Nəzakət Camalovanın bal dadan hekayəsi
Avropa İttifaqının iki layihəsinin benefisiarı, Balakən rayonu Hənifə kənd sakini, arıçı Nəzakət Camalova bu yaz arzusuna çatdı. İndi onun arıları daşımaq üçün arabası vardı, yəni arılarını “gəzməyə” apara bilərdi. Arıçı olmayanlar soruşa bilərlər ki, arı uçursa, onun arabaya nə ehtiyacı? Arıçılarsa Nəzakət xanımın sevincini nəinki başa düşürlər, hətta ona qibtə də edirlər. Zarafat deyil, bu ildən Camalovlar ailəsi heç kimə ağız açmayacaq, borca-xərcə düşməyəcəkdi. 70-dən çox arı qutusunu qoşquya yükləyib, təbiətin qoynuna daşıyacaqdı…
Dörd il əvvəl Nəzakət həyatının ən çətin qərarlarından birini verəndə ailənin arı qutularının sayı 25-ə çatmırdı.
Hər şey bir günün içində dəyişdi. Ailənin yeganə qazanc mənbəyi, həyat yoldaşı Ədalət qəfil xəstələndi, əməliyyata gedəsi oldu. Həkimlər onun hətta əməliyyatdan sonra, müalicə uğurla nətİcələnərsə belə, bir müddət işləməməli olduğunu deyirdilər. Nəzakət başını tutub nə edəcəyini düşünürdü. Indi o, ailəni saxlamalı, övladlarını ayağa qaldırmalı idi. Onda Emil məktəbli, Qumru tələbə idi. Əllərə çörəyə çatmırdı.
Ömrünün ən acı günündə çıxış yolunu axtaranda Nəzakətin yadına həyətdəki bal arıları düşdü. Qayınatası arı saxlayırdı. Nəzakət hərdən ona kömək etsə də, həmişə gözünün ucu ilə onun arılara necə qulluq etdiyinə baxsa da, özü arı saxlamamışdı. Nəzakət Məhəmməd kişiyə qazanc üçün arı saxlamaq istədiyini deyəndə o, tərəddüd etdi: səhhəti ona ağır arı qutularını daşımağa imkan vermirdi. Amma Nəzakət yükün altına özü girəcəyinə artq qərar vermişdi.
– Maddi çətinlik mənə fərqli düşünməyə məcbur etdi. Bir müddət kənddəki mağazanı icarəyə götürüb işlətdim. İşləyə-işləyə fikirləşirdim ki, elə bir iş tapmalıyam ki, həm evdə olum, evin işlərini görə bilim, həm də pul qazanım. Onda arıçılığı seçdim. İnanırdım ki, arılar məni darda qoyamayacaq.
Həmin gündən dörd il keçib. Ədalət sağalıb, Emil məktəbi bitirib, əsgərliyini çəkib, Qumru isə ali təhsilini başa vurub. Nəzakət xanımsa indi həm də böyük bir arı ailəsinin Anasıdır. Adama elə gəlir ki, Nəzakət xanım arılarla elə öz balası kimi davranır – onları yatızdırır, gəzdirir, çimizdirir, sancmaqlarına dözür və dadından doymur. Özü də bal arısı kimi durmadan çalışır. Vaxt tapan kimi mövsümü işlərə də qoşulur. “Asil” qrupunun üzvü kimi payızda yaxın qonşusu Məlahətə xurma qurutmaqda kömək edir. Heç telefon zənglərinə belə cavab verməyə də vaxtı olmur…
Onu bütün günü aradım. Yalnız axşam qaş qaralandan sonra dəstəyi qaldırdı.
– Deyəsən, arılar başınızı yaman qatıb, – dedim.
Yox, arılar indi yatıblar…
– Yatıblar? Hə, axı axşamdır.
Yox. Arılar bir aydan çoxdur ki, yatırlar. Oktyabrda, havanın temperaturu 14 dərəcədən aşağı düşdümü, onlar da qış yuxusuna gedirlər. Bir də fevralda ayılacaqlar.
– Nə yaxşı, onda işiniz xeyli yüngülləşər.
Yox, arılara il boyu qulluq edirik, yatsalar belə keşiklərini çəkirik. Onların şirin yatmaları üçün şərbətlə bəsləyirik. Hər qutuda 10 kilo şərbət olmalıdır ki, aç qalmasınlar. Arılar pətəkdə bir-birinin üstünə çıxıb klub, topa şəklində yuxuya gedirlər. Fevrala qədər belə olacaq. Fevralda isə biz arını ikinci dəfə yemləyəcəyik, bu təşviq məqsədilə edilir ki, arılar oyansınlar, özləri çiçəklərdən nektar toplasınlar.
– Fevralda?
Hə, fevralda, Balakənin fındıq bağları çiçəkləyəndə. Hər tərəf fındığın sarı tozuna bürünür. İşçi arılar bu zaman boş dayanmamalıdırlar. Pətəyə güləm, yəni bala yemi, daşımalıdırlar ki, arı ailəsi durmadan böyüsün, qoşuna çevrilsin.
– Bir arı qoşununda nə qədər arı olur?
Saysız. Arı ailəsi qoşuna çevriləndə biz də arı qutularını qoşquya yükləyib, dağlara köçürük. Əvvəllər bizim üçün dağa daşınmaq çox ağır idi. Maşını da, qoşqunu da kirayəyə götürürdük. Ötən il Avropa İttifaqının Azərbaycandakı Nümayəndələrinin əməkdaşları ilə görüşümüz oldu. Bizdən ehtiyaclarımızı soruşdular. Dedim ki, qoşqu olarsa, həm işimiz yüngülləşər, həm də xərclərimiz azalar. Çox keçmədi ki, “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi bizə qoşqu verdi. İndi üç dəfəyə bütün qutularımızı dağa daşıyırıq. Dağda bəzən ayyarım, bəzən də iki ay qalırıq.
– Dağda qalmaq asandırmı?
Taxtadan balaca bir evimiz var. İçməli suyu buradan daşıyırıq. Yay ən ağır mövsümdür. Arılar da işləyir, biz də dayanmadan çalışırıq. Dağda olsaq da, isti bizi əldən salır. Təsəvvür edin ki, yayın istisində əlimizdə əlcək, başımızda torlu papaq işləyirik. Bu, o deməkdir ki, bizim üçün havanın hərarəti on dərəcə də artır. Düzdür, mən dağda daha az qalıram, tez-tez evə gəlməli oluram. Dağda, əsasən, yoldaşım və qayınatam qalır. Ağaclar çiçəklərini tökəndə dağdan qayıdırıq. Balı süzməyə başlayırıq.
– Bu, yəqin, ən xoş mərhələdir?
Xoşdur, amma xoş olduğu qədər asan deyil. Balı süzüb qurtardıqdan sonra arıların yavaş-yavaş payıza hazırlanması başlanılır. Arıları çimizdiririk. Əslində, onlara gənəyə görə dərman vururuq ki, gənələr qanadlarını yeməsin. Bunun üçün dərmanlı su hazırlayrıq, onu pətəklərdəki arılara püskürdürük. Arıları bir həftə fasilə ilə iki dəfə çimizdiririk. Bir arı qutusundakı arıları çimizdirilməsi yarım saat şəkir. Sonra payız gəlir, soyuqlar düşür. Arılar yemək və yatmaq istəyirlər. Körpə uşaq kimi. Bu zaman onları qıcıqlandırmaq olmaz, çünki çox aqressiv olurlar. Adamı sancırlar.
– Çoxmu sancıb sizi arılar?
Çox. Amma mənim üçün arıların şirini acılarından çoxdur. Arıları sevməsən, arıçı ola bilməzsən.
– Arıçılıq sizin üçün nə deməkdir?
Arılar, mənim üçün, ilk növbədə, əsəblərimi sakitliyi deməkdir. İkincisi, işimdən hədsiz zövq almaq deməkdir. Üçüncüsü, qazanc, biznesdir. Dördüncüsü isə, şəxsi inkişafım, yeni bacarıqlara yiyələnməyim, Avropa İttifaqının təlimlərindən qazandığım sertifikatlar deməkdir. Arıçılıq mənim üçün bal kimi şirin bir işdir.