrdən yararlanaraq bizneslərini inkişaf etdirmək imkanı qazanırlar. Belə layihədən dəstək əldə etmiş ailələrdən biri  Ağcabədidə yaşayan Nağıyevlərdir.

Ailə başçısı Orxan Nağıyev 41 yaşındadır. İki övladı olan Orxan bəy ixtisasca iqtisadçı-hüquqşünasdır. O, pambıqçılıqla məşğul olurmuş. Öz biznesini genişləndirmək, fəaliyyət sahəsini şaxələndirmək haqqında əvvəllər düşünsə də, bunları reallaşdırmaq üçün həm qərarsız olub, həm də maddi dəstəyə ehtiyac duyurmuş.

Orxan müştərisi olduğu Turan Bank vasitəsilə Aİ-nin maliyyələşdirdiyi “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” layihəsi barədə məlumat aldıqdan sonra biznes planlarını həyata keçirmək imkanı əldə edib.

Qardaşı, əmisi və əmioğlusu ilə üç gün Bərdə, iki gün isə Şəmkir rayonunda təlimlərə qatılmış Orxan bəy: “Bir neçə günümüzü bu təlimlərə sərf etməli olacaqdıq. Bizə fayda verməzsə vaxt itkisi olacaqdı. Sonra düşündük ki, ən azı nəsə öyrənəcəyik – işimizlə, onu genişləndirməklə bağlı. Yeni ideyalar qazana bilərik. İncəliklərini bilmək işin lazımlı qismidir. Təlimlərə qatılmağımız biznes planlarımızı həyata keçirməkçün bir qapı oldu” – deyir.

Kooperasiya, onun yaradılması, genişləndirilməsi, idarə edilməsi, qazanclarının təkrar yatırım edilməsi yolları və digər mövzularla bağlı praktiki bilgilər qazanan Nağıyevlər təlimlərdən sonra uzun zamandır düşündükləri işləri reallaşdırmaqçün daha da əminlik hiss ediblər.

Layihənin önəminə toxunan Orxan Nağıyev bildirir ki, onlar artıq kooperasiyalarını yaradıblar: “Avropa İttifaqının layihəsindən kooperasiyamız üçün 12 min manat sərmayə kapitalı almağımız işin ən önəmli hissələrindəndir. Kooperasiyamızı dövlət qeydiyyatından keçirmək ərəfəsindəyik və biznesimizin genişlənməsi üçün çalışırıq. Hələ yeni başlamışıq, işlərimizi böyütdükcə daha çox öyrənəcək və qazanacağıq”.

Kooperasiyasının xırdabuynuzlu heyvanların satışını həyata keçirdiyini bildirən sahibkar deyir ki, onların ət satışı dükanları var. Əvvəllər orada yalnız aldıqları xırdabuynuzluların ətini satırmışlar. İndi öz təsərrüfatları hesabına mağazaya ət təminatı edirlər. Planları budur ki, təkcə fəaliyyət göstərdikləri kənddə deyil, başqa kənd və rayonlara doğru fəaliyyətlərini genişləndirsinlər. “Kooperasiya imkan verir ki, öz istehsal etdiyim əti paylayım. Bu daha sərfəlidir. İndi bazardan alaraq payladığımdan çox gəlir götürürəm. Həm də məhsullarımızı qəbul edəcək yeni müəssisələr, obyektlər axtarışındayıq”.

LAYİHƏ HAQQINDA MƏLUMAT

Layihənin adıAzərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi 
Prioritet sektorRegionların və kənd yerlərinin inkişafı
İcra edən tərəfAzərbaycan Mikromaliyyə Assosiasiyası
TərəfdaşKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
İcra müddəti36 ay (01.09.2018 – 28.02.2021)
Avropa İttifaqının büdcəsi464805 Avro
Layihənin əsas məqsədiGəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) İqtisadi Zonalarında sahibkarlıq bacarıqlarını artırmaq, bazar imkanlarını genişləndirmək və maliyyə dəstəyini təmin etməklə öz bizneslərinə başlamaq və onu genişləndirmək üçün kəndli mikrosahibkarların bilik və bacarığını gücləndirmək.
Layihənin icra edildiyi regionlarGəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz və Aran iqtisadi rayonları