Skip to main content

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” adlı Tvinninq layihəsinin Açılış tədbiri

02/11/2022

Layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin və Avropa İttifaqı üzv dövlətlərinin tərəfdaş qurumları olan Finlandiya, Litva və Fransanın birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihənin aparıcı Üzv Dövləti Finlandiya Meteorologiya İnstitutu, Litva Hidrometeorologiya Xidməti, Litva Respublikasının Ətraf Mühit Nazirliyi yanında Ətraf Mühit üzrə Layihələrinin İdarə Edilməsi Agentliyi və Fransanın su üzrə Beynəlxalq İdarəsi ilə əməkdaşlıq edir. Layihənin icrasına 1 sentyabr 2022-ci ildə başlanılıb və 24 ay müddətində həyata keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycanın, onun əhalisinin və iqtisadi sektorlarının iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə davamlılığının və uyğunlaşma qabiliyyətinin artırılmasına dəstək və Milli Hidrometeorologiya Xidmətinin (MHX) xidmət göstərmə qabiliyyətinin milli ehtiyacları ödəmək üçün beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsindən ibarətdir.

Tədbirdə 70-dən çox iştirakçı, o cümlədən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndələri, Avropa İttifaqının, Fransa və Litvanın səfirləri, Azərbaycanın bir sıra özəl sektoruna aid olan şirkətləri, eləcə də beynəlxalq inkişaf üzrə tərəfdaşları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri cənab Peter Mixalko və Finlandiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Ticarət üzrə müavini xanım Nina Vaskunlahtini tərəfindən açıq elan edildi.

“Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli münasibətləri müəyyən edəcək ikitərəfli Sazişdə ətraf mühit məsələləri mühüm yer tutur”, – bunu ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayev deyib. Nazir bildirib ki, ölkəmiz üçün ətraf mühitin mühafizəsi, ətraf mühitə təsirin qiymətləndirilməsi, su ehtiyatlarının və tullantıların idarə olunması, ekoloji təhsil və təlim, davamlı meşə idarəçiliyi, ətraf mühitə dair məlumatların ictimaiyyətə çatdırılması, hava keyfiyyətinin yaxşılaşdırılması, bioloji müxtəlifliyin qorunması kimi məsələlər prioritet hesab olunur.

“Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində həyata keçirilən regional layihələrdə də fəal iştirak edir. Ümümdünya Meteorologiya Təşkilatının yaydığı məlumata əsasən iqlimin sürətlə dəyişməsi nəticəsində dünyada təbii fəlakətlərin sayi və intensivliyi artmaqdadır. Planetimizin elə bir regionu yoxdur ki, təbii fəlakətlərlə üzləşməsin, misal üçün Pakistanın 1/3 hissəsində su altında qalan əhali böyük itkilərlə bu faciənin təsiri altındadır. Bu yaxında Amerikada baş verən Yan fırtınası, Fransada dağıntilara səbəb olan atmosfer hadisəsi bir daha göstərdi ki, heç bir iqtisadiyyat iqlim böhranından sığortalı deyil. Təbii ki, belə proseslərin qarşısını almaq mümkün deyil. Lakin vaxtında verilmiş dəqiq proqnoz və xəbərdarlıqlar baş verə biləcək mənfi fəsadları azaldmaq, insanların həyatını xilas etmək mümkün edir. Bu səbəbdən bütün dünyada milli proqnoz qurumlarının potensialının artırılması ölkələrin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Biz Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən ölkələrə göstərilən dəstəyi yüksək qiymətləndirir, qurumla işguzar əməkdaşlığımızı davam etdiririk”, -nazir qeyd edib.

“Bu Tvinninq layihəsi Avropa İttifaqı ilə Azərbaycan arasında güclü tərəfdaşlığın daha bir nümunəsidir. Hidrometeorologiya və iqlim sahəsindəki xidmətlər vətəndaşların gündəlik həyatı və iqtisadiyyatın ehtiyacları ilə bağlı mühüm alətlərdir və eyni zamanda, Aİ siyasətinin prioritetləri və onun xarici fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edən iqlim dəyişikliyi ilə mübarizə məsələsində əsas rol oynayır. 2019-cu ilin dekabr ayında Avropa İttifaqı liderləri 2050- ci ilə qədər Avropa İttifaqında iqlim neytrallığına nail olmaq barədə razılığa gəliblər. Bu o deməkdir ki, bu tarixə qədər istixana qazı emissiyalarımızı kəskin şəkildə azaldacağıq və xalis sıfır emissiya balansına nail olmaq üçün qaçınılmaz emissiyaları kompensasiya etməyin yollarını tapacağıq. Biz iqlim neytrallığına keçidi həm də iqtisadi artım, iş yerləri və texnoloji inkişaf baxımından bir fürsət kimi görürük. Biz yalnız tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyinin öhdəsindən gələ bilərik. Mən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ətraf mühit və iqlim dəyişikliyinin qarşısının alınması sahəsində Avropa İttifaqının əsas tərəfdaşı olduğuna görə təşəkkür etmək istəyirəm”.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri cənab Peter Mixalko.