Skip to main content

Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvinninq Layihəsinə start verilmişdir.

29/09/2022

Aİ-nin “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi (Mərhələ 2)” Tvinninq Layihəsi 21 sentyabr 2022-ci il tarixində Bakıda keçirilən rəsmi açılış konfransında uğurla fəaliyyətə başlamışdır.

Layihə Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (ITSDA) tərəfindən Litvanın Milli Tibbi Sığorta Fondu (NHİF) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihəyə 2022-ci ilin iyun ayında start verilmişdir və 24 ay müddətində fəaliyyət göstərəcəkdir.

Layihənin əsas məqsədi səhiyyə xidmətlərinin keyfiyyətinin, bərabərliyinin, səmərəliliyinin və əlçatanlığının artırılmasında Azərbaycan Hökumətinə dəstək verməklə Azərbaycanda milli səhiyyə sektorunun dayanıqlılığının gücləndirilməsinə töhfə verməkdir.

Açılış konfransı yeni tikilmiş “Yeni Klinika” klinikasında keçirilmişdir. Tədbirdə 70 iştirakçı, o cümlədən Azərbaycan və Litvanın Səhiyyə nazirlikləri, ITSDA, NHIF və Azərbaycanın bir sıra səhiyyə sektoru qurumlarının nümayəndələri, eləcə də beynəlxalq inkişaf tərəfdaşları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə ITSDA-nin sədri cənab Zaur Əliyev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri cənab Viktor Bojkov açdılar.

Layihə Rəhbəri və NHIF direktoru cənab Gintaras KACEVICIUS və eləcə də Üzv Dövlət, həm də Benefisiar tərəfdən Komponent Rəhbərləri layihənin gözlənilən nəticə və məqsədlərini təqdim etdilər.

ITSDA-nin sədri cənab Zaur Əliyev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri cənab Viktor Bojkov mətbuat üçün brifinq keçirdilər.

Cənab Zaur Əliyev dedi:

Avropa İttifaqı ilə Agentlik arasında səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. 2019-cu ildə biz Avropa İttifaqının dəstəyi ilə 2017-2019-cu illərdə icra olunan tvininq layihəsinin birinci mərhələsini başa çatdırdıq. Əminliklə deyə bilərəm ki, islahatların uğurla nəticələnməsini şərtləndirən amillərdən biri də inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Sevindirici haldır ki, Avropa İttifaqı Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlara dəstək verən beynəlxalq təşkilatlardan biridir. Əminəm ki, layihə çərçivəsində Avropa İttifaqına üzv olan ölkələrin bu sahədə ən yaxşı təcrübələri öyrənilərək ölkəmizdə tətbiq olunacaq”.

Cənab Viktor Bojkov dedi:

“İnsanların sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün qarşıda duran bir sıra qlobal problemlər aradan qaldırılmalıdır. Əsas problemlərdən  biri səhiyyə sisteminin maliyyə dayanıqlılığının təmin olunmasıdır. Bu gün səhiyyə sistemləri demoqrafik dəyişikliklərə, tibbi xidmətlərə artan tələbata uyğunlaşdırılmalı və səhiyyə sahəsində innovativ  texnologiyalar ən yaxşı formada tətbiq edilməlidir. Səhiyyə islahatları hər kəsin yüksək keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməli, səhiyyənin effektivliyini və maliyyə dayanıqlılığını təmin etməlidir. Bu layihə Azərbaycanla möhkəm tərəfdaşlıq münasibətləri əsasında icra olunur və ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına xidmət edir. Beləliklə də, biz Avropa təcrübəsini Azərbaycan səhiyyəsinə gətirməklə, ölkədə bu sektorun təkmilləşdirilməsini təmin edəcəyik”.

Tvinninq Layihəsi İcbari Tibbi Sığorta (İTS) sisteminin təkmilləşdirilməsi istiqamətində insanlara keyfiyyətli tibbi xidmət göstərmək istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) səylərini dəstəkləyəcəkdir. Avropa İttifaqının dəstəyi dörd istiqamət üzrə strukturlaşdırılmışdır: hüquqi və institusional bazaların gücləndirilməsi, maliyyə idarəçiliyi və risklərin idarə edilməsi, proqnozlaşdırma metodları və İnformasiya Texnologiyalarının əsasları. Aİ ilə Azərbaycan arasında səhiyyə sahəsində intensiv və səmərəli əməkdaşlığı tərəfdaşların qürur duyduğu tarixə malikdir. 2017-2019-cu illərdə davam edən “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” adlı tvinninq layihəsi tvinninqin “uğur hekayə”lərindən biri kimi qiymətləndirilmiş və Aİ tərəfindən layihənin davam etdirilməsi təmin edilmişdir. Layihənin 2-ci mərhələsi Azərbaycanın davamlı səhiyyə sisteminin inkişafında gələcək irəliləyişlərə, bununla da, Aİ ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və dərinləşməsinə imkan yaradır.