Skip to main content

Məlahət Alvasovanın xurma dadlı hekayəsi

XURMANIN ADI ŞİRİN, XURMANIN DADI ŞİRİN

150 kilo meyvə tutan soyuducu, meyvəyuyan aparat, 3 ton meyvəqurudan kamera, nikel örtüklü masalar. Xurma qurutmaq üçün bunlar kifayətdirmi? 

Balakənin Hənifə kəndində yaşayan, on bir qadını birləşdirən “ASİL” kooperativinin rəhbəri Məlahət xanımın hekayəsini dinləyəndə anlayırsan ki, bunlar işin yarısıdır.

Məlahət Alvasova Aİ-nin maliyyə dəstəyi ilə BMT ƏKT-nin həyata keçirdiyi “Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüziv ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsinin benefisiarıdır.

Mən ondan “Xurma necə qurudulur?” –  soruşdum…

Cavab gözlənilməz oldu.

Mən zəhmətkeş bir ailədə doğulmuşam,  evdə, ailədə həmişə çörəyimiz zəhmətlə qazanılan, halal olub. Hec vaxt heç kəsin nə süfrəsində, nə əyin-başında gözümüz olmağa qoymayıb valideyinlərim. Xeyirxahlıq, darda olanın köməyinə catmaq da mənə ailəmdən qalan bir mirasdı.

Ailə qurduqdan sonra da öz zəhmətimizlə ayaqda durmuşuq. Mənim ailə həyatın deyim ki, hec də hamar olmayıb, necə deyərlər xurma kimi, acılı, şirinli.

Bizdə, Balakəndə xurmasız bağ, xurma qurusu olmayan ev yoxdur. Qış xurmasız keçməz. Xurma hər şeyi əvəz edə bilməsə də, xurmanı da heç nə əvəz edə bilmir. Dədə-babadan, ğözümü açandan xurma quruduruq. Əvvəllər odun sobasının üstündə qurudardıq, axır illər istehsala başlayandan sonra makinalarda qurudurduq, bu ildən isə kameralarda. Makinalar 90 kq xurma tutur, kameralar isə 3 ton. 3 ton qabıqsız xurma 4 ton qabıqlı xurma deməkdir. 4 ton xurma isə dənə-dənə yığılan minlərlə bəhərdir. Mənim bir şüarım var – kənddə bir xurma, bir meyvə belə zay olmamalıdır. Xurma dərildimi, tər-təmiz yuyulmalıdır, biz yuyulmuş meyvələri qablara yığırıq. İşin çətini bundan sonra, meyvələri soyanda başlayır. Xurmanı soymasan, quruda bilməzsən.  Amma xurmanı soymaqla da iş bitmir. Ondan da çətini soyulmuş xurmaları ipə düzməkdir. Bu, çox əziyyətli işdir. İp də bıçaq kimi adamın əlini kəsir.  İpə düzüldümü xurmanı qoyuruq kameralara. Kamerada xurma 4 günə də quruya bilər, beş günə də, hərdən daha çox. Bu xurmanın növündən asılıdır. Bax indi  xurma qoymuşuq kameraya, 5 gündür ki, quruyur. Beş gündür ki, gecəmiz-gündüzümüz yoxdur. Kameranı tez-tez açmaq, kameranın temperaturunu, rütubətliliyini ayarlamaq lazım gəlir. Xurma quruyanda yüngülləşir, üstü bərkiyir, içi yumşaq olur. Kameraya qoyulmuş 3 ton xurmadan hərdən min, hərdən səkkiiz yüz kq meyvə qurusu cıxır.

Xurmanın əziyyəti çoxdur. Xurmanın adı şirindir. Elə dadı da şirindir. Xurma bizə nə qədər əziyyət versə də, mən xurmadan doymuram. Bizim kooperativdə işləyən qadınlar evə özləri ilə bir tikə çörəklə yanaşı, həm də xurma aparırlar.

Mənim bu işi qurmaqda ən böyük məqsədim kasıb ailələrə, qadınlara dəstək olmaq idi. Həmişə istəmişəm ki, qadınlar ailədə ərlərinə möhtac olmasınlar, ailə büdcəsində onların da payı olsun, belə olanda qadının ailədə söz haqqı da olur.

İndi də sizə qurduğum “Asil” kooperativinin yaranmasından danışım. 2019-cu ildə Azərbaycan Kənd Qadınları Assosasiyasından qadın inkişaf və müssisə qrupu yaratmaq üçün bir təklif gəldi. Bu təklifi dəyərləndirərək kənddən on bir qadın bir araya toplandıq və  “Aşıq Sənəm” Qadın İnkişaf və Müəssisə Qrupu yaratdıq. İlk yarananda bu qrupla biz gələcəyimizin necə olacağını bilməyən, hər şeyə tərəddüdlə yanaşan, kövrək addımlı bir qrup idik. Hər həftə birimizin evində iclas kecirirdik, biri- birimizi daha yaxından tanıyırdıq və tanıdıqca bir – birimizə qarşı güvənimiz artırdı. Həmişə inanırdıq ki,  bu qrupun sonunda nə durursa dursun, bizə qalan bu on bir qadının dostluğu olacaq. Zaman kecdikcə gördük ki, arxamızda dayanan Azərbaycan Kənd Qadınları Assosasiyası cox güclü bir qüvvədir. Azərbaycan Kənd Qadınları Assosasiyası bizi müxtəlif layihələrlə tanış etdi və biz öz gücümüzə inandıq. Bununla da gücləndik, ayaqlarımızı yerə möhkəm basmağa başladıq. Artıq biz qrup olmaqla kifayətlənmədik, kooperativ yaratdıq. On bir qadından ibarət “ASİL” İstehsal-istehlak Qadın Kooperativi. Biz artıq quru meyvəni kiloqramla deyil, tonla satırıq.  Artıq kənddən əlavə işçi qüvvəsi də cəlb edirik, kənddəki  işsiz qadınları işlə təmin edirik. Qadınlara öz ayaqları üstündə durmağı öyrədirik, insanlara kömək etmək hissim hər zaman hər şeyə üstün gəlir. Həmişə kiminsə köməyinə tələsmişəm, II Qarabağ döyüşləri zamanı kənddəki övladları döyüşdə olan anaların yanında olmuşam, onlarla aglamışam, Allaha dua etmişəm ki, obama şəhid, qazi girməsin, pandemiya zamanı imkansız ailələrə əlimdən gələn yardımı etməyə calışmışam.  

 İndi  “ASİL” Qadın Kooperativində birləşən 11 nəfər qadınıq. Öz ayaqları üstündə dura bilən, hər yerdə sözü kecən. İndi biz təkcə xurma qurutmaqla məşgul olmuruq. Bu mövsümi işdir. İlboyu arıçılıqla, fındıqçılıqla, heyvandarlıqla, xalçaçılıqla də məşğul oluruq. 

…Xurma mövsümü bitir. Özümə söz vermişəm ki, yaza qədər işləməyəcəyəm. Amma qışda, yəqin ki, xalça toxuyacağam. Kiçik suvenir xalçalar toxucayağam. Xəyallarımda hər zaman xalça toxusam da, əsl xalça toxumağı ABAD -da öyrənmişəm. Xalça toxuya-toxuya qışı yola salacağıq. Sonra yenə yaz gələcək, yayın əvvəlində tut yetişəcək, sonra alça, sonra qara gavalı, sonra əncir. Mən yenə də: “Kənddə bir meyvə də zay olmasın”, – deyəcəyəm. Növbə ilə bütün meyvələri qurudacağıq. Əncirlər qurudumu, yenə xurma yetişəcək… O vaxta qədər bizə Avropa İttifaqının layihəsindən hələ yeni avadanlıq da veriləcək. Nə isə… Bizim işimiz heç zaman bitməyəcək. Biz beləcə heç vaxt istirahət etməyəcəyik…