Skip to main content
İnamsızlıq

İnamsızlıq, xaos və çaxnaşma. Dezinformasiyanın insanlara təsiri və ona qarşı mübarizə

17/04/2020

  • Kəsişən sahələr
  • Vətəndaş cəmiyyəti
  • Media azadlığı və müstəqilliyi
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları

“Amerikalılar bakterioloji silah hazırlaya bilərlər”, “Gürcüstan bilərəkdən ağcaqanadları xəstəliyə yoluxdurur və Rusiyaya göndərir”, “Gürcü laboratoriyasında kütləvi ölüm halları ilə bağlı məlumatlar yayılıb”. 

Düşünə bilərsiniz ki, bu ifadələr Hollivud istehsalı trillerlərindən götürülüb. Əslində isə onlar Tbilisi yaxınlığında yerləşən Riçard Luqar adına ictimai sağlamlıq tədqiqat mərkəzi barədə Rusiya kütləvi informasiya vasitələrinə məxsus xəbərlərdən bəzi parçalardır. Adı çəkilən laboratoriya Gürcüstan və ABŞ arasında əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Amma mərkəzin fəaliyyəti naməlum səbəblərdən Rusiya tərəfini çox narahat edir və həmin ölkə bu laboratoriyanı dezinformasiya və təbliğat atəşinə tutur.  

“2018-ci ilin sentyabrında dünya ictimaiyyəti Rusiyanın Böyük Britaniyada “Noviçok” adlı əsəb sistemini iflic edən preparatı sınaqdan keçirdiyini müzakirə etdiyi bir dövrdə Rusiya Luqar laboratoriyasında guya ABŞ tərəfindən Rusiyaya qarşı bioloji silahın hazırlandığını iddia edirdi”. Bunu Gürcüstanın medianın inkişafı fondunun tədqiqatçısı Sopo Gelava deyir. 

Google və ya YouTube-un axtarış sətirlərində “luqar laboratoriyası” sözlərini daxil etsəniz, görərsiniz ki, insanları təşvişə salan xəbərlərin çoxu məhz Rusiya KİV-ləri tərəfindən hazırlanmışdır. Bu xəbərlərin əsassız olduğunu və laboratoriyada nə baş verdiyini ictimaiyyətə göstərmək üçün Luqar adına laboratoriya öz qapılarını insanların üzünə açdı.

“Laboratoriyaya Gürcü jurnalistlərindən çox, Rusiya jurnalistləri baş çəkmişdi. Onları laboratoriyanın bütün bina və korpuslarına buraxdılar”, – deyə Gürcüstanın xəstəliklərə nəzarət üzrə milli mərkəzinin direktor müavini Pata İmnadze bildirir.

Mütamadi təşkl olunan açıq qapı günlərinə baxmayaraq, Rusiyanın təbliğatla məşğul olan KİV-ləri fəaliyyət istiqamətini dəyişmədi. Məsələn, Rusiyanın Sputnik xəbər agentliyi laboratoriyada keçirilən “açıq qapı günlərini” etinasız və inamsızcasına təsvir etdi.

Əlbəttə, Rusiya mediasının Luqar adına laboratoriya barədə səsləndirdiyi “səsli-küylü” iddiaların heç biri həqiqəti əks etdirmirdi və onların hamısı səhiyyə sahəsində çalışan mütəxəssislər tərəfindən təkzib olunmuşdu. Lakin istədikləri nəticəni əldə edə bilmişdilər. Belə ki, gürcülərin 20%-i laboratoriyanın epidemiyanın yayılmasına şərait yaratdığına əmin idi. Beləcə post-həqiqət dövründə dezinformasiya işini bax belə görür. 

Dezinformasiya = inamsızlıq, xaos, çaxnaşma

2017-ci ildə Avropa İttifaqı, Rusiyadan qaynaqlanan dezinformasiya ilə mübarizə aparmaq məqsədilə euvsdisinfo.eu resursunu işə saldı. Bu internet səhifəsi üç dildə – ingilis, rus və alman dillərində fəaliyyət göstərir. İnternet səhifəsində (2015-ci ildən etibarən) təxminən 8000 nümunənin toplandığı dezinformasiya məlumat bazası mövcuddur.

Dezinformasiya məlumatlarının yarısı Sovet ittifaqının keçmiş üzvləri olan altı ölkəyə yönəlmişdir. Azərbaycan (31), Ermənistan (80), Moldova (132), Belarus (252), Gürcüstan (345), Ukrayna (3193). Məhz bu ölkələri Rusiya uzun illərdir öz təsir dairəsində saxlamağa çalışır.

Bu ölkələrə qarşı tətbiq olunan dezinformasiya nümunələrinin əksəriyyəti çaxnaşma yaratmağa, daxili siyasi vəziyyəti pozmağa, təhdidə və ya hərbi gərginliyi artırmağa (Ukrayna misalında olduğu kimi) yönəlmişdir. Əksər vaxtı belə xəbərlər sadəcə cəfəngiyyat məzmunlu olur, açıq-aydın həqiqətə uyğun olmur və ya təhrif olunmuş məlumatlar olur. Lakin, bununla onların səmərəsi azalmır.

“Krımın Rusiya tərəfindən ilhaqı və həmin ölkənin Donbasa soxulması zamanı Ukrayna daha böyük dezinformasiya ilə üzləşmişdir. Bunlar media və sosial şəbəkələrdə işə salınan hibrid təbliğat alətləri idi”, – deyə Ukraynanın “Bu gün” saytının siyası təhlilçisi Kristina Zelenyuk nəql edir.

Ermənistanlı media ekspert Samvel Martirosyanın sözlərinə görə, dezinformasiya bazarı çox genişdir və insanları manipulyasiya etmək məqsədilə daima yeni vasitə və alət axtarışında olan yaxşı mütəxəssislər də bu sahədə çalışırlar.

“Hal-hazırda sosial şəbəkələr vasitəsilə bir neçə saat ərzində çaxnaşma yaratmaq mümkündür. Məlumat o qədər tez yayılır ki, insanların onun dezinformasiya olub-olmadığını anlamaq imkanı olmur”, – deyə Martirosyan əlavə edir. 

2020-ci ilin mart ayında Avropa xarici əlaqələr xidməti “Koronavirus haqqında dezinformasiya” adlı xüsusi hesabatını dərc etmişdir. Həmin sənəddə Kreml yönümlü dezinformasiya üçün ayrıca bir bölmə ayrılmışdır.

Təkcə fevral və mart aylarında EUvsDisinfo məlumat bazasında Rusiya yönümlü kütləvi informasiya vasitələrinin koronavirus haqqında yaydığı 110-dan artıq dezinformasiya məlumatı qeydə alınmışdır. Bu nümunələr Kremlin etimadsızlıq və xaos toxumu səpmək, ictimai narahatlığa səbəb olan böhran vəziyyətlərinin və problemlərin dərinləşdirilməsi kimi ənənəvi strategiyasına uyğun idi. Xüsusən Rusiya auditoriyası üçün nəzərdə tutulmuş dezinformasiyada virus təcavüzün xarici forması kimi təsvir edilir və koronavirusun ABŞ, yaxud qərbdə fəaliyyət göstərən gizli laboratoriyaların məhsulu olduğu iddia edilirdi. Beynəlxalq auditoriya üçün nəzərdə tutulmuş dezinformasiya isə virusu öz məqsədlərinə çatmaqda silah kimi istifadə edən “qlobal elitalar” haqqında sui-qəsd nəzəriyyələrinə yönəldilmişdir. 

Şok və ya konspiroloji nəzəriyyələri yayımlayan yalan və manipulyasiya xarakteri daşıyan xəbərlərin çoxluğu tədricən məlumatın qavranılmasını dəyişir. Əvvəlcə insanlar dezinformasiyanı qavramırlar, sonra ona inanmırlar. Sonra isə belə materialların çoxluğu səbəbindən tərəddüd etməyə başlayırlar. Məlumatlar vasitəsilə manipulyasiya etməyə çalışan təşkilat və ölkələr məhz bu məqsədə çatmağa çalışır.

“Dezinformasiya qorxulu təhlükə daşıyır və o təkcə ali təhsili olmayan və ya siyasətlə maraqlanmayanlara toxunmur. Əslində hamı zərbə altındadır”. Belarusda fəaliyyət göstərən “Həmrəylik” saytının baş redaktoru Aleksandr Starikeviç bu fikirdədir.

Tənqidi düşüncə carçıları yalan xəbərlərə qarşı

Hazırki rəqəmsal dünyada xəbər gündəliyinin dəyişmə tezliyi o qədər sürətlidir ki, insanlar hadisələri daha dərindən təhlil etməyə imkan tapmırlar. Bu səbəbdən də yalan xəbərlər və manipulyasiyalar real xəbərlər kimi qavranılır. Dezinformasiyanın deşifrə edilməsi üzərində iş media, saxta məlumatları ifşa edən təşkilatlar, xəbərlər üzrə könüllülərin üzərinə düşür. 

“Bu işə kiçik qrup insanların cəlb olunması kifayət deyil. Onun nəticəsi bütün cəmiyyəti əhatə etməlidir. Biz bütün cəmiyyəti öyrətməliyik”. Samvel Martirosyan belə düşünür. 

Gənclər dezinformasiya ilə mübarizədə effektiv köməkçi rolunu oynaya bilərlər. Gürcüstanın on.ge. onlayn media platformasının rəhbəri Anina Tepnadze belə hesab edir.

Onun fikrincə, gənclər dezinformasiya haqqında daha çox məlumatlıdırlar və daha skeptik mövqeyə sahibdirlər. Buna görə də öz valideyn və qonşularına mıəlumatlardan düzgün istifadə qaydalarını öyrədə bilərlər. 

“Ancaq gənclərin bu işə cəlb olunması üçün onlara bunun “onların problemi deyil”, hər kəsin problemi olduğunu və bunun həqiqətən vacib olduğunu bildirən mesajlar ötürülməlidir. Gənclər də həqiqətin çox yaxşı carçıları ola bilərlər”, – deyə Tepnadze qeyd edir.

Aleksandr Starikeviç dezinformasiyanın insanlar tərəfindən qavranılmasının qarşısını almaq üçün uşaq baxçasından tənqidi düşüncənin öyrədilməsinin vacib olduğunu düşünür.

O, həmçinin həyat haqqında təsəvvürü tam formalaşan insanlarla işləməyin çətin olduğu qənaətindədir. “İnsanların çoxunda belə bir reaksiya olur “niyə siz mənə ağıl öyrədirsiniz, mən özüm hər şeyi bilirəm”. Amma hər zaman auditoriyanın bir hissəsi izahı qavrayır və məhz onlarla işləmək lazımdır”, – deyə Starikeviç əlavə edir.

Dezinformasiya ilə daha radikal mübarizə üsulları var, məsələn qanunvericilik səviyyəsində. Azərbaycanın CBC televiziya kanalının xəbərlər departamentinin rəhbəri Səadət Məmmadova düşünür ki, saxta xəbərlər probleminin aradan qaldırması sahəsində hər hansı beynəlxalq qanunvericiliyin, sənədin və ya nizamnamənin qəbul olunması tələb olunur.

 “Saxta xəbərlər artıq milli təhlükəsizlik məsələsinə, dünyada sabitliyi poza biləcək bir vasitəyə çevrilir və onu təhlükəsizlik kontekstində nəzərdən keçirməyin vaxtı gəlib çatıb”, – deyə Məmmədova israrla bildirir.

 

Blogerlər dezinformasiyaya qarşı

Sosial şəbəkələrin populyarlıq qazanması nəticəsində medianın blogerlər qismində rəqibləri ortaya çıxdı. Onlar da geniş auditoriya toplamağı bacarırlar. Blogerlər dezinformasiyaya qarşı mübarizə aparmaqda köməkçi rolunu oynaya bilərlər. 

“Çox vaxt insanlar blogerlərə, ənənəvi məlumat mənbələrindən daha çox inanırlar. Bu inam dərəcəsini nəzərə alaraq ictimai rəy liderləri ilə birlikdə dezinformasiya və şayiə dalğalarının qarşısını ala bilərlər”, – deyə Samvel Martirosyan fikirlərini bölüşür.

 

Moldovadan olan məşhur bloger Dorin Qalben isə hesab edir ki, sosial şəbəkələr yalan məlumatların “yuvasına” çevrilib və bunu dərhal dayandırmaq lazımdır. “Bizim (blogerlərin – red.) rolumuz mümkün qədər çox insanı əhatə edərək onlara saxta xəbər fenomeni və onun ölkənin və vətəndaşların gələcəyinə təsirləri barədə danışmaqdır”. 

Azərbaycanlı bloger Seymur Kazımov isə ictimai rəy liderlərinin məsuliyyətinə toxunub. O, hesab edir ki, blogerlər saxta məlumatları və dezinformasiyanı təhlil etməli və təkziblər dərc etməlidirlər. 

“Blogerlər dostların, yaxud tanışların və həmin ictimai rəy liderinin oxuduğu saxta nəşrlərin nümunələrini ictimaiyyətə nümayiş etdirməlidirlər. Adətən konkret nümunələr nəzəri nümunələrdən daha yaxşı təsirə malikdir”, – deyə Belaruslu bloger və vətəndaş fəalı Anton Motolko bildirir. O, bir çox məqamlara aydınlıq gətirir. “Birinci və ən vacib məqam özümüzün saxta paylaşım mənbəyinə çevrilməməyimizdir. Belə bir qızıl qayda var: saxta məlumata oxşayırsa, paylaşmayın”.

Gürcüstanlı televiziya aparıcısı və bloger Zura Balançivadze isə xəbər başlıqlarına diqqətlə baxmağı məsləhət görür. O, bu yolla onların saxta olduğunu müəyyənləşdirə biləcəyinizi hesab edir. “Saxta xəbərlərdə adətən sarı başlıqlar olur, yaxud həddindən artıq şişirdilmiş məlumatlar ehtiva edirlər. Həmçinin şübhəli məlumatı oxuduğunuz saytı və həmin resursun hansı növ məzmunları dərc etdiyini təhlil edin”, – deyə bloger əlavə edir.

“Açıq-aydın yalanı görmək asandır, lakin yüngül dərəcəli və faktların qeyd olunduğu yalanı ayırd etmək daha çətindir. Müxtəlif mövzularla bağlı ekspertlərlə məsləhətləşin. Faktları subyektiv fikirlərdən ayırmağı öyrənin. Hər şeyi kor-koranə qəbul etməyin. Hər zaman tərəddüd edin, düşünün və suallar verin”. Ukraynalı teleaparıcı və bloger Roman Vintoniv fikirlərini belə yekunlaşdırır.  

Biz Ermənistan, Azərbaycan, Gürcüstan, Belarus, Moldova və Ukraynadan olan jurnalist və blogerlərdən vətəndaşlara dezinformasiyanın qurbanına çevrilməmək üçün məsləhətlərini paylaşmağı xahiş etdik. Alınan cavablardan manupulyasiya xarakterli məlumatların cənginə keçməməyə kömək edəcək qaydalardan ibarət siyahı tərtib edilmişdir.

  • Hər zaman bir neçə məlumat mənbəyi axtarın. Bunlar həm KİV-lər, həm sosial şəbəkələrdə yazan jurnalistlər, həm də ekspertlər ola bilər. Ancaq mütləq bir neçə mənbə olmalıdır.
  • Az tanınmış saytların məlumatlarına inanmaq düzgün deyil. Həmin məlumatı etibarlı, ciddi və peşəkar xəbər saytlarında axtarın. 
  • Sosial şəbəkələrdə saxta məlumatlara daha çox rast gəlinir. Əksər vaxtlar saxta məlumatlar sosial şəbəkələrdə yeni yaradılmış boş hesablardan, yaxud özlərini tanınmış xəbər saytlarına bənzədən, əslində isə saxta olan mənbələrdən yayılır. 
  • Məlumata əmin deyilsinizsə, onu yaymayın ki, istəmədən dezinformasiya axınının bir hissəsinə çevrilməyəsiniz. 
  • Özünüzə inanın və sağlam düşüncənizə qulaq asın. Düşünən insanları manipulyasiya etmək çox çətindir.

Müəllif: Viktor Kişak